• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

İki rəngin uğurlu yetirməsi - Fotolar

03.07.18 09:52 2095
İki rəngin uğurlu yetirməsi - Fotolar
Uşaqlıqdan oxuduğu kitablarla həyatı ideallaşdırıb. Onun üçün həyatda normal deyə bir dərəcə yoxdur. Ya hər şey yaxşı olmalıdır, ya da pis... Həyatı ağ və qara görür. Başqa rəngləri qəbul etmir və olduğuna da inanmır. Özünün də dediyi kimi elə bu inadkar xarakteri, "mən”inə olan hörməti onu bu gün var edib və sənətdə tanıdıb.

Müsahibimiz - bir sıra beynəlxalq festivalların qalibi, Azərbaycanın tanınmış kinorejissoru Şamil Əliyevdir. Ş.Əliyevin keçmişinə səyahət etdik.

Həmsöhbətimiz 1960-cı ildə Bakıda dünyaya gəlib. Atası fəhlə, anası evdar qadın olub. Valideynləri savadsız olsa da, övladlarının təhsil alması üçün çalışıblar: "Ailəm həmişə çalışırdı ki, biz təhsil alaq. Düşünürdülər ki, savadsız insan heç vaxt böyük uğurlara nail ola bilməz. Kasıbçılıq illərində həmyaşıdlarım işləyirdi, mən isə ancaq oxuyurdum. Atam çox ciddi, məsuliyyətli kişi idi. Təhsilimlə də ciddi şəkildə maraqlanırdı”.

"Heç atama da güzəştə getmirdim”

Balaca Şamil dəcəl uşaq olmayıb. Elə uşaqlığı da sakit, həmyaşıdları kimi oyun oynamaqla keçib. Lakin indiyə qədər yaşatdığı xasiyyəti uşaqlığında da başına bəla olub: "Düzdür, dəcəl uşaq deyildim. Amma az yaşım olsa da, mütləq öz fikrim olurdu. Heç kimin sözü ilə hərəkət etmirdim. Həyatımla bağlı qərarlarımı özüm verirdim. Öz fikrim varsa, heç atama da güzəştə getmirdim. Uşaqlıqdan atamla mübahisələrimiz çox olurdu. Mən çox kitab oxuyurdum və həyatı ideallaşdırırdım. O isə həyatdakı təcrübələrinə əsasən mənə yol göstərirdi. Məndə orta hədd yoxdur. Hər şey ya ağ olmalıdır, ya da qara. Amma atam bilirdi ki, həyatda fərqli çalarlar da var. Amma yenə də öz fikrimdən dönmürdüm”.

Məşhur filmlərə həyat verən rejissor ilk dəfə televiziya ilə 6-cı sinifdə oxuyanda tanış olub. Məhz orada gördüyü teatr səhnəsi onu sənətə gətirib: "Mənim 11-12 yaşım olardı ki, evimizə televizor aldılar. Vaxtımın çox hissəsini mütaliəyə sərf edirdim. O vaxt televiziyada hansısa bir tamaşadan fraqment göstərilirdi. Təsadüfən baxdım və 6-cı sinifdən qərara gəldim ki, mən aktyor olmalıyam. Elə bu arzuyla da dram dərnəyinə getdim. Artıq 9-10-cu sinifdə AzTV-də peşəkar aktyorlarla birlikdə hekayələr, şeirlər oxuyurdum. Amma atam qəti şəkildə incəsənətə getməyimə icazə vermirdi. Düşündüm ki, bu dəfə atamın istəyini yerinə yetirim, başqa fakültəyə sənəd verim və diplomumu atama verib, öz işimin ardınca gedərəm. O fikirlə başqa universitetlərdə təhsil almaq üçün cəhdlərim oldu, lakin müsabiqədən keçə bilmirdim”.
"Hüquq fakültəsini atıb aktyorluğa getməzsən”

O yaşda universitet xəyallarına çata bilməyən həmsöhbətimiz 17 yaşından zavodda yonucu koordinator kimi işləməyə başlayır. Qazandığı pulu da anasına verir: "24 yaşıma kimi yonucu koordinator işlədim. Əsgərlikdən gələndən sonra zərgərlik zavodunda işə düzəldim. Elə işdə işləyirdim ki, Azərbaycanda o sənətin əsas peşəkarları xaricdən gəlmişdi. Sıralarında tək azərbaycanlı mən idim. O vaxt yenidən universitetə qəbul olmaq üçün cəhd etdim və məni Moskva Dövlət Universitetinin hüquq fakültəsinə seçdilər. Təsəvvür edin, fakültəyə bir yer ayrılmışdı. O vaxt ulu öndər Heydər Əliyev deyirdi ki, belə fakültələrdə fəhlə balaları təhsil almalıdır. Həmin fakültələrdə fəhlə balalarının təhsil almasını çox ciddi nəzarətdə saxlayırdı. Atam fəhlə olduğu üçün mən də keçdim. Moskva Dövlət Universitetinə qəbul olmağıma heç kim inanmırdı. Atam da düşünürdü ki, orada təhsil alacam. Amma mənim məqsədlərim, ideallarım fərqli idi. Attestatımı İncəsənət İnstitutuna verdim. Atam deyirdi ki, sən o dərəcədə ağılsızlıq edib, hüquq fakültəsini atıb aktyorluğa getməzsən. Əslində elə də elədim”.
"Fəhlə balasının bu fakültədə təhsil alması imkansız idi”

O dövrdə kinorejissorluq fakültəsinə daxil olmaq çox çətin olub. Müsahibimiz deyir ki, həmin fakültədə təhsil alanların valideynləri SSRİ-də tanınmış sənətkarlar idi. Fəhlə balasının bu fakültədə təhsil alması, demək olar ki, imkansız idi: "Universitetə sənəd verəndə, artıq aktyor yox, rejissor olmaq istəyirdim. Rejissorluğa sənəd vermək istəyəndə mənə izah etdilər ki, şansım çox azdır. Bu səbəbdən aktyorluğa sənəd verdim ki, ikinci kursda yenidən cəhd edərəm. İmtahan verəndə, rektor Aslan Aslanov təsadüfən imtahana girdi. Mən Cabir Novruzdan bir şeir dedim və onunla mübahisəmiz başladı. O qədər özümə arxayın və sənət mübtəlası idim ki, düşünürdüm ki, mənim savadıma müəllimlər də çata bilməz. Akademikə çox sərt cavablar verdim. Qayıdıb mənə dedi ki, göygöz, mən akademik Aslan Aslanovam, sən mənə öyrədirsən?! Dedim ki, Aslan müəllim, sizi tanıyıram, amma siz imkan verirsiniz ki, öyrədirəm. O gündən sonra bütün imtahanlarıma girib, məni izləyirdi. Mən də az qalırdım imtahanlarda müəllimləri öyrədim. Yaxşı qiymətlər alırdım. Bu səbəbdən məni aktyorluğa yox, məhz rejissorluq fakültəsinə göndərdilər. Aslan Aslanovun təsadüfən imtahanımda iştirak etməsi həyatımı dəyişdi. Əlaçı idim, "Hüseyn Cavid” təqaüdü alırdım. O biri tələbələr 5-ci kursda tamaşa qoyurdusa, mən 3-cü kursdan bu işlə məşğul idim. O dövrdə təzyiq altında yaşayırdıq. Hər kitaba, filmə baxmaq olmurdu. Bir kitabı oxumaq üçün uzun müddət axtarırdım. Onu tapıb əldə etmək mənim bir ay xoşbəxt olmağıma səbəb olurdu. Bütün ili təqaüdümü yığıb, kitablar alırdım. Pul yığmaq üçün gecələr də qarovulçu işləyirdim. Kitablarım çox baha olduğundan pul çatmırdı. Həm də yığdığım pulla tətildə Moskvaya gedir, məşhur rejissorların tamaşalarına baxırdım. O mənim üçün böyük məktəb idi. Sanki, gözlərimin önündə dünya açılırdı... Biliyimə çox arxayın idim. Hətta bəzi müəllimlər də çəkinirdi. Elə kitablar oxuyurdum ki, müəllimlər belə onları oxumurdu. Mənim əlimdən hər il bir kurs müəllimi bizim kursu atıb gedirdi”.
Mehdi Məmmədovun məsləhəti

İncəsənət İnstitutunda imtahan verən vaxt Mehdi Məmmədovla da tanışlığı onun istiqamətini dəyişib: "O dövrdə aktyorluğa sənəd verəndə böyük sənətkarlar gəlib sənin işinə baxırdılar. Yadımdadır, iyunun 6-na qədər sənəd qəbulu idi. Sənədlərimi 5-i verdim, lakin dikbaşlığıma görə geri qaytardılar. Özümü elə aparırdım ki, sanki illərin aktyoruyam və hər kəsdən çox bilirəm. Səhəri yenə gəldim və sənədlərimi verdim. SSRİ xalq artisti, məşhur rejissor Mehdi Məmmədov da dekanla oturmuşdu. Mehdi müəllim təmsil deməyimi istədi, mən də rüşvətxor müəllimlərdən bəhs edən təmsili dedim. Mehdi müəllim güldü. Daha sonra onun yaradıcılığını tənqid etməyə başladım. "İblis” tamaşasının uğursuz olduğunu üzünə dedim. Nəticədə dekan mənə acıqlandı. Mehdi müəllim dedi ki, icazə ver, abituriyent fikrini desin. Fikirlərimdən sonra, Mehdi müəllim mənə izah etdi ki, sən sənədlərini aktyorluğa yox, rejissorluğa ver.
"Tələbə vaxtı çayxanaya getmirdim”

Müsahibimizin atası oğlundan hüquqdan imtina edib aktyorluğa sənəd verməsini gözləməsə də, daha sonra onun seçimini qəbul etməli olub: "Atam artıq incəsənətdəki imtahan nəticələrimi də maraqla gözləməyə başlamışdı və mənimlə fəxr edirdi. Bütün qonşular mənim imtahandan gəlməyimi səbirsizliklə gözləyirdilər. O dövrdə fəhlə balasının universitetə qəbul olmağı qürurverici idi, buna görə qonşular məni ideallaşdırırdılar. Əlaçı təqaüdü alırdım, 4-cü kursa qədər İncəsənət Universitetinin çayxanasına girməmişdim. Vaxt yox idi. Gündə bir pyes oxumalı idim. Dünya ədəbiyyatını bilməliydim. Düşünürdüm ki, institutu bitirəndə kimlərləsə üzbəüz gələcəyəm. Onlardan savadlı olmalıyam”.

İstər məktəb, istərsə də universitet illərində müsahibimiz hamının ağlında tərs insan obrazı yaradıb. Onun tərsliyinə, inadkarlığına görə daim valideynlərinə şikayət ediblər: "Mən elə atama oxşayıram. Anam həmişə mənə başa salırdı ki, bir az yumşaq ol, insanlarla yola getməyi öyrən. Amma o tərslik, ciddilik mənə atamdan keçib. Sərt olmağımın səbəbi özümə çəkdiyim sədlər idi. Həyatda elə insanlar var ki, gərək öz səmimiyyətini qoruya biləsən. Mən iki qız atasıyam. Qızlar çox qəribədir. Onlarla səmimi olmasan, səni başa düşməzlər. Kənardan məni çox sərt adam kimi tanıyırlar. Hətta "Despot tiran” adını verirlər. Çəkiliş meydançalarında çox ciddi olduğumun fərqindəyəm, amma bu mənim məsuliyyətimdən irəli gəlir. Qızlarıma qarşı isə çox səmimi və demokrat olmuşam”.
"Həyat yoldaşımla təsadüfən rastlaşdım və bildim ki, mənim qadınım olmalıdır”

Sərt, özünü sevən insanlar çox vaxt ruh əkizini tapmaqda çətinlik çəkirlər. Rejissor da bu səbəbdən gec ailə qurub. İlk sevdiyi qadın indi həyat yoldaşı, övladlarının anasıdır: "Mən gec ailə qurdum. Elə ilk sevgim də həyat yoldaşımdır. Yoldaşım mənim tam əksimdir. Memardır və çox savadlı qadındır. Sənətimdən asılı olaraq insanları rentgen kimi nəzərdən keçirirəm. Elə olmasam, aktyor seçə bilmərəm. Həyat yoldaşımla təsadüfən rastlaşdım və bildim ki, bu mənim qadınım olmalıdır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, ətrafda çox ciddi insan kimi tanınan rejissor qızlarına münasibətdə bütün sədləri qırıb: "Qızlarımla münasibətdə ciddilikdən əlamət yoxdur. Onlara qarşı çox kövrək və demokratam. Qızımın biri Almaniyada anestezioloq həkimdir. O gedəndə çox kədərlənmişdim, amma təhsilinə də mane ola bilməzdim. Qızlarımın böyüməsi çox pis vaxta təsadüf elədi. Hər dəfə içimdə elə bir hiss var ki, maddi baxımdan onlara istədiyim həyatı verməmişəm. Kiçik qızıma dedim ki, uşaq vaxtı maddi imkanım yaxşı olmadığına görə sizə istədiyinizi tam verə bilmədim, xaricə getmədik. Elə vəziyyət idi ki, böyük qızın paltarını kiçik qız geyinirdi. Qızım mənə dedi ki, mənim uşaqlıq illərim ən yaxşı illərimdir, sən nahaq yerə elə fikirləşirsən. Sənin qayğın mənim ən böyük var-dövlətim idi. Bu sözlər məni o qədər qürurlandırdı ki... sözlə ifadə edə bilmərəm”.

Dili hər zaman başına bəla olub. Amma heç vaxt dediklərinə və əməllərinə görə peşman olmayıb. Təəssüfləndiyi tək xasiyyəti pul qazanmaq meylinin olmamasıdır: "Heç vaxt var-dövlət arxasınca qaçmağı bacarmadım. Pul qazanmağın yollarını bilmirəm. Sonuncu olaraq 2012-ci ildə "Çölçü” filmini çəkdim. Ondan sonra heç nə çəkmirəm. Dəfələrlə müraciət olub. 2014-cü ildə "Xalı” adlı tammetrajlı filmin ssenarisini yazmışam. Məqsədim isə pul qazanmaq yox, ortaya iş qoymaq olub. Buna təəssüflənirəm, çünki ailə sahibiyəm. Pul qazanmağa nə həvəsim, nə də bacarığım var. Pula marağım olmayıb. Fəhlə ailəsində böyüdük. Amma gözütox idik”.
"Daim düşünməliyik ki, biz kimik, hardan gəlib, hara gedirik?”

Müsahibimiz M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra İsveçrənin "AVANTI” və "IFASK” layihəsi üzrə beynəlxalq kino kurslarında təhsil alıb. 4 məşhur kinematoqrafdan, "Oskar” mükafatı laureatlarından dərs alıb: "Bu, iki illik təhsil proqramı idi. 1992-ci ildə "Azərbaycanfilm” kinostudiyasında "Təsadüfi görüş” adlı qısametrajlı film çəkmişəm. Bu film bir neçə nüfuzlu beynəlxalq kinofestivalda mükafat qazanıb. ABŞ-ın Hyuston beynəlxalq kino festivalında Azərbaycanı təmsil edirdi. Bu ölkədə göstərilən ilk Azərbaycan filmi olub ki, ölkəmizə mükafat gətirmişdi. Heydər Əliyev Fondunun sifarişi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki sənədli film çəkdim. Onlardan biri "Azərbaycan xalçası”, digəri isə "İz qala” flimləri idi. "Azərbaycan xalçası” "Bakı İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərində nümayiş etdirilib. Ümumiyyətlə, filmlərim, bütövlükdə 70-dən çox beynəlxalq festivalda iştirak edib, 30-a qədər mükafat qazanıb. Ən uğurlu beynəlxalq taleyi olan filmim isə 2012-cü ildə çəkdiyim "Çölçü” filmi oldu. 5 qitədə 37 beynəlxalq festivalda bu film 13 mükafat alıb. "Çölçü” dünyanın 4 məşhur kino korifeyinin adına təsis edilmiş mükafatların nominatıdır. Onlar Antonioni, Tarkovski, Jan Lük Qodar və İqmar Berqmandır. Mənim üçün maraqlı olan bir də odur ki, "Çölçü” filmi ABŞ-ın, Avropanın bəzi ölkələrinin, İngiltərənin və Hindistanın kino məktəblərinin tədris proqramına salınıb”.

Müsahibimiz sonda Azərbaycan gəncliyində görmək istədiyi nüansları da vurğuladı. Deyir ki, hər sahədə istedadlı və savadlı gənclərimiz çoxdur. Ən böyük istəyi isə gəncliyin milli kimliyini dərk etməsidir: "Həqiqətən bizdə istedadlar yetişir. Gəncliyin milli kimliyimizi dərk etməsini istəyirəm. Biz kimik? Hardan gəlib, hara gedirik? O dəyərlər sistemini dərk etməlisən və biokütləyə çevrilməməlisən. Dəyərlərdən uzaq yaşamağın mənası yoxdur. Vacib deyil sən kimsən, sənin mədəni varlığın maddi varlığından üstün olmalıdır. İstərdim ki, gənclik daim belə olsun. Hansı ölkədə yaşasan da, azərbaycanlı olduğunu unutma. Heç yerdə səni öz millətin kimi sevməyəcəklər. Ən yaxşı halda istifadə edəcəklər. Qınından çıxıb qınını bəyənməmək çox pis haldır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər