II Milli Mühasiblər Forumu keçiriləcək
Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən
amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın
müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir
çağırışları nəzərə alaraq Azərbaycan Respublikası
Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,
İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və
Gənc Mühasiblər Birliyi birgə olaraq 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı
rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumunu keçirəcəklər.
Forumun reallaşmasında məqsəd Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi,
mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların
stimullaşdırılması
və beynəlxalq təcrübə üzrə məlumatlılığın
artırılmasıdır.
Tədbirdə mühasiblər, alimlər, ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri
bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq, innovativ təkliflər
irəli sürəcəklər. Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur
spikerlər dəvət olunmuşdur ki, bu da iştirakçıların peşə hazırlığının daha da
artırılmasına, mühüm biliklər əldə etmələrinə və tədbir boyu vaxtlarının səmərəli
keçməsinə kömək edəcəkdir.
Forumda bir ilkə də imza atılaraq əvvəlki tədbirdən
fərqli olaraq məşhur spikerlərlə yanaşı, mühasibat uçotu sahəsində yeni
simaların üzə çıxması üçün hər kəsə məruzəçi kimi çıxış etmək imkanı yaradılıb.
Təbii ki, bu seçim əsasında aparılacaq. Buna görə də məruzəçi iddiasında
olanlar forumun rəsmi saytına – www.mmf.az – daxil olub şərtlərlə tanış olmalı, tələblərə müvafiq
qaydada müraciət etməlidirlər.
Bu dəfəki forumda mühasibat uçotu sahəsində müxtəlif
nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin
mühasibat uçotu sahəsində ən yaxşı treyneri, jurnalı, məqaləsi, kitabı və
proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Azərbaycanda
bu sahə üzrə özünə güvənən şəxslər bacarıqlarını sınamaq üçün forumun saytına daxil olub yarış şərtləri ilə tanış ola
bilərlər. Qeyd edək ki, qalibləri sonda pul mükafatları, qiymətli hədiyyələr və
sertifakatlar gözləyir.
Hesab edirik ki, Forum iştirakçıları üçün ən
maraqlı məqamlardan biri də mühasibat uçotu sahəsində Respublika üzrə II
Breyn-Rinq yarışmasına qatılmaları olacaqdır. Bilik müsabiqəsi Forum
iştirakçıları arasından mühasibat uçotu üzrə sual-cavab əsasında komandaların
formalaşması ilə başlayır. Sonrakı mərhələlərdə isə suallar getdikcə çətinləşir,
özündə nəzəri və praktiki məsələləri ehtiva edir. Qalib komanda bir qayda
olaraq mükafatlandırılır. Keçən ilki Breyn-Rinqdə qalib "HAYKS” komandasına
Beynəlxalq Sertifikatlı ödənişsiz treyninq hədiyyə olunub.
Qeyd edək ki, II Milli Mühasiblər Forumunda
iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Forumun Təşkilat
Komitəsi tərəfindən qarşılanmaqla yanaşı, tədbirin 2-ci günü Azərbaycanın
füsunkar məkanlarından olan Şamaxı və İsmayıllı rayonlarının ən gözəl güşələrində
gəzinti də təşkil olunacaqdır. Hesab edirik ki, bu da iş mühitindən ayrılaraq,
mühasiblərin illik yorğunluqlarını aradan qaldıracaqdır. Məruzəçilər ən geci 15
fevral 2018-ci il tarixinə kimi qeydiyyatdan keçməlidirlər. Dinləyici kimi
iştirak arzusunda olanlar isə 1 Mart 2018-ci il tarixinə qədər bu istəklərini Təşkilat
Komitəsinə bildirməlidirlər.
Müraciət etmək üçün www.mmf.az elektron saytında "Qeydiyyat”
pəncərəsinə daxil olub elektron qaydada formanı tam doldurub göndərmək
lazımdır. Bundan sonra elektron qeydiyyat formasında göstərdiyiniz e-mail
ünvanınıza 3 gün ərzində xüsusi ərizə forması göndərilir. Həmin ərizəni tez bir
zamanda tam doldurub ərizə gələn e-mail ünvana göndərməlisiniz. Bu da hələ
iştirak hüququ əldə etməyiniz deyildir. Daha sonra 2018-ci ilin mart ayının ilk
həftəsi MMF-in Təşkilat Komitəsinin üzvləri ərizəçinin göndərdiyi məlumatları təhlil edərək
tədbirin keçirilmə məqsədlərinə ən uyğun şəxsləri şeçəcəklər. Seçilmiş şəxslərə
xüsusi dəvətnamələr göndəriləcək ki, bununlada onlar Forumda tam iştirak hüququ
əldə etmiş olacaqlar.