• şənbə, 20 Aprel, 16:45
  • Baku Bakı 23°C

İftarı açanda əlinə nə keçdi yeməli, yoxsa?..

10.07.13 09:22 3077
İftarı açanda əlinə nə keçdi yeməli, yoxsa?..
“Orucluq hər cür şəraitdə, ilin fəsillərindən asılı olmayaraq insanlara ac qalmağı öyrədir. Bu, eyni zamanda insanın iradəsi ilə bağlı məsələdir. İnsan on iki ayın on bir ayını istədiyi kimi istifadə edir. Ancaq Ramazan orucu olmasa mədəsinə istirahət vermir. Ancaq insan oruc tutduqda, ilk növbədə Allah üçün etdiyinə görə savab qazanır, digər tərəfdən də sağlamlıq tapır. Peyğəmbərimiz də buyurub ki, oruc tutun, sağlam qalın”.
Bu sözləri bizimlə söhbətində ilahiyyatçı Elşad Miri bildirdi. İyulun 10-dan Ramazan ayının başladığınlı nəzərə alaraq orucun insan orqanizminə faydaları və oruc tutanların hansı qidalardan istifadə etməsi ilə bağlı mütəxəssislərlə danışdıq. E.Mirinin sözlərinə görə, orucun insan orqanizminə xeyri ilə yanaşı, mənəvi tərəfdən də faydaları var: “Orucun mahiyyəti ondan ibarətdir ki, oruc tutan mədəsini ac saxladığı kimi, əllərini, dilini, qollarını, qulaqlarını da insanlara qarşı olan mənfur əməllərdən tutub saxlamağı bacarmalıdır”.
“Mədənizi boş saxlayın ki, bütün xəstəliklərdən azad olasınız”
Terapevt Məlahət Abbasovanın sözlərinə görə, orucun insan sağlamlığına, eyni zamanda bəzi xəstəliklərin sağalmasına müsbət təsir i var: “Ac qalmaq daxili sekresiya vəzilərinin normal işləməsinə səbəb olur ki, bu da şəkərli diabet xəstələrinə çox böyük kömək edir. Eyni zamanda daxili sekresiya vəzlərinin inkişaf etdirilməsi beyin qan dövranını tənzimləyir. Oruc tutmaq qalxanabənzər vəzin hiper və hipofunksiyasının yaxşı işləməsinə, aybaşı pozğunluğu olan qadınlarda bu halın düzənə düşməsinə kömək edir”.
M.Abbasova bildirdi ki, oruc tutan insanlarda görmə qabiliyyəti yaxşılaşır, qan təzyiqi tənzimlənir: “Orucluq ürək, qan-damar xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir, əsəb sistemini sakitləşdirir. Orucluq hətta aclıqla müalicə ilə müqayisə olunur, mədə-bağırsaq sistemi xəstəliklərinin aradan qalxmasında rol oynayır. Mədəaltı vəzin iltihabı xəstəliyinin müalicəsində ilk növbədə aclıq məsləhət görülür. Xroniki qastritdə, mədə yaralarında, mədə-bağırsaq pozğunluğunda aclığın, orucluğun çox böyük köməyi var. Məhəmməd peyğəmbər də buyurub ki, mədənizi boş saxlayın ki, bütün xəstəliklərdən azad olasınız”.
Kimlərə oruc tutmaq olmaz?
Terapevt bildirdi ki, taqətsiz yaşlılara, süd verən analara, hamilə qadınlara, uzaq səfərə gedən insanlara, müharibə şəraitində sərhəddə olan əsgərlərə oruc tutmaq əks göstərişdir: “Bəzi insanlar var ki, səhhətləri ilə əlaqədar mütləq dərman qəbul etməlidirlər. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər insulin qəbul etməmişdən əvvəl mütləq qida qəbul etməlidirlər. Buna görə də bu cür insanlar oruc tutmaya da bilərlər. Yaxud mədə və on iki barmaq bağırsağında yara olanlara vaxtaşırı dərmanlar qəbul etmək göstərişi varsa, onlar qidalandıqdan sonra dərmanlarını atmalıdırlar. Yaxud infarkt keçirmiş insanların qanı laxtalanmağa meyllidir, amma daim duru olmalıdır. Əks halda tromb əmələ gələ bilər. Belə insanlar da qanı durulaşdıran dərmanlar qəbul etdiklərinə görə və həmin dərmanlar da yeməkdən sonra təyin olunduğu üçün onlar mütləq yemək yeməlidirlər. Yaxud təzyiqi, şəkəri normadan aşağı olan insanlara oruc tutmamaq məsləhətdir”.
İftarı nə ilə, necə açmalı?
M.Abbasovanın sözlərinə görə, oruc tutan bəzi insanların beynində belə bir fikir formalaşır ki, “iftarı açanda əlimə nə keçdi yeməliyəm”: “Ancaq nəzərə almaq lazımdır ki, balaca mədəmiz var və onun da müəyyən tutumu var. buna görə də orucu açanda gün ərzində yemədityinin əvəzini çıxmaq üçün nə gəldi, necə gəldi və normadan artıq yemək sağlamlığa zərərdir. Məsləhətdir ki, iftar çay və xurma ilə açılsın. Çünki çay və xurma mədəyə daxil olduqda insanda bir qədər toxluq hissi yaradır. Bu da bir oturuma çoxlu yeməməyə kömək edir. Çay və xurmadan sonra iftarı mütləq sulu yeməklə açmaq lazımdır. Çünki birdən-birə quru yeməklə açmaq mədə ağrılarına gətirib çıxara bilər. Hətta sulu yeməyi də fasilələrlə qəbul etmək lazımdır. Иftarda insan ürəyi istədiyi bütün halal nemətlərdən yeyə bilər. Bu şərtlə ki, yemək çox aramla və normasında yeyilməlidir».
Həkim məsləhət görür ki, oruc tutan insanlar vitaminli, tutumlu yeməklərə, mövsümə uyğun meyvə-tərəvəzə üstünlük versinlər: “Məsələn, səhər yumurta qəbul etmək məsləhətdir. Çünki yumurta mədənin divarlarını tutur və uzun müddət toxluq hissi yaradır. Məsləhətdir ki, səhərlər susuzluq yaradan qidalardan istifadə edilməsin ki, sonra bədən su tələb etməsin. Çayı limonla içmək də susuzluğu yatırmağa kömək edir. oruc tutanların ağır işlər görməsi, günün altında çox gəzməsi məsləhət deyil”.
Oruc tutmağın insanın ruhi sağlamlığı olduğunu deyən həkim bildirdi ki, insan qida qəbul etməyəndə, bədəni artıq yüklə yükləməyəndə əsəb sistemi sakitləşdiyinə görə ruhu sağlamlaşır: “Ruhu sağlam insanlar da bəd işlər görməz, heç kimin arxasınca danışmaz, həmişə kiməsə əl tutmağa, yaxşılıq etməyə çalışar. Çünki belə insanlar aclığı hiss etdiyindən acları, imkansız insanları hiss edir, hamıya əl tutmağa çalışırlar”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər