• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

“İki sevən gənci məsafə və milliyyət ayıra bilməz” – Bakılı əcnəbi

19.05.14 10:35 1975
“İki sevən gənci məsafə və milliyyət ayıra bilməz” – Bakılı əcnəbi
Onu Azərbaycanda ən çox təəccübləndirən sürücülərin yollarda avtomobilləri idarə etmə tərzidir. Hələ də onun üçün təəccüblüdür ki, bu cür qarmaqarışıq hərəkətlə avtomobillər Bakı küçələrində necə sağ-salamat qalır. Müsahibimiz bolqarıstanlı Kalin İvanovdur. Hazırda Kalin dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupunun bir hissəsi olan Holcim Azərbaycan (keçmiş Qaradağ Sement - L.M.) şirkətində yanacaq və xammal məhsulları üzrə menecer vəzifəsində çalışır.
“Dünya böyük olduğu qədər də kiçikdir”
31 yaşlı gənc artıq bir ilə yaxındır ki, ölkəmizdədir. Bolqarıstanda Texniki Universitetdə Sənaye mühəndisi ixtisası üzrə ali təhsil alan Kalin üçüncü kursda oxuyarkən dövlət proqramı çərçivəsində ABŞ-a getmək şansı qazanır və orada 4 ay qalır. ABŞ-da müxtəlif mədəniyyətləri və xalqları təmsil edən insanlarla tanış olmaq imkanı əldə edən Kalini digər ölkələrin mədəniyyətləri, adət-ənənələri cəlb edir. Universiteti bitirdikdən sonra Bolqarıstanda beynəlxalq səviyyədə tanınmış sement zavodunda işləməyə başlayır. 7 il ərzində sement zavodunda istifadə edilən alternativ yanacaq məhsullarına məsul şəxs kimi çalışır. İlk səfərini tələbəykən ABŞ-da başlayan Kalin Bolqarıstanda işlədiyi 7 il ərzində Avropanın müxtəlif ölkələrinə çoxlu işgüzar səfərlər edir. Bu səfərlər onun insanlar, adət-ənənələr, mədəniyyətlər, ümumiyyətlə, həyatın bütün sahələri haqqında dünyagörüşünü artırır. Ötən il isə Azərbaycanda Sement Zavodunda eyni vəzifədə işləmək üçün təklif alır. Deyir ki, Bakıda iş təcrübəsi ilə yanaşı, adətlər və mədəniyyətlər haqqında təəssüratları ilə həyat təcrübəsini artırır. İndiyədək Almaniya, Avstraliya, Fransa, ABŞ, Rumıniya, Serbiya, Çexiya, Slovakiya, Avstriya, Yunanıstan. İstərdim ki, Braziliya və Argentinaya işgüzar səfərlər edən müsahibimizin fikrincə, səyahət insana çox gözəl xatirələr və müxtəlif sahələrdə təcrübələr bəxş edir: “Ən böyük təcrübəm isə onu deməyə əsas verir ki, dünya böyük olduğu qədər də kiçikdir”.
“Bazarda qiymət endirməyə təəccübləndim”
Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz haqqında çox məlumatı olmadığını deyən Kalinin sözlərinə görə, ancaq neft sənayesi haqqında eşidib: “Bir də 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı yarışmasını televiziyalarda izləməklə də bəzi ümumi məlumatlar əldə edə bildim”.
Bakıya ilk qədəm qoyduğunda isə təəccübdən bir müddət özünə gələ bilməyib. Onu heyrətləndirən isə həmyerlilərimizin avtomobil idarə etməsi olub: “Təəccübləndim ki, yollarda belə hərəkət etməklə bu avtomobillər necə sağ-salamat qalırlar. Hətta mənim həmkarım Bakıya ilk gəldiyimdə olan reaksiyalarımı hərdən mənə xatırladıb gülür. Əlbəttə, mən artıq buna öyrəşmişəm və artıq o qədər də təsirlənmirəm”.
Bolqarıstanlı qonağı təəccübləndirən başqa bir şey isə bazardakı qiymət təklifləri olub. Kalin deyir ki, hələ də 20 manata satılan köynəyin danışıq yolu ilə 5 manata alıcıya satılmasını başa düşə bilmir.
“Burada heç vaxt içmədiyim qədər çay içmişəm”
Müsahibimiz Bakının, daha doğrusu, həmyerlilərimizin onu dəyişdirdiyini deyir: “Burada qaldığım 9 ay müddətində özümdə hiss etdiyim fərq odur ki, heç vaxt içmədiyim qədər çay içmişəm. Buna da səbəb mənim fikrimcə, alkoqollu içkilərin burada yaxşı qarşılanmamasıdır”.
Şəhərimizi çox sevən bolqarıstanlı qonağın fikrincə, gecə vaxtı işıqlandırılmış şəhər, Alov Qüllələri və insanlarla adamlarla dolu olan Dənizkənarı Bulvar haqqında bir nəfər danışıb qurtara bilməz: “Bu, həmişə yaddaşımda qalacaq. Mən də Bakıda ən çox Milli Parkınızda gəzməyi sevirəm. Getdiyim digər yerlər isə Qış Bağı və Fontanlar Meydanıdır. Orada siz ağır iş günündən sonra dincələ və hətta tanınmış adamlarla rastlaşa bilərsiniz”.
“Bəzi Azərbaycan ifadələrini işlədirəm”
Boş vaxtlarında Milli Parkı gəzməklə yanaşı, üzgüçülük hovuzuna getdiyini, dostlarla şəhər kənarında gəzdiklərini, filmə baxdıqlarını, daha sonra isə birlikdə çay və ya kofe içdiklərini deyir: “Həmçinin Azərbaycan dilini öyrənmək üçün kursa gedirəm. Onu da deyim ki, rus dili bolqar dilinə yaxın olduğuna görə bu dili başa düşürəm. Müxtəlif ölkələri gəzdiyim üçün şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, yerli insanlar onların dilində azca da olsa danışmağı bacaran insanları daha yaxşı qəbul edirlər. Düzdür, Azərbaycan dilində elə də yaxşı danışa və başa düşə bilmirəm. Amma gündəlik işlənən “salam”, “necəsən”, “hər şey yaxşıdır”, “yaxşıyam”, “hardasan”, “mənə xoşdur”, “problem yoxdur” kimi sözlər mənim lüğətimdə tez-tez işlətdiyim sözlərdir. Gələcəkdə Azərbaycan dilini inkişaf etdirəcəyimə ümid edirəm”.
Burada hər kəs qonaqpərvər və təmiz qəlblidir
Azərbaycan xörəklərini də sevə-sevə yediyini deyir: “Şəkərbura, paxlava, dolma, ləvəngi, kabab və sizin müxtəlif üsullarla hazırladığınız salatları dadmaqdan doymuram. Bu xörəkləri hazırlamağa gəlincə, inanıram ki, əgər istəsəm, kabab və salat hazırlaya bilərəm”.
Kalin düşünür ki, azərbaycanlılar sağlam qidalanmağa və sağlam yaşam tərzi keçirməyə çalışırlar: “Bu, mənim çox xoşuma gəlir. Həmçinin hər kəs qonaqpərvər, hörmətcil və təmiz qəlblidir. Günümüzdə Avropada belələrini çox çətinliklə tapa bilərsən”.
“Qızlarınız adət-ənənələri gözləyirlər”
Əcnəbi müsahibimiz bolqarıstanlı və azərbaycanlı gəncləri müqayisə etməyi də unutmadı. Onun sözlərinə görə, gənclərimiz arasında elə də böyük fərq yoxdur: “Yalnız geyim tərzləri fərqlənir. Buradakı gənc oğlanlar daha çox kostyum geyinməyə üstünlük verirlər, Bolqarıstanda isə daha çox Avropa və Amerika stilində olan paltarlar dəbdədir”.
Azərbaycanda olarkən xanımlarımızı da diqqətdən kənarda qoymayan müsahibimiz deyir ki, azərbaycanlı qızlar öz hərəkətlərində adət və ənənələri gözləyirlər. Bu da onlara onlara pozitiv görünüş verir. Hətta Kalin Azərbaycanda yarına rast gələrsə, böyük məmnuniyyətlə, onunla ailə quracağını deyir: “İki insan bir-birini başa düşüb fikirlərini bölüşürlər, eyni cür düşünürlərsə, onları məsafə, milliyyət və başqa şeylər ayıra bilməz”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər