İki paradın böyük fərqi
İki gündür ki, dünya mediasının diqqəti növbəti
dəfə Azərbaycana yönəlib. Əsrin iqtisadi layihələrini reallaşdıran Azərbaycan
bu dəfə öz qüdrətini hərbi sahədə nümayiş etdirdi. Silahlı Qüvvələrin 100
illiyi ilə bağlı iyunun 26-da keçirilən təntənəli hərbi parad ordumuzun hərbi
potensialını, döyüş imkanlarını növbəti dəfə dünyaya nümayiş etdirdi.
Göstərildi ki, ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və dünya
standartlarına uyğun müasir ordu sistemi yaradılıb, silah təchizatında ciddi
addımlar atılıb. Bir sıra ölkələrin arzuladığı müasir silahlar artıq Azərbaycan
Ordusunun silah arsenalına daxil edilib.
Bütün dünya gördü ki, Azərbaycan həm quruda, həm də
havada düşməni məhv etmək üçün ən müasir silahlara malikdir. Müqayisə üçün
işğalçı ölkə - Ermənistanın keçirdiyi "parad” şousuna nəzər salaq. Ötən ayın
sonunda cılız, dağınıq, köhnə silahlara malik nizamsız erməni ordusunun keçirdiyi
"parad” onun nəyə qadir olduğunu göstərdi. Bir daha sübut olundu ki, Ermənistan
ordusu elə ölkəsinin "müstəqil”liyi kimidir.
Erməni media vasitələrində Azərbaycan Silahlı
Qüvvələrinin hərbi paradı ilə bağlı yerləşdirilən xəbərlər qorxu və təşviş
notları ilə doludur. Dərhal da erməni ictimaiyyətinə bu hərbi paradı keçirməklə
Azərbaycanın müharibəyə hazırlaşdığı barədə cəfəng xəbərlər ötürməyə
başlayıblar. Bakıda keçirilən hərbi paradda nümayiş olunan ən müasir texnika,
yüksək peşəkarlıq nümayiş etdirən aviasiya uçuşları ermənilər tərəfindən
təşvişlə qarşılanıb. Və onlar özlərinin bir ay bundan öncə keçirdikləri hərbi
parada nəzər saldıqda, necə də rəzil bir orduya malik olduqlarının fərqinə
varırlar. Döyüş qabiliyyəti kifayət qədər zəif olan erməni ordusu, faktiki,
məhvinin astanasına çatıb. Hərbi paradda Rusiya hərbi hissələrinin iştirakı,
Rusiya hərbçilərinin öz dövlətlərinin bayrağı altında keçid etməsi cəmiyyətdə
narazılıq doğurub.
Hərbinin ən müxtəlif sahələri üzrə gerilik,
arxaiklik hiss olunur. Xüsusən hərbi hava qüvvələri sahəsində Ermənistanın
Azərbaycandan geridə qaldığını əksər media nümayəndələri yazır. Məsələn, Yerevanda
respublika meydanı üzərindəki səmada Mi-24 və Mi-8 vertolyotlarından başqa bir
uçuş vasitəsi nəzərə çarpmadı. Bakıda isə dünyada aviasiya sahəsində ən müasir
döyüş təyyarələri əsl peşəkarlıq nümayiş etdirdilər. Bütün bunlar nəzərə
alınsa, sözsüz ki, döyüş təyyarələri üzrə regional balans Azərbaycanın
xeyrinədir. Hazırda Azərbaycan bölgədə müasir qırıcılara malik yeganə ölkə
olaraq qalır. Pilotsuz təyyarələrə gəldikdə, Azərbaycan özü belə təyyarələr
istehsal edir. Zenit-raket komplekslərinə gəlincə, bu sahədə də Azərbaycanın
üstünlüyü göz önündədir.
İşğalçı ölkədə yaşanan məlum hadisələr bir daha onu söyləməyə əsas verir ki, erməni ordusu həm maddi təchizat və hərbi güc, həm də şəxsi heyətin mənəvi-psixoloji durumu və döyüş hazırlığı əhval-ruhiyyəsi baxımından Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə olunmayacaq dərəcədə geridir.
Azər