İki dövlət qurumu yenə üz-üzə gəldi

İki dövlət qurumu yenə üz-üzə gəldi

Cəmiyyət
27 Noyabr 2012, 15:33 1479
“Hər il prezident İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəb”ini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanın nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur”. Bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada səsləndirib. TQDK sədrinin sözlərinə görə, qurum hər il qəbul imtahanlarında yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumatlar hazırlayır: “Yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Amma gəlin görək həmin məktəblər arasında fərmana əsasən "İlin ən yaxşı məktəbi" seçilənlər varmı? Buna çox az halda rast gəlmək olur. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır. Bəlkə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilərkən təhsil təşkilatlarının bu göstəriciləri yox, başqa məsələlər nəzərə alınır, bunu bilmirəm”.

Böhtan dolu fikirlər?

Təhsil Nazirliyi TQDK sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə rəsmi saytında cavab verib. Belə ki, nazirlik TQDK sədrinin sözlərini yanlış, heç bir əsası olmayan və böhtan dolu fikirlər adlandırıb: “Son günlər müxalifət qəzetlərinin səhifələrində ölkə prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələri ilə bağlı komissiya sədrinin fikirləri yer alır. O, bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin “İlin ən yaxşı məktəbi” müsabiqəsində yer tutmaması ilə əlaqələndirir”. Nazirliyin məlumatına görə, ölkənin təhsil mütəxəssisləri, eləcə də, beynəlxalq təhsil ekspertləri orta məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq olmadığını birmənalı şəkildə təsdiq edirlər. “Ancaq buna baxmayaraq, TQDK-nın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin nəticələri Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq, üst-üstə düşür”.

Qeyd edək ki, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində 2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı verilib. Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib. 20 məktəbin 2-si (Bərdə şəhər 5 saylı orta məktəb, Naxçıvan şəhəri 3 saylı orta məktəb) müsabiqədə iştirak üçün sənəd verməyib. Qalan 18 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir.

2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin siyahısı verilib. Bu məktəblərin 13-ü (türk liseyləri) dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığına görə qaydalara əsasən müsabiqədə iştirak etməyib. 22 məktəbin 5-i müsabiqədə iştirak üçün sənəd verməyib, 2 məktəb (Bakı şəhəri 30 və 48 saylı orta məktəblər) müsabiqədə aşağı nəticə göstərdiyi üçün yer tuta bilməyib. Qalan 15 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir.

Nazirlik hesab edir ki, Məleykə Abbaszadənin fikirlərinin heç bir elmi əsası yoxdur. Belə ki, qeyd olunan məlumatlardan göründüyü kimi, TQDK-nın müvafiq siyahısı Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci ildə isə 94,5 faiz üst-üstə düşür. “Bu nəticələr əvvəlki illərdə də, demək olar ki, eynidir. Əlbəttə, bu nəticələr tam olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan yalnız biridir”.

Nazirlik hesab edir ki, TQDK belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə Prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı.

5 ilin nəticəsi

“İlin ən yaxşı müəllim” və “İlin ən yaxşı məktəbi” müsabiqəsində seçimin hansı kriteriyalar üzrə müəyyənləşdirilməsini öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov prosesdən danışaraq müsabiqənin 50 ən yaxşı ümumtəhsil məktəbi və 100 ən yaxşı müəllimin seçilməsi üzrə həyata keçirildiyini qeyd edib. Belə ki, 2007-2008-ci dərs ilindən başlayan və hal-hazırda da davam etdirilən müsabiqənin indiyə qədər 5 qalibi olub. Artıq 250 məktəb «İlin ən yaxşı məktəbi» adını qazanıb. 500 müəllim isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi olub. Nazirlik rəsmisi müsabiqənin şərtlərindən danışaraq «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qaliblərini bir sıra parametrlər üzrə qiymətləndirildiyini bildirib. Belə ki, bu parametrlər müəllimin son 5 ildəki fəaliyyəti ilə bağlı götürülür. Onun ixtisasartırma kurslarından keçməsi, inkişafyönümlü təhsil layihələrində və yeni təlim texnologiyalarının tədrisi üzrə treninqlərdə iştirakı, təhsilin müasir problemlərinə həsr olunan seminar və treninqlərdə məşğələlər aparması, ümumtəhsil məktəblərində ümumi təhsilin təkmilləşdirilməsi, elmi, təcrübi konfranslarda məruzə ilə çıxışları, fənnin tədrisi metodikasının təkmilləşdirilməsi rol oynayır. O cümlədən, yeni strategiyaların tətbiqi, proqram və dərsliklər, yeni fənn kurikulum haqqında rəy və təkliflərinin olub-olmaması, İKT-dən istifadə etmək bacarıqları, dərsliklərin qiymətləndirilməsində və təkmilləşdirilməsində müəllimlərin iştirakı və s. əsas götürülür. “Müəllim ən azı 5 illik pedaqoji təcrübəyə malik olmalıdır. Həmçinin müəllimin bu vaxta kimi nailiyyətləri, təltifləri də nəzərə alınır. Bu seçim müəllimin fəaliyyətinə verilən qiymət kimi aparılır. Bu kriteriyalar üzrə müəllimin təqdim etdiyi sənəd qiymətləndirilir”.

Ə.Adıgözəlovun sözlərinə görə, müsabiqənin ikinci mərhələsində müəllimlər açıq dərs keçirlər. Belə ki, hər müəllim bir dərs keçir və bu dərslər münsiflər heyəti tərəfindən qiymətləndirilir: “Üçüncü mərhələdə Təşkilat Komitəsinin qarşısında müəllimə 10 dəqiqə vaxt ayrılır və onun təqdimatı qiymətləndirilir. Hər mərhələnin nəticələri toplanılır, reytinqə vurulur və ən yüksək bal qiymətləndirilir”. Qeyd edək ki, müsabiqədə 95 müəllim Bakı da daxil olmaqla Azərbaycanın ayrı-ayrı rayonlarından, 5 müəllim isə Naxçıvandan təqdim olunur. Beləcə hər il ölkə rəhbərliyinə 100 müəllimin adı təqdim olunur və sərəncamla təsdiq edilir: «Yer tutan müəllimlərə ixtiyar verilir ki, 4 ildən sonra yenidən müsabiqəyə qatılsınlar. Müsabiqədə qalib olmayan müəllim isə hər il iştirakı üçün sənəd verə bilər».

Pullar haqqında illik hesabat

«İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibinə gəlincə, burada da kriteriyalar yüksək göstəricilərə söykənib. Ə.Adıgözəlovun sözlərinə görə, 3 mərhələdən ibarət olan müsabiqədə məktəblərin fəaliyyəti də eyni qayda ilə qiymətləndirilir. Belə ki, qiymətləndirmədə məktəbin müxtəlif layihələrdə iştirakı, ali məktəbə qəbul göstəriciləri, həm də 500-dən yuxarı bal toplayan şagirdlərin sayı əsas göstəricidir. Hər bir məktəbin məzunlarının medalla təltif olunması, əvvəlki illərdə məzunların fərqlənmə şəhadətnaməsi alması, məktəbdə kontingentin sabit saxlanması istiqamətində atılan addımlar, təhsil müəssisəsinin olimpiada, müsabiqə və yarışlarda iştirakı da şərtlərə daxildir.

İkinci mərhələdə daha çox məktəbin 9 və 11-ci siniflərinin keyfiyyət göstəricilərinə önəm verilir. Belə ki, onlarla sınaq imtahanı aparılır və keyfiyyət göstəriciləri əsas götürülür: “Hər iki mərhələdə nəticələr 10 ballıq sistemlə qiymətləndirilir. Üçüncü mərhələdə isə məktəbin direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və s. haqda 10 dəqiqəlik təqdimat edir. Sonra bu nəticələr toplanaraq reytinq müəyyənləşdirilir. Bakı da daxil olmaqla respublikanın rayonları qarışıq 47 məktəb, o cümlədən, Naxçıvandan 3 məktəbin adı dövlət başçısına təqdim olunur”.
Həm müəllimlərə, həm də məktəblərə ayrılan mükafatlara gəlincə, nazirlik rəsmisi bildirib ki, müəllimlərin hər birinə verilən 5000 manat onların şəxsi hesablarına köçürülür. Hər bir məktəbə ayrılan 10 min manatın xərclənməsi üçünsə konkret istiqamətlər müəyyənləşib: «Məktəbin tədris maddi bazasının gücləndirilməsi, müasir avadanlıqların alınması, təhsil müəssisəsinin qalib adını qazanmasında daha çox zəhməti olan müəllimlərin mükafatlanmasına və s. xərclənə bilər”. Ə.Adıgözəlovun sözlərinə görə, məktəblər xərclədikləri həmin pullar haqqında hər il hesabat verirlər.

Uzlaşmayan meyarlar?

«İlin ən yaxşı məktəbi» adını qazanan təhsil müəssisələrinin ali məktəblərə qəbulu zamanı aşağı göstəriciləri ilə bağlı səslənən fikirlərə münasibət bildirən nazirlik rəsmisinin sözlərinə görə, TQDK-nın müəyyənləşdirdiyi bir neçə “İlin ən yaxşı məktəbi” bu müsabiqənin qalibi olmayıb: “TQDK bu məsələdə qiymətini qəbula görə, yəni ali məktəbə qəbulda yüksək nəticəyə görə verir. Nazirlik isə qiymətləndirməni təkcə bununla aparmır. Bizdə təkcə birinci mərhələ 22 meyar üzrə müəyyənləşir. Bu, yalnız bir meyardır. Biz təkcə ali məktəbə qəbulu əsas götürmürük. Biz öz seçimimizi həm məktəbin, həm də müəllimlərin hərtərəfli qiymətləndirilməsinə yönəldirik”.

Göründüyü kimi, Təhsil Nazirliyi ilə TQDK-nın “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələri ilə bağlı kriteriyaları tam fərqlidir. Meyarlar uzlaşmır, nəticədə qarşılıqlı ittihamlar gündəmə gəlir – hamısı da təhsilimizin başında çatlayır.

Təranə Məhərrəmova