• çərşənbə axşamı, 23 aprel, 20:22
  • Baku Bakı 20°C

İki dünya: İslam və Hindistan

25.04.17 13:30 890
İki dünya: İslam və Hindistan
Təlatümlü bir həyat yaşamış türk düşünəri Cəmil Meriçin gözləri 1950-ci illərin ortalarında tutulsa da, onun ümman yaradıcılığı Şərq və Qərb mədəniyyətlərinin çulğaşmasının doğurduğu daha çox ziddiyyətli məqamlara aydınlıq gətirən və xüsusilə bu məqamların sapıntılı ideoloji yönlərinin bilərəyini bəsirətlə açıb göstərən bir gerçəkçinin irsidir. Əlli yaşlarına qədər – gözləri görüncə, o, Qərb düşüncəsi ilə əsərlərində fikir daşıyan bir yazar idi. Bu yaşdan sonra – gözləri görməyincə, Şərq dünyasının dərin mahiyyətinə varıb onu üzə çıxarmağın yanğılı axtarışlarında bulunan bir mücahid. Cəmil Meriç bu çağdan Qərb sivilizasiyasından nə qədər bəhs etsə, onun dəyərlərini tanıtsa da, yazdığı və söylədiklərində Şərq müdrikliyinə tapınma, meyar səviyyəsində söykənc önə çıxır. Onun əsərlərində köklərindən qopmuş, Qərbin məfhum, ideologiya və şüarlarını şüursuzca mənimsəmiş şərqlinin və eyni zamanda türkün mənəviyyatını sümürən girdabın faciələri izlənilir.
...Avropa İslam dünyasını tanımaz. Tanımaz, çünki İslamı tanımaq – öz-özünü inkar deməkdir. Keşişlərin tiryəkləndirdiyi insan sürüləri İslam mədəniyyətini yox etmək üçün canlarını təhlükəyə atarkən, Avropanın İslamiyyətlə anlayışlı davranması gözlənilirdimi?! Xaç yürüşlərini qızışdıranlar öncə İslamiyyəti qaralamaq istəyəcəkdilər. Bütpərəst Avropa İslamiyyət kəlməsini tələffüz etməkdən belə incə-incə qaçar. Avropalı üçün, yaxın zamanlara qədər, İslam yoxdur, Məhəmmədilər vardır: "Quran” – Allahın kəlamı deyil, Məhəmmədin əsəridir. Bu inancın izlərini yaxın zamanlara qədər izləmək mümkündür...
Yenilən Xaçın müzəffər Ay-Ulduz qarşısında qisasını Volter belə etiraf etmək zorunda qalır: "Quran”da heç bir zaman mövcud olmayan hədyanları ona yapışdırmışıq. Şükürlər olsun ki, keşişlərimiz yeniçəridən daha çox. Məhəmməd dinini qəbul edən türklərə qarşı kitab dalınca kitab döşəmişlər. Nə etsinlər? İstanbulun fatehlərinə qarşı başqa bir şey qoymaq əllərindən gəlməmişdir”.
Əlbəttə, Xristian dünyasının İslamiyyətə baxışı həmişə düşməncə olmuşdur. Avropalının elmi və cahanşümul tədqiqatları İslamiyyətin sərhədlərində durur. Xaçlılardan bu yana avropalının amacı İslamiyyəti tanımaq deyil, onu yıxmaqdır.
..."Quran” həm bir ibadət kitabı, həm də bir anayasa.
İslamiyyətin təməl məfhumu – bərabərlik. Bu bir amac deyil, bir haqdır. Azadlıq – bərabərliyin bir başqa adı və ya görünüşü. Sinif qəbul etməyən, imtiyaz tanımayan bir dində kimin azadlığı kimə qarşıdır? Qərb – azadlığı bir xəta işləmə haqqı olaraq anladır. Müsəlmanın belə bir haqqı yoxdur. Çünki o, əbədi həqiqətin, yeganə həqiqətin, cahanşümul həqiqətin əmrindədir.
Şübhəsiz, İslamiyyət bir qanun və nizam hakimiyyətidir (nomokratiyadır). O, Qərbin gerçəkləşdirməyə çalışdığı bərabərliyi çoxdan fəth etmişdir. Demokratiyanın ta özüdür İslamiyyət.
İslamiyyət – bütün insanlığa xitab edən tək dünyagörüşü. Təməli – vəhdət, sevgi, ədalət. Bütün insanlar doğuluşundan bərabər. Bir şəxs islamı qəbul etdikdən sonra gerçək bir bərabərlik olur bu. O, insanı – insan olduğu üçün Tanrının xəlifəsi qəbul edər. Avropanın xəyallarını aşan bir röyadır İslam, bir fikir memarlığıdır... Həqiqətən də, "hürriyyət” kəlməsi çox gec çağlarda dilimizə girmişdir. Çünki Türk-İslam – azaddır. Bu etibarla, bizim dünyagörüşümüz ən azı üç millətin əl-ələ verərək hazırladığı bir sistemdir... Ərəblər, türklər, iranlılar bu əzəli həqiqətin formalaşmasında fiqh elmi, sənətləri ilə əl-ələ vermişdir. İslamiyyət dərinin rənginə, doğuluş məkanına fərq qoymaz. Avropanın tolerantlığını İslam son dərəcə təbii qəbul edər. O, atəşpərəstləri belə qorumaqda tərəddüd göstərməmişdir. Həm dünyanı, həm axirəti qucaqlayan gerçək bir dünyagörüşüdür o. İslamiyyətdə sinif fərqi yoxdur. Türkü maddiyyətdə və mənəviyyatda dünyanın əfəndisi yapan bu dünyagörüşü çevrəsi ilə bərabər tərəqqi edər. Biz ciddi və fədakar bir insan cəmiyyəti ikən, Avropada səhnəyə çıxan burjuaziya bizi çökürtmək üçün əlindən gələni edəcəkdi. Dünyanın üçdə ikisini üçdə biri üçün yaxmış, yıxmış, siyasətdən əxlaqı qovmuş bir tülkü sivilizasiyasıdır o. Bir aslan mədəniyyəti bir tülkü mədəniyyətinə yenildi. Uşaqların və qadınların zəfəri. Burjuaziya bizim içimizə mürəbbiyələri ilə, aktrisaları və elçiləri ilə soxuldu, yaltaqlandı. Gəmirdi və yıxdı. Tənzimatdan sonra öz qınına çəkilən üləmalar bu Yəcuc-Məcuc tayfasının zəfəri qarşısında əfəllədi. Və tarix səhnəsindən çəkildi. Zatən təbii müttəfiqləri də yoxdu artıq.
Ərəblər doqquzuncu yüzillikdə Hindistana vaizlər göndərirlər, Həllac Qucerataya, Malik bin Dinarın müridləri Maldivə gedir. Amma iki dünyanı bir-birinə tanıdan Qəznəli Mahmudun fütuhatıdır. Səbuk Təkinin oğlu Qanq vadisini ələ keçirirkən, Əl-Biruni də Hind düşüncəsini fəth edir. "Təhrir ma lil Hind” Hindistan haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Biruni kitabında İslam mütəsəvvifləri ilə hind bilgələrini tutuşdurur, bənzərliklərə diqqəti çəkir, sufilərin Hüvəsi ilə Atman və Puruşanı müqayisə edir. Amma ustad bununla da yetinmir, "Qita” və "Patancali” doktrinalaı ilə Xristian və yunan əqidələri arasındakı yaxınlıqları göstərir. Ustada görə, hər iki düşüncədə hərəkətsizlik bir ətalət deyil, ruhun heç bir mükafat gözləmədən mütləq varlığa yönəlişidir. "Vasuveda”da deyilir: "İnsanların ən yaxşısı bilgədir. Tanrı onun sevgilisidir”. "Quran” da buyurmurmu: "Allah onları, onlar da Allahı sevər”?!
Təqdimat və tərcümə:
Rahid Ulusel


banner

Oxşar Xəbərlər