AZE | RUS | ENG |

İkili “casus oyunu” Ermənistan hakimiyyətinə nə vəd edir?

İkili “casus oyunu” Ermənistan hakimiyyətinə nə vəd edir?
Politoloqların fikrincə, bu günkü görüşdə Paşinyan Putinin çox ağır və mürəkkəb suallarına cavab tapmalı olacaq

Rusiya-Ermənistan hökumət rəhbərlərinin görüşü ərəfəsində hər iki ölkədə gərginlik davam etməkdədir. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiya prosesləri sükutla qarşılasa da, baş nazir Paşinyanın həyata keçirdiyi xarici siyasət, kadr dəyişikliyi və həbslər Kremli narahat etməyə başladı. Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun və RF prezidentinin köməkçisi Yuri Uşakovun Paşinyanın Rusiyaya çağırılması ilə bağlı fikirləri bu görüşün heç də Paşinyan üçün asan olmayacağını deməyə əsas verir. Bəs görəsən Rusiya ilə Ermənistan arasında yaranmış gərginlik fonunda Putin-Paşinyan görüşü nə ilə nəticələnəcək?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, erməni və rus mətbuatı bu səfərə xüsusi yer ayırmaqdadır: "Hər iki tərəf bir mövqedən çıxış edir. Bu da ondan ibarətdir ki, Paşinyan-Putin görüşü çox qəliz və mürəkkəb bir görüş olacaq. Daha çox Paşinyan müdafiə mövqeyində dayanıb, Putinin çox ağır və mürəkkəb suallarına cavab tapmalı olacaq. Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Rusiya strateji tərəfdaşlıq münasibətləri artıq öz məhvərindən çıxmaqdadır. Paşinyan eyni vaxtda iki "stul”da əyləşmək siyasətini həyata keçirir. Bir yandan Rusiya Ermənistanın müttəfiqidir deyir, digər tərəfdən isə Rusiyaya qarşı davamlı sanksiyalar tətbiq edən ölkələrlə daha sıx əməkdaşlıq xəttini həyata keçirir”.
Millət vəkili qeyd etdi ki, Paşiyanın atdığı bir sıra addımlar rəsmi Moskvanın çox ciddi qəzəbinə səbəb olub: "Bu da ilk növbədə onun kadr siyasəti ilə bağlıdır və hiddətlə qarşılanmaqdadır. Çünki Paşinyan nazir kürsüsünə o şəxsləri əyləşdirir ki, onlar anti-Rusiya mövqeyi ilə kifayət qədər tanınıblar. Misal üçün, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan anti-Rusiya mövqeyi ilə olduqca populyardır. Hətta Rusiya tərəfi ciddi-cəhdlə onun bu vəzifədən getməsində marağını gizlətmir. Ən azından o səbəbdən ki, bu şəxsin tutduğu vəzifə hərbi, təhlükəsizlik sirlərinə malik olmasını şərtləndirir. O isə bu sirləri Rusiyanın mənafelərinə zidd olan dövlətlərə ötürə bilər.
Eyni zamanda Dövlət Əmlakına Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan da Rusiyanın qəzəbinə tuş gələn insanlardandır. Bu şəxs də anti-Rusiya bəyanatları ilə kifayət qədər tanınıb. Həmçinin yeni mədəniyyət nazirinin də Rusiya əleyhinə mövqeyi hər kəsə bəllidir. Hətta bu şəxs Ermənistanda rus dilinin tamamilə dayandırılmasını, əvəzində ingilis dilinin tədris olunmasını bəyan edib. Rusiyanı ən çox hiddətləndirən məsələlərdən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Xaçaturovun həbsi və ona cinayət işinin açılması oldu. Düzdür, Paşinyan həbsi ləğv etdi, amma cinayət işi davam etdirilir. Rusiya bunu təşkilatın imicinə zərbə kimi dəyərləndirdi. Paşinyan özfəaliyyətlə məşğuldur, Rusiya və KTMT-nin digər üzvləri ilə razılaşmadan özbaşına belə bir addım atdı. Təsadüfi deyil ki, bu reallıqlar fonunda Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Koçaryanı ad günü münasibətilə təbrik edir. Bunun ardınca isə Koçaryan bəyan edir ki, artıq siyasi fəaliyyətə başlayır və keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın indiki hakimiyyətinin yeritdiyi siyasət, xüsusilə xarici siyasət Rusiyada çox böyük qəzəbə səbəb olub. Eyni zamanda Rusiya mətbuatı yazır ki, bu gün Ermənistan hökumətinin fəaliyyəti daha çox ABŞ-ın bu ölkədəki səfirliyindən idarə olunur. ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz daha çox qəbul edilən və hörmətlə qarşılanan bir şəxsdir”.
E.Nəsirovun sözlərinə görə, Paşinyanın qeyri-səmimi siyasəti Kremldə çox böyük təşvişə və narahatlığa səbəb olub: "Bu səbəbdən də 8 sentyabr tarixində Putin-Paşinyan danışıqları çox qəliz və mürəkkəb danışıqlar olacaq. Bu görüşdə bir sualın cavabı tapılacaq. Ya Paşinyan bundan nəticə çıxarmalı və Rusiyaya münasibətdə sələflərinin siyasətini davam etdirməlidir, ya da ki, o, "Ermənistan müstəqil dövlətdir və onun kiminlə hansı münasibəti qurması suveren hüququdur” deyib, fərqli bir siyasət həyata keçirməlidir. Hesab edirəm ki, ikinci hal baş verərsə, bu artıq Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması deməkdir. Belə olan təqdirdə, Ermənistanı hansı təzyiqlər gözləyəcəyi bəllidir. Hətta bu, Paşinyanın siyasi hakimiyyətinin sonunun başlanğıcı ola bilər”.
Politoloq Vasif Əfəndiyev bildirdi ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bu görüşdə açıq və ciddi danışıqların olacağını qeyd edib: "Əslində bu bəyanat Paşinyana yönəlmiş xəbərdarlıqdır və "açıq və ciddi danışıqlar” termininin işlədilməsi Ermənistanın Rusiyaya qarşı mövqeyinin dəqiqləşdirilməsi tələbidir”.
V.Əfəndiyev vurğuladı ki, Ermənistanda baş vermiş siyasi hakimiyyət dəyişikliyi Rusiyanın gözləmədiyi və nəzarət edə bilmədiyi bir proses idi: "Hadisələrin arxasınca sürünən Rusiya revanş götürmək niyyətindədir. İndiyə qədər Putin Paşinyanla iki dəfə görüşüb, 3 dəfə telefon danışıqları aparıb. Göründüyü kimi, bu görüşlərin konkret nəticələri olmayıb və Paşinyan Rusiya qarşısında "Qarabağ klanı” dövründəki güzəştləri təkrarlamaq niyyətində deyil. Meydanlarda erməni xalqına gen-bol vədlər verən Paşinyan korrupsioner "Qarabağ klanı” tərəfindən ciddi maneəyə rast gəlib. Bu klanın Putin tərəfindən idarə olunduğu da sirr deyil. Görünür, Putin Rusiya yönümlü olmayan bir iqtidara iqtisadi dəstək vermək niyyətində deyil.
Bəzi ekspertlər bu görüşün baş verməsini Paşinyanın istəyi kimi qələmə versələr də, gerçəkdə danışıqların davam etməsini tələb edən tərəf Rusiyadır. Bu görüşdən Paşinyanın da istəkləri var. Bu ilin əvvəlindən torpaqlarımızın işğaldan azad olunması istiqamətində ciddi irəliləyişlərin olduğu göz qabağındadır. Bu günlərdə türk dövlət başçılarının görüşündə prezident İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın və türk dünyasının ağsaqqalı adını almış Nursultan Nazrabayevin prinsipial mövqeyi Rusiya və Ermənistan siyasi hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub. MDB dövlətləri tərəfindən Rusiya və Ermənistandan Qarabağla bağlı "ciddi və açıq mövqe”nin ortaya qoyulmasının tələb olunacağı gün uzaqda deyil”.
 
Bəxtiyar MƏMMƏDLİ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN