AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İki yol qəzasında bir nəfər öldü, 7 nəfər isə yaralandı

İki yol qəzasında bir nəfər öldü, 7 nəfər isə yaralandı

Kriminal
12 Avqust 2013, 15:29 1098
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, bir nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən qəza Ələt – Astara magistralının 190-cı kilometrliyində, rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini Maqsud Kəkül oğlu Rəcəbovun idarə etdiyi,10 BP 561 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı minik avtomobil ilə Lənkəran şəhər sakini İlham Sərhədağa oğlu Mərəyevin idarə etdiyi 90 VO 748 dövlət nömrə nişanlı “Mercedes CL” markalı avtomobil toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil iki hissəyə bölünüb. “Mercedes CL” isə yoldan çıxaraq, kənarda olan çinar ağacına çırpılıb.

Qəza nəticəsində “VAZ – 2106”nın sürücüsü Maqsud Rəcəbov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər, Telman Böyükağa oğlu Məcidov, Elvin Rasim oğlu İmanzadə, Aslan Seydulla oğlu Məlikov, eləcə də “Mercedes CL” markalı avtomobilin sərnişinləri, sürücünün oğlu İlkin Mərəyev, qızı Ülkər Mərəyeva və həyat yoldaşı İradə Səxavət qızı Mərəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, qəza baş verən zaman magistral yolda nəqliyyatın hərəkətində qismən məhdudiyyət yaranıb.

Digər bir qəza isə elə həmin gün saat 19:00 radələrində Lənkəran-Lerik şosesinin 2-ci kilometrliyində, yolun Lənkəran Beynəlxalq Hava Limanı ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Kərgəlan kənd sakini, İqbal Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil rayonun Şağlakücə kənd sakini, Bəylər Fərəcovun idarə etdiyi “KİA Cerato” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Sonra hər iki avtomobil yolda hərəkətsiz dayanmış Lənkəran şəhər sakini Adil Məmmədova məxsus “Qazel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində hər üç avtomobil zədələnib, həmçinin ağır bədən xəsarəti alan “VAZ-2106”nın sürücüsü İqbal Əliyev Lənkəran Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.