• cümə, 19 Aprel, 14:49
  • Baku Bakı 25°C

İki nəfərin birgə əməyi – xoşbəxtik – Ailə

08.10.14 13:12 3039
İki nəfərin birgə əməyi – xoşbəxtik – Ailə
Bəhruz Nəzərov: “Evlənmək, ailə qurmaq ilk addımdır, əsas ondan sonrakı mərhələdir”
Günay Malikqızı: “Bir insanla uzun illər bir yerdə olur və bunun davam etməyini istəyirsənsə, demək, iki nəfər ortaya zəhmət qoyur”

Bu dəfə jurnalist ailəsinin qonağı olduq. Hər iki müsahibim 15 ildən çox jurnalist fəaliyyəti ilə məşğul olublar. Hazırda Park Bulvar AVM-in PP meneceri olan Günay Malikqızı Space, Lider telekanallarında xəbər aparıcısı kimi çoxlarının yadında qalıb. Əməkdar jurnalist Bəhruz Nəzərovun jurnalist fəaliyyəti də Space-dən başlayıb.
Jurnalistikaya həsr etdikləri 17 ildən çox zamandan yox, ailələri haqqında söhbətləşmək üçün görüşdüyümüz bu insanlar 13 illik evlilik həyatlarının bəzi məqamlarını bizimlə bölüşdülər.
Çəkiliş zamanı sevgi etirafı
“Sevgi etirafı üçün bütün hazırlıqlarım alt-üst oldu”. Müsahibimiz üstündən 15 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də təəssüflənirdi. Məsələ bundadır ki, 1997-ci ildə açılan SPACE telekanalına işə qəbulla bağlı keçirilən müsabiqədə tanışlıq iki gəncin sonrakı taleyini müəyyənləşdirir. Bəhruz ilk görüşdən sevdiyini özü üçün qətiləşdirir. Amma ürəyini “açmaq” o qədər də asan olmur. Bunun üçün təxminən bir ildən də bir az çox gözləyir. Həmin vaxtın gəldiyini düşünəndə gördüyü hazırlıqlara ehtiyac qalmır: “Çəkilişə tələsirdik. Söhbət necə gəlib o məqama çatdı, bilmirəm. Amma bir anda neçə vaxtdır demək istədiyim sözləri dedim. Sevgi etirafı etdim. İndi gülürəm. Amma o vaxt “ürəyimi” dar məqamda açdığım üçün sevinməklə yanaşı, bu sözləri demək üçün gördüyüm hazırlıqların boşa getdiyinə də heyfislənmişdim. Bu anın unudulmaz olmasını istəyirdim” (gülür – L.M).
“Elə də oldu. Görürsən kim, yolda az qala qaça-qaça sevgi etirafi edir? Bəhruzun ağıllı olması, istənilən mövzuda fikir yürüdə bilməsi, qayğıkeşliyi həmişə diqqətimi çəkirdi. Ondakı sevgini hiss edirdim və bu, mənim xoşuma gəlirdi. Ona arxalanmağın mümkün olduğuna əmin idim. Bilirdim ki, o, məni heç vaxt tək qoymaz. Çox qısa müddətdə bu fikri məndə formalaşdırmışdı. İndi də bu qənaətdəyəm ki, Bəhruz həyatımın istənilən çətin anında arxalana biləcəyim adamdır. Amma məncə nəyə görə sevirsən sualının cavabı yoxdur. Sadaladıqlarım bəhanələrdir. Əsl səbəbi bilsək, sevginin sehri pozular”.
Küsəyən xanım
“Bütün xanımlar küsəyəndir. Elə məndə də bir az var. Amma mənim bir cəhətim var o bir az işləri çətinləşdirir. İstəyirəm ki, Bəhruz nə üçün küsdüyümü tapsın. Əgər səbəbi bilirsə, tez barışacam, bilməyəndə isə pis oluram. Bu zaman məni hələ də yaxşı tanımadığını düşünürəm. Mən səhv etmişəmsə, səhvimi tez başa düşüb üzr istəyirəm. Bəhruzda bu, bir az çətindir. “Üzr istəyirəm” sözünü deməmək üçün o, hədiyyələrə üz tutur. Ümumiyyətlə, evliliyin ilk dönəmində cütlüklər tamam boş yerə küsə və çox asan barışa bilərlər Amma vaxt keçdikcə küsmək daha qəliz bir forma alır. Hər iki tərəf artıq bilir ki, nə etsə, o birinin xətrinə dəyə bilər. Əgər onun xətrinə dəyəcək bir şey ediriksə, demək bunu bilərəkdən edir. Buna görə də illər keçdikcə evlilik daha çox diqqətli olmağı tələb edir”.
“Kişilər sevgiyə daha köklü yanaşır”
Zamanın sürətli bir templə getdiyini deyən Bəhruzun fikrincə, sürətlə gedən zaman daxilində həyatın xırda problemlərini qabardıb mübahisə etmək düz deyil: “Ailə insanın bütün həqiqətlərini tapdığı, reallaşdırdığı, özü olduğu bir yerdir. Bu məkana problem yox, sevinc və gülüş lazımdır. Kişinin burda rolu böyükdür. Amma əgər yenə də mübahisə olursa, bu, heç vaxt birtərəfli olmur. Hər iki tərəf məsuliyyətini dərk etməlidir”.
Günay deyir ki, hər iki tərəfdə mövqelərini ortaya qoyub onu sonacan müdafiə etmək xüsusiyyəti var: “Amma hər ikimiz həmişə bir məqama diqqət edirik. Hansımız çox əsəbiyiksə, o biri tərəf ona güzəştə gedir. Amma mübahisə zamanı əsasən mən arxaya çəkilirəm. Düşünürəm ki, kişi çox hirslənməməlidir. Kişilər - əsəbləşməyə də, sevgiyə də daha qlobal, köklü yanaşırlar. Çalışaram Bəhruzu hirsləndirməyim. Mübahisə varsa, öz sözümü deyirəm, fikrimi bildirirəm, amma istəmərəm o, qışqırsın, səsini qaldırsın”.
Ata qızıyla dost olmalıdır
Qeyd edək ki, müsahiblərimizin Zeynəb adlı 8 yaşlı qız övladları var. Hər iki ailə başçısı işlədiyinə görə Zeynəbə Günayın anası baxır. Amma balaca qızcığaz Günayı eşitdiyi qədər başqa adamı dinləmir. Buna baxmayaraq Zeynəb ev tapşırıqlarını atasıyla hazırlamağa üstünlük verir. Atasının fikrincə, ev tapşırıqlarının hazırlanması prosesi onunla daha asan keçdiyi üçün Zeynəb belə bir seçim edir.
Bəhruzun fikrincə, evdə ən çox istənilən adam evin xanımı olmalıdır. Uşaq da, həyat yoldaşı da hamıdan çox onu istəməlidir. Atasının sayəsində Zeynəbdən ən çox kimi istədiyini soruşsanız “anamı” cavabını verəcək. Amma hərdən ana ilə qızın mübahisəsi də düşür. Bu zaman Günay Bəhruzun onların işinə qarışmamasını istəyir. Onun fikrincə, “ana ilə qız dalaşar da, barışar da. Amma ata qızıyla dost olmalı və övlad atanın son instansiya olduğunu bilməlidir”.
“İkimiz də mətbəxə girib nəsə hazırlayırıq”
Evin xanımının mətbəxlə münasibətlərinə dair suala Günay zarafatla cavab verdi. Amma hər bir zarafatda həqiqət olduğunu da unutmamalıyıq: “Mətbəxlə aramızda dost münasibətləri var, amma o da, mən də məsafəni bilir və bu məsafəni saxlayırıq. Düşünürəm ki, xanım əsasən təmizkar olmalıdır. Ev təmizdirsə, kişi heç vaxt xoşagəlməyən hadisə yaratmayacaq, yeməyin bir az duzsuz çıxması, paltarın bir az yaxşı ütülənməməsi onu narahat etməyəcək. Yeməklə bağlı çox yaxşı ənənələrimiz var. İkimiz də mətbəxə girib birlikdə nəsə hazırlaya bilərik. Hətta bu zaman Zeynəb də bizə yardım edir. Bəzən isə Bəhruz mənim xoşladığım yeməkləri hazırlayıb mənə sürpriz edə, ya da mən ona sürpriz hazırlaya bilərəm. Bəhruz sağ olsun, mənim işləməyimə uyğunlaşan adamdır. Hətta Zeynəb anadan olandan sonra bir müddət işləmədiyim vaxt Bəhruz dedi ki, “ali təhsil almısan, cəmiyyətdə artıq öz yerin var, nəyə görə bunların hamısını arxada qoymalısan? Uşağa ikimiz bir yerdə də baxa bilərik. Öz karyerandan, işindən-gücündən qalma”.
Evlənmək hələ ilk addımdır
Bəhruzun sözlərinə görə, həyatını bölüşəcəyin adamı arayarkən düzgün seçim etmək vacibdr: “Evlənmək, ailə qurmaq hələ ilk addımdır. Əsas ondan sonrakı mərhələdir. Bir yerdə həyat sürmək üçün cütlüklər bir-birini anlamalıdırlar”.
Günay düşünür ki, evlilikdə xoşbəxtlik iki nəfərin birgə əməyidir: “Sən bir insanla uzun illər bir yerdə olur və bunun davam etməyini istəyirsənsə, demək, iki nəfər ortaya zəhmət qoyur. Mütləq hər iki tərəf ortaya əmək qoymalı və bu əməyin ilk hüceyrəsi sevgi olmalıdır. Ailənin gözəlliyi odur ki, orada hisslər danışır. Onu da deyim ki, illər keçdikcə ailənin stabilliyini saxlamaq daha böyük əmək tələb edir. Biz bir-birimiz üçün maraqlı ola biləcək şeylər fikirləşirik və birlikdə vaxt keçirməyi xoşlayırıq. Hərdən ətrafımdakı xanımlara deyirəm ki, çox yorulanda sevdikləri adamın əlindən tutsunlar, bu zaman yorğunluqları çıxacaq. Düşünürəm ki, həyatın gözəlliyi, mənası ailədir, uşaqdır, sevdiyin bir insanın sənin yanında olmasıdır”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər