AZE | RUS | ENG |

İfrat təhlükəli hava dəyişikliyi gözlənilir

İfrat təhlükəli hava dəyişikliyi gözlənilir
Əhaliyə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edildi, təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırıldı

Artıq qışın ikinci ayını yaşayırıq. Amma hələ ki, qardan nə əsər var, nə əlamət. Amma son iki gün ərzində hava haqqında yayılan proqnoz hər kəsi təşvişə salıb. Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib. Bu barədə də əhaliyə müxtəlif xəbərdarlıqlar edilib. Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bağlı bütün tədbirlər təxirə salınıb. Bir gün əvvəl valideynlərə uşaqlarına bağçalara gətirməmək tövsiyəsi də verilmişdi. 
Əslində yanvar ayında havanın qarlı və yağmurlu keçməsi normal haldır. Amma ilk dəfədir ki, "ifrat təhlükəli hava proqnozu” ifadəsini eşidirik. Təbii olaraq bu hal insanlar tərəfindən də narahatlıqla qarşılanıb. Görəsən ifrat təhlükəli hava nə deməkdir? Həqiqətən də hər hansı bir təhlükə ehtimal edilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "Report”a açqılamasında deyib ki, yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq çox güclü küləklə bağlıdır. O bildirib ki, Ümumdünya Metrologiya Təşkilatının üzvü kimi Azərbaycanda da açıqlanan proqnozlar və xəbərdarlıqlar dünya təcrübəsində qəbul olunmuş meyarlara uyğun verilir: "Yanvarın 17-i üçün verilən ifrat təhlükəli hidrometreoloji hadisəni səciyyələndirən meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır. Bu, Xəzər dənizinin akvatoriasına aiddir. Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Hidrometrologiya xidmətinin vəzifə borcudur ki, meyarlara uyğun olaraq təhlükəli hidrometroloji hadisələri səciyyələndirsin və bu barədə müvafiq xəbərdarlıqları həm dövlət orqanlarına, həm müvafiq təşkilatlara göndərsin. Borcumuz eyni zamanda əhalini gözlənilən hava dəyişikliyi ilə bağlı məlumatlandırmaqdır”.
Direktorun sözlərinə görə, yanvarın 17-də Azərbaycanda gözlənilən güclü küləyin sürəti dəniz akvatoriasında daha çox olacaq: "Abşeron yarımadasında sürəti saniyədə 30 metrdən artıq güclü külək gözlənilir. Bu, yarımada üçün çox güclü külək hesab edilir. Bu da o deməkdir ki, bəzi quru ağacların budaqları sına bilər və s. Ona görə də əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac yoxdursa, çölə çıxmasınlar, valideynlər övladlarını nəzarətsiz çölə buraxmasınlar”.
U.Tağıyeva deyib ki, ifrat təhlükəli hidrometreoloji hadisə rayonlarda çox yağıntı və qarla müşahidə olunacaq: "Rayonlarda temperatur kəskin enəcək”. U.Tağıyeva insanların xəbər başlıqlarından təşvişə düşməmələrini, bunu normal qəbul etmələrini məsləhət görüb. Bildirib ki, insanlar hava dəyişikliyi ilə bağlı əvvəlcədən məlumatlı olmalıdır: "İndiyə kimi deyirdilər ki, "niyə bizə demirlər?”, "niyə xəbərdarlıq etmirlər?”, səbəb insanların təşvişə düşmə ehtimalı idi”.
Qərargahdan isə "Kaspi”yə bildirildi ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal qərb küləyinin əsəcəyi, küləyinin gücünün 28-33, yarımadanın bəzi yerlərində saniyədə 35-38 metrədək şiddətlənəcəyi proqnozlaşdırılır. Bölgələrdə də havanın kəskin soyuyacağı istisna deyil. Sulu qar və qar yağacaq. Ayrı-ayrı bölgələrdə yağıntı intensiv xarakterli olacaq. Havanın temperaturunun 10 dərəcəyə qədər aşağı düşəcəyi gözlənilir.
ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Kaspi”yə açıqlamasında qeyd etdi ki əhaliyə xəbərdarlıq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlıdır: "İki gün əvvəldən bütün dövlət qurumlarının nazirliklərə, icra hakimiyyətlərinə, Xəzər dənizində fəaliyyət göstərən qurumlara proqnozlar göndərilib. Yanvarın 17-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin gündüz saatlarında güclənməsi gözlənilir. Küləyin sürəti adətən 15 metrdən yuxarı olduqda güclü hesab olunur. Küləyin sonrakı inkişafı 30 metri keçərsə, bu, təhlükəli sayılır. Məhz buna görə də müvafiq qurumlara xəbərdarlıq etmişik. Şiddətli hava əsasən ayın 17-də müşahidə ediləcək. Güclü külək qısamüddətli olacaq. Yanvarın 18-də havanın mülayimləşməsi gözlənilir. Bu, əslində temperaturun anomaliyasıdır. Havanın temperaturu birdən-birə 10 dərəcə aşağı düşəcək. Yanvarın 16-da Bakıda havanın temperaturu 10-15 dərəcədirsə, 17-də bu temperatur 1-2 dərəcəyə qədər enəcək. Ona görə də əhaliyə əvvəlcədən xəbərdarlıq edilib”.
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında ölkə ərazisində sonuncu dəfə belə güclü küləyin 2015-ci ildə baş verdiyini deyib: "Həmin vaxt küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb. Hətta həmin hava şəraiti dənizdə insan tələfatı ilə nəticələnmişdi. Bu dəfə miqyas geniş olacağından öncədən xəbərdarlıq edilib. Belə hallar dənizdə tez-tez müşahidə edilir. Elə vaxtlar olub ki, Neft Daşlarında dalğanın gücü estakadanı aşırıb. Dənizdə küləyin sürəti daha çox olacaq. Dəniz şəraiti, çoxmərtəbəli tikililər üçün mütləq öncədən tədbirlər görülməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də haqlı olaraq qərargahlar yaradıb. Səhiyyə Nazirliyi  gücləndirilmiş iş rejiminə keçməklə bağlı düzgün qərar verib”.
Məhərrəm Həsənov deyib ki, belə küləklər az-az hallarda müşahidə olunsa da, Bakı üçün gözlənilməz hal deyil.
 
"Bakıda 25-28 metr küləyin olmasını fəlakət hesab etmirik. Söhbət məndən yox, bütün coğrafiyaşünaslardan, iqlimşünaslardan gedir. Bu dəfə isə çox güclü külək gözlənilir. Bunun da səbəbi Bakıda atmosfer təzyiqinin təqribən normadan 10 milli metr az, 752 milli metr civə sütunu civarında olması ilə bağlıdır. Bu da o deməkdir ki, təzyiq azdır və kənardan  hava kütlələri bura daha böyük sürətlə axacaq. Bu külək cənub-qərb və şimal-qərb istiqamətli küləklər olacaq. Aralıq dənizi  üzərində formalaşan siklonun müəyyən bir hissəsinin Azərbaycandan keçəcəyi gözlənilir. Bu təbii ki, güclü küləyə səbəb olacaq”.
 
Şəbnəm Mehdizadə
 
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056