• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

İki təkər üzərində titullara doğru - Portret

04.03.17 11:00 1949
İki təkər üzərində titullara doğru - Portret
Azərbaycan idman ölkəsidir. Buna əmin olmaq üçün ölkəmizin son illərdə beynəlxalq yarışlarda əldə etdiyi nəticələrə baxmaq kifayətdir. Ancaq Azərbaycanda idman deyiləndə ilk olaraq güləş, boks, cüdo və s. kimi növlər yada düşür. Lakin son illərdə ölkəmizdə digər idman növləri də inkişaf etməkdədir. Düzdür, bu idman növlərində yarışan idmançılarımız olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında hələ medal qazanmayıblar. Ancaq ölkəmiz üçün ənənəvi olmayan bu idman növlərində yerli gənclərin görünməsi xoş təəssürat yaradır.

Ölkəmizdə son illər inkişafda olan idman növlərindən biri də, velosiped idmanıdır. Bu idman növündə hələ ki, ciddi uğurlarımız olmasa da, yetişməkdə olan gənc nəsil gələcək üçün ümid vəd edir. Belə gənclərdən biri də Validə Cabbarovadır. Bu yazıda sizə ölkəmizin velosiped idmanının gələcək ümidlərindən olan Validə Cabbarovadan bəhs edəcəyik.
Velosipedlə tanışlıq

Validə 2001-ci il, yanvarın 30-da Bakıda dünyaya gəlib. Onun velosiped idmanı ilə tanışlığı 14 yaşına təsadüf edib. Bəli, idman üçün gec sayıla biləcək yaşdır. Ancaq onun "iki təkərli” ilə tanışlığı heç də 14 yaşına təsadüf etməyib. Belə ki, hələ kiçik yaşlarından bu nəqliyyat vasitəsinin həvəskarı olan Validə, tez-tez oxuduğu məktəbin yanında olan 8 saylı olimpiya məktəbindən velosiped icarəyə götürərək sürürdü. Validənin boş vaxt taparaq, yenə velosiped sürmək üçün olimpiya məktəbinə üz tutduğu günlərdən birində məktəbin müəllimi Əbülfəz Məmmədov onun həyatını dəyişdirəcək təklif edir. Onda perspektiv görən məşqçi belə istedadı əldən buraxmaq istəmir və ona "gəl velosiped idmanı ilə məşğul ol” təklifini edir. Cabbarovanın məşqçiyə cavabı çox gecikmir. Evdəkilərin razılığını alan Validə müəllimə müsbət cavab verir. Beləliklə, bundan sonra ikitəkərli nəqliyyat vasitəsi Validə üçün sadəcə, asudə vaxtını keçirmək üçün əyləncə vasitəsi yox, gərgin məşqlərdə yoldaşı olur.
Gərgin məşqlər, uğurlu debüt

Validə velosipedə nə qədər həvəsli olsa da, çox çəkmir ki, bu ikitəkərli dəmir alətin sükanı arxasına həvəskar kimi oturmaqla idmançı kimi oturmağın fərqini anlayır.

"Əvvəllər rahat idi, ancaq sonradan məşqlər çətinləşməyə başladı. Lakin gərgin məşqlərə dözdüm. Təxminən 4-5 ay sonra ilk yarışıma çıxdım və Azərbaycan çempionu oldum”.

Validənin özünün dediyi kimi, ilk günlər onun üçün bir qədər rahat keçsə də, tədricən ağırlaşan məşqlər çətinlik yaradır. Ancaq o, bir dəfə qərarını vermişdi və bu yola davam etməli idi. Edir də. 4-5 aylıq məşqlərdən sonra Cabbarova yarışlara qatılmağa başlayır. Elə ilk yarışındaca Əbülfəz bəyin səhv etmədiyini sübut edir. O, ilk yarışını fəxri kürsünün birinci pilləsində başa vurur. Debütant üçün pis nəticə deyil...

Validə debütdə gələn uğurdan rahatlaşmır və öz üzərində çalışmağa davam edir. Dayanmadan, saatlarla çəkən məşqlərin bəhrəsini yarışlarda alır. Cabbarova son illərdə ölkədaxili yarışlarda dəfələrlə mükafatçılar sırasına düşüb. Cəmi 2 ildən bir qədər artıq zamandır velosiped idmanı ilə məşğul olan 16 yaşlı gəncin aktivində iki Azərbaycan çempionluğu var. O, Oğuz və İsmayıllıda keçirilən yarışları fəxri kürsünün birinci pilləsində başa vurub.
Topu sükana dəyişdi

Validənin idmanla məşğul olmasına ailədə heç kim etiraz etmədi. Əksinə, özünün sözlərinə görə, ailəsi ona tam dəstək verib. Əslində isə velosiped idmanı Validənin məşğul olduğu ilk idman növü deyildi. Gənc idmançı velosiped sükanından öncə topla tanış olmuşdu. Kiçik yaşlarından futbola marağı olan Validə bir müddət bu idman növü ilə məşğul da olub. O, təhsil aldığı 29 saylı orta məktəbin komandasında çıxış edirdi. Müdafiədə çıxış edən Validə məktəbin komandasının heyətində "Coca Cola” turnirinin iştirakçısı olub. Ancaq onun futbolçu kimi karyerası uzun çəkməyib. Velosipedə olan maraq futbolu üstələyib və o, topu sükana dəyişib.

Validə futbolu atsa da, bu idman növünə olan marağı tükənməyib. O, hələ də vaxt tapdıqca oyunları izləyir. Gənc idmançı Azərbaycanda "Qarabağ”, dünyada isə "Barselona”ya azarkeşlik edir. Onun sevimli futbolçusu isə Lionel Messidir.

Hər bir idmançının təmsil etdiyi sahədə örnək götürdüyü, bənzəmək istədiyi şəxs, kumir olur. Validədə də həmçinin. Gənc velosipedçi futbolçu karyerasını davam etdirsəydi, çox güman ki özünə kumir kimi elə məhz "Barsa”nın argentinalı ulduzu Messini seçərdi. Ancaq futbolu velosiped idmanı əvəz etdiyi kimi, Messini də holland Mariana Vos və britaniyalı Kris Frum əvəz edib. Bu iki idmançı Validənin idmandakı əsas kumirləridir.
Detektiv janrın həvəskarı

Velosiped həm də, nəqliyyat vasitəsidir. Bir çox ölkədə bu ikitəkərli dəmir alətdən nəqliyyat vasitəsi kimi də istifadə edirlər. Ancaq Validə məşqlərdən kənarda velosipeddən bir qədər uzaq olmağa çalışır. O, gərgin məşqlərin çətin olduğunu desə də, bundan narazılıq da etmir: "Əsas çətinlik məşqlərlə bağlı olur. Elə olur ki, gündə iki dəfə məşq edirik. Ancaq buna baxmayaraq, məşqləri həvəslə davam etdirirəm. Məşqlərdən kənarda isə velosipeddən istifadə etmirəm. Çünki məşq zamanı çox yorulduğumdan, bundan sonrakı vaxtımı fərqli keçirməyə üstünlük verirəm”.
Validə perspektivli idmançı olmaqla yanaşı, həm də asudə vaxtını səmərəli dəyərləndirə bilən gəncdir. O, boş vaxtlarında daha çox kitab oxumağı, şəkil çəkməyi xoşlayır. Kitabdan söz düşmüşkən, Validə detektiv əsərləri oxumağı sevir. Onun detektiv sevgisi film zövqünə də təsir edib. Özünün dediyinə görə, filmlərə baxarkən də, məhz bu janra üstünlük verir. Validənin hobbilərindən biri də şəkil çəkməkdir.
"Təhsili yox, idmanı seçdim”

Nə qədər universal olursan ol, idmanla təhsili bir arada davam etdirməkdə çətinlik çəkəcəksən. Müəyyən yaşa qədər bu ikisinə paralel diqqət ayırsan belə, vaxt gələcək, seçim etməli olacaqsan - təhsil, yoxsa idman? Demək olar, bütün idmançılar bu seçim qarşısında qalıblar. Elə Validə də. O, təhsillə idman arasında üstünlüyü ikinciyə versə də, birincini də siyahıdan silməyib. Hətta gələcəkdə ali təhsil almağı da planlaşdırır: "İdmanla təhsili bir arada tutmaq çətin olur. Ya gərək idmanı seçəsən, ya da təhsili. Mən idmanı seçdim. İdmanı seçdikdən sonra təhsil bir qədər ikinci plana keçdi. Lakin yenə də oxuyuram. Gələcəkdə ali təhsil almağı planlaşdırıram”.
Diqqətlər Macarıstana

Validə ölkədaxili yarışlarda nə qədər uğurlu yol cızsa da, eyni sözləri beynəlxalq yarışlar barədə deyə bilmərik. Yox, o, heç də ölkə xaricində baş tutan hansısa yarışda uğursuzluğa düçar olmayıb. Sadəcə, cəmi 16 yaşı olan idmançı beynəlxalq yarışlarda iştirak etməyib. O, beynəlxalq yarışlara qatılacağı günü səbirsizliklə gözləyir. Bu ilin iyul ayında Macarıstanda baş tutacaq yeniyetmələrin Avropa Yay Festivalı Validənin beynəlxalq arenada ilk ciddi sınağı olacaq: "Daha güclü olmaq, daha böyük uğurlar qazanmaq istəyirəm. Hələ ki, ölkədaxili yarışlarda uğurları davam etdirmək, bu ildən etibarən isə beynəlxalq yarışlarda da uğurlar qazanmaq istəyirəm. Mənim üçün ən çətin yarış isə çox güman ki, bu il Macarıstanda olacaq”.
Portret

Azərbaycanda qızların idmana cəlb edilməsi məsələsi ölkə idmanın əsas problemlərindən biridir. İdman çox güc, əzmkarlıq, ruhdan düşməmək, bir sözlə, dözümlülük tələb etdiyindən, çox az xanım gələcəyini bu istiqamətdə seçir. Ancaq bu mənfi tendensiyaya son qoyacaq idmançılarımız yetişməkdədir ki, Validə də məhz onlardan biridir. Dözümlülüyü, ambisiyalı və intizamlı olması isə onu gələcəkdə beynəlxalq yarışların təkcə iştirakçısı yox, həm də, mükafatçısı edə bilər. Ölkədaxili yarışlarda bir qayda olaraq ilk üçlükdən kənarda qalmayan Validə, iki təkər üzərində yeni-yeni uğurlara doğru inamla irəliləyir. İstənilən mövzuda şəkil çəkməyi xoşlayan gənc idmançı, sükanı belə saxlasa, tezliklə uğurlarının da şəklini çəkə bilər. Bu dəfə kağız üzərində yox, beynəlxalq arenalarda.

banner

Oxşar Xəbərlər