• şənbə, 20 Aprel, 08:19
  • Baku Bakı 14°C

İki paradın böyük fərqi

27.06.18 20:01 2857
İki paradın böyük fərqi
İki gündür ki, dünya mediasının diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Əsrin iqtisadi layihələrini reallaşdıran Azərbaycan bu dəfə öz qüdrətini hərbi sahədə nümayiş etdirdi. Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı iyunun 26-da keçirilən təntənəli hərbi parad ordumuzun hərbi potensialını, döyüş imkanlarını növbəti dəfə dünyaya nümayiş etdirdi. Göstərildi ki, ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və dünya standartlarına uyğun müasir ordu sistemi yaradılıb, silah təchizatında ciddi addımlar atılıb. Bir sıra ölkələrin arzuladığı müasir silahlar artıq Azərbaycan Ordusunun silah arsenalına daxil edilib.

Bütün dünya gördü ki, Azərbaycan həm quruda, həm də havada düşməni məhv etmək üçün ən müasir silahlara malikdir. Müqayisə üçün işğalçı ölkə - Ermənistanın keçirdiyi "parad” şousuna nəzər salaq. Ötən ayın sonunda cılız, dağınıq, köhnə silahlara malik nizamsız erməni ordusunun keçirdiyi "parad” onun nəyə qadir olduğunu göstərdi. Bir daha sübut olundu ki, Ermənistan ordusu elə ölkəsinin "müstəqil”liyi kimidir.
Erməni media vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı ilə bağlı yerləşdirilən xəbərlər qorxu və təşviş notları ilə doludur. Dərhal da erməni ictimaiyyətinə bu hərbi paradı keçirməklə Azərbaycanın müharibəyə hazırlaşdığı barədə cəfəng xəbərlər ötürməyə başlayıblar. Bakıda keçirilən hərbi paradda nümayiş olunan ən müasir texnika, yüksək peşəkarlıq nümayiş etdirən aviasiya uçuşları ermənilər tərəfindən təşvişlə qarşılanıb. Və onlar özlərinin bir ay bundan öncə keçirdikləri hərbi parada nəzər saldıqda, necə də rəzil bir orduya malik olduqlarının fərqinə varırlar. Döyüş qabiliyyəti kifayət qədər zəif olan erməni ordusu, faktiki, məhvinin astanasına çatıb. Hərbi paradda Rusiya hərbi hissələrinin iştirakı, Rusiya hərbçilərinin öz dövlətlərinin bayrağı altında keçid etməsi cəmiyyətdə narazılıq doğurub.

Hərbinin ən müxtəlif sahələri üzrə gerilik, arxaiklik hiss olunur. Xüsusən hərbi hava qüvvələri sahəsində Ermənistanın Azərbaycandan geridə qaldığını əksər media nümayəndələri yazır. Məsələn, Yerevanda respublika meydanı üzərindəki səmada Mi-24 və Mi-8 vertolyotlarından başqa bir uçuş vasitəsi nəzərə çarpmadı. Bakıda isə dünyada aviasiya sahəsində ən müasir döyüş təyyarələri əsl peşəkarlıq nümayiş etdirdilər. Bütün bunlar nəzərə alınsa, sözsüz ki, döyüş təyyarələri üzrə regional balans Azərbaycanın xeyrinədir. Hazırda Azərbaycan bölgədə müasir qırıcılara malik yeganə ölkə olaraq qalır. Pilotsuz təyyarələrə gəldikdə, Azərbaycan özü belə təyyarələr istehsal edir. Zenit-raket komplekslərinə gəlincə, bu sahədə də Azərbaycanın üstünlüyü göz önündədir.
Bundan əlavə, ermənilərin paradında fəxri kürsüdə əyləşən hərbi heyətə nəzər salmaq bu ölkənin hansı durumda olduğunu göstərir. İlk sırada, illər uzunu erməni əsgərinə ayrılan vəsaitləri mənimsəyən Manvel Qriroqyan oturub. Bu günlərdə bəlli olur ki, bu şəxs erməni əsgərlərinin başına zəncir keçirərək, onları qul kimi öz villasında işlədib. İnsanları girov kimi saxlayıb və yaxınlarından vəsait aldıqdan sonra buraxıb. Aprel hadisələri zamanı ermənilərin göndərdiyi yardımları mənimsəyən bu generalın əməlləri erməni cəmiyyətində pessimizm əhval-ruhiyyəsi yaradıb. Bundan əlavə, Paşinyan hökuməti bəyan edib ki, orduda korrupsiya və rüşvət hallarının araşdırılmasına başlanılıb.
İşğalçı ölkədə yaşanan məlum hadisələr bir daha onu söyləməyə əsas verir ki, erməni ordusu həm maddi təchizat və hərbi güc, həm də şəxsi heyətin mənəvi-psixoloji durumu və döyüş hazırlığı əhval-ruhiyyəsi baxımından Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə olunmayacaq dərəcədə geridir.

Azər
banner

Oxşar Xəbərlər