İki əsər, bir tale
Nakam, ancaq fəxarət dolu bir taleyi olan, 101 illiyi təntənə ilə
qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin bədii ədəbiyyatda əksi məsələsi böyük
maraq doğurur. "Sən qüdrətin aşıb-coşan vaxtında, ...Sən qəlbimin vuruşundan
yarandın!” deyən Əhməd Cavadın bütün şeir təbi, yaradıcılıq həvəsi, söz qüdrəti
Xalq Cümhuriyyətimizin yaranışından doğan sevinc və fərəhə həsr olunmuşdu.
Başqa ədiblərimiz də Azərbaycan Xalq Cümhuriyyətinin yaranışından doğan sevinc
və fərəhi, habelə onun nakam taleyini öz əsərlərində müxtəlif formalarda işıqlandırmışlar.
Bu baxımdan, fikrimizcə, iki əsər xüsusilə diqqətçəkəndir. Hətta deyə bilərik
ki, bu iki əsər bilavasitə müəlliflərinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr
etdikləri bir dastandır, Azərbaycannamədir. Bu əsərlər Cəlil Məmmədquluzadənin "Anamın kitabı” pyesi və Mir Cəlalın "Bir gəncin
manifesti” romanıdır.
Milli istiqlal ədəbiyyatımızın
sərkərdəsi kimi böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadənin "Anamın kitabı”
əsəri böyük ədibin milli istiqlal, dövlətçilik, müstəqillik ideallarını özündə
əks etdirən çox qiymətli bir bədii məxəzdir. Bu pyes əsl Azərbaycannamədir,
azərbaycançılıq ideyalarının mənbəyidir. Görkəmli elm adamı akademik İsa Həbibbəylinin
dediyi kimi: ""Anamın kitabı” – Azərbaycanın milli istiqlalı haqqında XX əsr
boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. ...C.Məmmmədquluzadənin
"Anamın kitabı” əsəri ...milli-mənəvi özünüdərk, vətənçilik, milli birlik və
müstəqillik dərsliyidir. "Anamın kitabı” – Azərbaycanın ...tale kitabıdır,
milli ədəbiyyatımızın ən mükəmməl Azərbaycannaməsidir”. ""Anamın kitabı” –
bütün dövrlərin "ana kitabı” olaraq qalır”.
Cəlil Məmmədquluzadənin "Anamın
kitabı” əsəri özündə başdan-başa müstəqil Azərbaycan ideyasını ehtiva edən bir
əsərdir. Əslində üç qardaşın – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin faciəsi
üzərində qurulan bu əsər, 1921-ci ildə yazıya alınmaqla böyük azərbaycançı
ədibimizin müxtəlif fraksiyaların çəkişmələri üzündən tarixi taleyini sona
çatdırmış Azərbaycan Xalq Cümhuriyyətinə ağı hesab edilə bilər. Bizə elə gəlir
ki, bu üç qardaş Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökuməti daxilində
bir-biri ilə ciddi fikir ayrılığı yaşayan və bir məxrəcə gələ bilməyən
fraksiyaların (və onların aparıcı nümayəndələrinin) ümumiləşməsi,
obrazlaşmasıdır. Ana Zəhrabəyimin və qız Gülbaharın timsalında xalqın onlara xoşbəxt
gələcək gətirəcəklərinə böyük ümid bağladıqları, ayrı-ayrı yerlərdə təhsil alıb
gələn Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin bir-birlərini anlamamaqları
və bir araya gələ bilməməkləri üzündən bir ailənin – bir dövlətin, bir xalqın
çöküşündən söhbət getdiyi açıq-aydın görünməkdədir. Bizim fikrimizcə, bu əsər Azərbaycan
Xalq Cümhuriyyətinin taleyini əks etdirir. Rüstəm bəy Rusiyada, Mirzə Məhəmmədəli
İranda, Səməd Vahid Osmanlıda təhsil alıb o ölkələrin milli mədəniyyəti, siyasi
maraqları və davranış ədalarını daşıdıqlarına görə də bir ailə daxilində heç
cürə yola gedə bilmir, bir arada, bir ailədə doğmalaşmağı bacarmırlar. Hətta
biri rus (Rüstəm bəy), digəri fars (Mirzə Məhəmmədəli), o biri isə Osmanlı
(Səməd Vahid) təbirilə danışıb-anladığına görə, bu dost-doğma qardaşlar heç
bir-biriləri ilə dil də uyuşdura, anlaşa bilmirlər ki, bilmirlər. Amma maraqlı
burasıdır ki, Rüstəm bəy rusca-azərbaycanca lüğət hazırlayır ki, iki ayrı-ayrı
dilin yad adamları bir-birini bu lüğətdən anlayıb başa düşə bilsinlər. Qəribədir
ki, başqalarının bir-birini başa düşməsi, dil tapması üçün lüğət hazırlayan
Rüstəm bəy, dost-doğma qardaşları ilə dil tapa, öz dillərində anlaşa bilmir.
Yerə-göyə xüsuf-küsuf duası yazıb guya onları fəlakətdən xilas etmək istəyən
Mirzə Məhəmmədəli öz qardaşları ilə bir olmağa, doğma ailəni dağılmaqdan xilas
etməyə gücü yetəcək bir dua "yazmağı” bacarmır.
Elmi-qafiyə dərsi ilə sözlərin bir-birinə poetik uyğunlaşmasını öyrədən Səməd
Vahid isə qardaşları ilə bir ailə doğmalığı ilə uyğunlaşa, bir ailənin
qayda-qanunlarına uyuşa bilmir. Və bu münaqişənin, fikir ayrılığının dərdinə
dözə bilməyən ana Zəhrabəyim – xalq, millət və Azərbaycan Xalq Cümhuriyyətinin
taleyini ümumiləşdirən Ana, dünyasını dəyişməli, ömrünü övladlarına tapşırmalı olur.
Ədibin qənaətincə, mədəniyyət-dünyagörüşü ayrılığından bir-birinə sözü xoş
gəlməyən qardaşları vahid bir məxrəcə gətirmək üçün yeganə bir kitab qalır:
Ananın kitabı – o kitab ki, Atanın vəsiyyətnaməsidir. Bu, Vətən kitabıdır,
vətən naminə həmrəyliyin müqəddəs kitabıdır. Məhz bu kitab xilasın, nicatın
yolunu, düsturunu göstərən kitabdır. O kitab ki, Vətənə iman dinin Quranıdır,
Tövratıdır, İncilidir... Yalnız bu kitaba etiqadla ittihada gəlmək mümkündür.
Bu kitab o kitabdır ki, buyurur: "Yer, Göy, Aylar və Ulduzlar göylərdə seyr
edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar. Mən etiqad edirəm ki,
mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları
Zəhranın ətrafında gərək dolanalar; çünki Ay və Ulduz Şəmsin parçaları olan
kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin
həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət
edəcək: nə qədər canında nəfəs var peşiman olacaq”. Bu kitabın sözləri vətəndaşlığın
düsturunu, azərbaycançılığın qanununu, azərbaycanlılığın kəlmeyi-şəhadətini,
Vətən adlı Allah yolunda namazın sözlərini ifadə edir!
XX əsr Azərbaycan ədəbiyyatının
ən görkəmli simalarından biri olan böyük ədib Mir Cəlalın "Bir gəncin manifesti”
əsəri, fikrimizcə, adından tutmuş ideyasına qədər Azərbaycan Xalq Cümhuriyyətinin
nakam taleyi və aqibətini ümumiləşdirmişdir. Ümumiyyətlə, böyük ustadı Mirzə
Cəlil kimi sətiraltı məna və metaforik obrazlardan məharətlə istifadə edən
görkəmli yazıçı Mir Cəlal başda "Bir gəncin manifesti” əsəri olmaqla bir sıra
irili-xırdalı əsərlərində sovet dövründə "qadağan olunmuş duyğuları” ifadə
etməyə, milli kimliyi eybəcərləşdirən sovet maşınının mənfi tərəflərini tənqid
etməyə məharətlə müvəffəq ola bilmişdir.
Yazıçının şəxsi tərcümeyi-halına
yaxınlığı ilə seçilən və əsl sənətkarlıq məharəti ilə ərsəyə gəlmiş "Bir gəncin
manifesti” əsərinin həm Azərbaycan ədəbiyyatı tarixində, həm də yazıçının ədəbi
irsində xüsusi yeri və əhəmiyyəti vardır. Ona böyük şöhrət qazandırmış "Bir
gəncin manifesti” əsəri konkret ictimai-tarixi şəraiti və psixoloji-mənəvi
reallığı özündə uğurla əks etdirən qiymətli bir əsərdir. Ədibin çox böyük
ustalıqla yaratdığı Bahar surəti öz taleyi və faciəsi ilə Azərbaycan Xalq
Cümhuriyyətinin taleyini xatırladır. Bu baxımdan əsərin əsas məziyyəti və əhəmiyyəti
ondadır ki, Azərbaycan xalqının milli istiqlaliyyət və mücadilə əzminin
nailiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun sovet
istilası nəticəsində süqutunu əks etdirir. Mir Cəlal böyük peşəkarlıq və
ustalıqla davranaraq əsərdə həmin dövrlə əlaqədar bir sıra gerçəkləri əks
etdirmiş, faciəvi həyat yaşayan, aqibəti ilə ürəkləri göynədən talesiz Bahar
surəti ilə milli dövlətçilik tariximizdə xüsusi yeri olan Azərbaycan Xalq
Cümhuriyyətinin cəmi 23 aylıq nakam taleyi və yaddaşlardakı həzin izlərini əks
etdirmişdir. Fikrimizcə, adından tutmuş yaşı və taleyinə qədər, Bahar, bir yaz dövrünün
nailiyyəti olan və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi taleyini, Azərbaycan xalqının işğal nəticəsində qəlblərə çəkilən
müstəqillik duyğularının solan aqibətini əks etdirir. Doğru deyilib ki: "Onun
əsərlərini oxuyan hər bir kəs ədibin, xalq üçün yanan nurlu qəlbinin arzu və
istəklərini sətiraltı mənalarda, metaforik qatlarda məharətlə yerləşdirdiyinin
şahidi olur. ...Azadlığın rəmzi kimi düşünülmüş Bahar obrazının ...taleyini
izlədikcə Baharın bir azadlıq simvolu olduğunu başa düşməkdə çətinlik çəkmir”. Doğrudur,
ədib əslində "Bir gəncin manifesti” adı altında əsərin baş qəhrəmanı olan
Mərdanın ömür və mübarizə yolunun manifestini əks etdirmişdir. Qaragünçü
həyatından irəli gələrək bolşeviklərin şirin vədi və ideyalarına aldanaraq
yoldan çıxan və bolşevik olan Mərdan kimi gənclər, apardıqları mübarizənin sonunda
qalib olsalar da, nəhayətində mənsub olduqları xalqı və milli dövlətçiliklərini
məğlub etdiklərini yalnız gecdən-gec anlaya, hətta anlamaya bilirlər. Bizə elə
gəlir ki, manifesti əks olunan gənc bolşevik Mərdanla Azərbaycana rəhbərlik
etmiş görkəmli ziyalı və ictimai xadim Nərimanovun talelərini ümumiləşdirmək
olar. Nəriman Nərimanovun vaxtilə oğlu Nəcəfə yazdığı məktubundakı peşmançılığı
Mərdanın Baharı xatırlayarkən duyduğu peşmanlıqla, hətta müəyyən mənada eyniləşdirmək
və müqayisə etmək də mümkündür. Sanki Mir Cəlal məqsədli olaraq Mərdanı bütün
bolşevik gənclərin timsalı kimi ümumiləşdirərək, onun öz dövlətini yıxaraq,
Şura quruluşunu qalibiyyət sevincinin və əldə etdiyi qələbə fərəhinin
qarşılığında ölümünə bais olduğu doğma qardaşı Baharın timsalında, onun faciəsindən
irəli gələn peşmanlıqlarla dolu səmimi vətəndaşlıq duyğularını ifadə etmişdir. Söz
yox, bütün hadisələr gözü qarşısında baş vermiş böyük ədibimiz əsl vətəndaşlıq
duyğularını məhz bu mətnaltı formalarda ifadə etdiyini qətiyyətlə düşünmək
olar.
Beləliklə, istər böyük ədib Mirzə
Cəlilin "Anamın kitabı” pyesi, istərsə də görkəmli yazıçımız Mir Cəlalın "Bir
gəncin manifesti” əsəri olsun, onları oxuduqca, adam, Azərbaycan Xalq
Cümhuriyyətinin nakam taleyi ilə qarşılaşır sanki... Necə təsvir olunmasından,
necə başa düşülməsindən asılı olmayaraq, bu iki əsəri Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi taleyi işığında birləşdirən və sevdirən, əhəmiyyətini artıran
çox əhəmiyyətli məsələlər var.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent