AZE | RUS | ENG |


İfaçı gərək öz alətini sevsin - Debüt

İfaçı gərək öz alətini sevsin - Debüt
Yaqub İlyasov: “Tara toy mahnıları yaraşmır”


 
Musiqi insan ruhunun qidasıdır deyirlər. Səslər, ritmlər, notlar bu aləmin ahəngdarlığını təşkil etməklə yanaşı, xüsusi də gözəllik də bəxş edirlər. Xalqımızın qədimdən bəri öz çalğı alətləri olub və bu günümüzə qədər gəlib çatıb. Həmin alətlərin qorunub saxlanmasında, gələcək nəsillərə çatdırılmasında Bu gənclərin də boynuna böyük yük düşür. Budəfəki müsahibimiz istedadlı tarzən Yaqub İlyasovdur. O, 1993-cü ildə Bakıda dünyaya gəlib. 265 nömrəli orta məktəbdə təhsil alıb. 2009-cu ildə yəni 9-cu sinifdə oxuyarkən oradan çıxaraq Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub.
 
 
- Yaqub bəy, sizdə musiqiyə olan həvəs necə yarandı?

- Açığını desəm, əvvəllər musiqiyə o qədər də həvəsim olmayıb. Bu sənətə məni rəsmən evdən yönləndiriblər (gülürük). O zamanlar valideynlərim məni musiqi məktəbinə göndərdilər. Ancaq gözləmirdilər ki, mən bu sənətin arxasınca gedər, sənətə həddən artıq bağlanaram.
- Bu gün gənclərin tara olan marağı hansı səviyyədədir? Maraq varmı?
- Tara böyük maraq var. Məni qane etməyən yalnız bir məqam var. Tar adı gələndə deyirlər ki, yenə də muğam? Mən bu düşüncələri insanların beynindən silmək istəyirəm. Çalışıram sübut edim ki, tarda yalnız muğam ifa olunmur.
 
- Bəzən tarla hansısa aləti sintez edib mahnı da ifa edirlər. Bu mahnıların ömrü nə qədərdir?

 
- Düzü, mən də müasir musiqi janrları ilə sintezlər etmişəm və edirəm də. Belə ki, pop, rok, rep kimi janrlarla sintezlərim az deyil. Həmin sintez olunmuş mahnılar qısa müddətli zövq almaq üçündür. Bir ay yadda qalır, bir aydan sonra yaddan çıxır. Dəfələrlə şahidi olmuşuq ki, bu tipli mahnılar keçəridir. Muğamın yeri başqadır. Ruhun dincəlməsi üçün muğama müraciət olunur.
 
- Ancaq nədənsə gənclərin gitaraya meyl göstərdiyinin tez-tez şahidi oluruq.

 
- Bunu hər gəncə şamil etmək düzgün deyil. Gitaraya meyl göstərənlərin bəzilərinin isə tamam başqa səbəbi var. Açıq danışsaq, həvəskar başlayanların məqsədi xanımların diqqətini cəlb etməkdir. Çünki xanımların gitarandan xoşu gəlir. Hətta bu işə o məqsədlə başlayalar da az deyil.
 
- Sizi hər zaman gündəlik geyimlərdə görürük, Hətta tədbirlərdə də. Sizcə, tar ifaçısı necə geyinməlidir?

 
- Musiqi alətlərini ifa edən ifaçıların klassik və rəsmi geyimlərinə qarşıyam. İfaçı rahat geyimdə çalışmalıdır. Ciddi geyimlər birbaşa insanların şüuaraltına təsir edir.
 
 
- Bu sənət pul gətirəndirmi?

- Hər hansı bir sənətə başlayırkən, ondan pul qazanmaq fikirləşirsənsə, o düşüncə ilə irəli getmək mümkün deyil. Əgər incəsənəti seçmisənsə gərək sənət göstərəsən. Sənətini, ailəni sevməlisən, daha sonra pul haqqında fikirləşməlisən. Sənətə ürəyini qoymalısan ki, tamaşaçıları səni hiss edə bilsin. Müasir dövrün tamaşaçılarını aldatmaq olmur. Onlar süni ifanı o saat hiss edirlər. Bütün bunlar olduqdan sonra pul özü gəlir. Musiqi qumar kimi bir şeydir – qazana da bilirsən, qazanmaya da…. Düzdür, hazırda o qədər də çox yüksək qazancımız da yoxdur.
 
- Tar çox ağır alətdir, onu özünüz ilə gəzdirmək, daşımaq çətin deyilmi?
- Bu sənəti seçərkən işin bu tərəfini heç fikirləşməmişdim. 15 ilə yaxındır ki, tarı çiynimdə daşıyıram. Artıq öyrənmişəm. Hiss etmirəm ki, çiynimdə bir yük var. Tarı daşımağın mənəvi yükü çox ağırdır. Ancaq fiziki olaraq heç bir ağırlığı yoxdur.
 
- Sosial şəbəkələrin izlənmə səviyyəsinin televiziya və radio ilə bərabər tutulduğu deyilir. Siz necə düşünürsünüz?

  - Mənə elə gəlir ki, sosial şəbəkələr izlənmə sayına görə televiziya və radonun izlənmə sayını keçir. Sosial şəbəkə vasitəsi ilə məşhurlaşmaq mümkündür. Düzdür, televiziya da, radio da lazımdır. Amma indiki zamanda sosial şəbəkələr insanı daha tez məşhurlaşdırır. İndi insanların çoxu vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Hərdən "Facebook”da canlı yayımlar edirəm və bununla insanların maraqlarını cəlb etdiyimin şahidi oluram.
 
-          Sizcə, efirə çıxanlar peşəkar ifaçılardırmı?

-          Efirə çıxırsansa hamı elə bilir ki, peşəkar ifaçısan. Efirə çıxmayan, əlində o şəraiti olmayan insanlar efirə çıxmayan insanlardan qat-qat istedadlıdırlar. Deyirlər ki, əgər o pis olsa, efirə çıxmaz. Efirə çıxan ifaçıların hamısı peşəkar deyil.
 
 
- Müəllimləriniz kimlər olub?
 
- Bu səviyyəyə qədər gəlib çatmağımda müəllimlərimə minnətdaram. İlk müəllimim musiqi məktəbində mənə tar tutmağı öyrədən Novruz Məmmədovdur. Asəf Zeynallıda Ramin Rzayevdən çox şey öyrənmişəm. Bundan başqa ixtisas müəllimim Nəcməddin Paşayevi qeyd etmək istərdim. Onların hamısının üzərimdə böyük zəhməti var. Bu sənətə yiyələnməyimdə əməyi olan bütün müəllimlərimə təşəkkürümü bildirirəm.
 
 
- Tarı daha çox sevdirmək üçün nə etmək lazımdır?
- Daha çox ürək qoymaq lazımdır. İfaçı gərək öz alətini sevsin. Belə olarsa, o zaman onun səsləndirdiyi mahnını dinləyici də sevəcək.
 
- Yəni siz tarı o qədər çox sevirsiniz?

 
- Tar mənim üçün əzizdir, oğlum kimidir. Düzdür, həyatda dostlarım çoxdur. Amma biz danışanda hər şeyi onlara təfərrüatları ilə demirik, nələrisə ürəyimizdə saxlayırıq. Tarı ələ alanda sanki onunla söhbət edirəm. İfa edəndə sakitləşirəm.
 
- Ən çox hansı mahnıları ifa etməyi xoşlayırsınız?
- Çox zaman Şövkət Ələkbərova ilə Rübabə Muradovanın mahnılarını ifa edirəm və dinləyirəm.
 
- Bəs mahnı bəstələməklə necə aranız varmı?
- Hələ ki, belə bir fitri istedadım yoxdur. Düzdür, indi yerindən duran hər kəs deyir ki, mən bəstəkaram. O sahənin insanları tam başqadır. Tar çox kaprizli alətdir. Açıq hava ona çox təsir edir, üzü yatır, pərdəsi dəyişir. Tar xanımlardan da kaprizlidir. Haradasa xanımların kaprizinə anlamaq, dözmək olur, ancaq tarda olmur.
 
- Toylara gedirsinizmi?
- Çalışıram ki, çox getməyim. Toydan qaçıram. Gedəndə də qısa müddətli gedirəm.
 
- Toylarda tara münasibət necədir?
- Normal. Adətən dost-tanış toyuna gedirəm. Onlar da tara böyük dəyər verirlər. Tara toy mahnıları yaraşmır. Tarda muğam, bəstəkar mahnıları ifa olunur.
 
- Tarzənlər daha çox trio şəklində fəaliyyət göstərirlər. Bəs siz necə?
- Olur, bəzən təklif olunanda çalışırıq. Ancaq daimi deyil. Mən çalışıram ki, solo fəaliyyət göstərim, o sistemdən uzaqlaşıram. Muğam üçlüyü kimi banketlərə yalnız maddiyyata görə gedirəm. Daha çox dəvət olunduğum kollektivlərlə işləyirəm. Misal üçün bir müddət əvvəl Rüstəm Zeynallı, Natiq Ritm qrupu ilə iş birliyim olub. Bir çox mədəniyyət evlərindən təklifi alsam da, yolun uzaqlığına, həm də qonorarı məni qane etmədiyinə görə razılaşmamışam.

- İfaçılar daha çox tək ifa etməyi xoşlayırlar. Bəs siz necə?
- Tək olanda etdiyin ifanı heç kimin qarşısında edə bilmirsən. Tək olanda bilirsən ki, bir tardır, bir də sən. O zaman ürəyini istədiyin kimi boşaldırsan. Bilirsən ki, sənə fikir verən yoxdur. İfa edən zaman bilirsən ki, yanında kimsə var bu bir az məsuliyyət yaradır və sən tam sərbəst ola bilmirsən.
 
 
- 20 ildən sonra özünüzü harada görürsünüz?
- Onu yaşayıb görmək lazımdır. Çünki həyatda hər şey bizim istədiyimiz şəkildə getmir. Bir də görürsünüz ki, biz planlar qururuq, ancaq hər şey tamam başqa cür dəyişir. Gələcəyin nələr gətirəcəyini bilmək olmaz.
 
 
- "Hər peşəkar musiqiçinin bir mərdimazar qonşusu olur” deyirlər. Qonşularınız sizdən şikayət edirmi?

- (gülürük) Qonşularımız yaxşı insanlardır. Ancaq bir qonşu var ki, onun övladları universitetə hazırlaşır. Mən çox zaman axşamlar işləyirəm. Səhər haradasa məni görəndə deyir ki, imkan ver uşaqlar yatsınlar. Digər qonşuların hamısı razılıq edirlər. Deyirlər ki, ailəvi oturub sənə qulaq asırıq.
 
 Xəyalə Rəis
 







 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202