• şənbə, 20 Aprel, 18:26
  • Baku Bakı 24°C

İƏT XİN Şurasının iclasında Qarabağa dair qətnamələr qəbul olundu

19.06.14 17:57 989
İƏT XİN Şurasının iclasında Qarabağa dair qətnamələr qəbul olundu
İyunun 18-19-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması” şüarı altında 41-ci sessiyası keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən İƏT baş katibi İyad Amin Mədəni Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana öz dəstəyini bildirib. O, Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu iştirakçıların diqqətinə çatdırıb və münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənilməsi üçün İƏT-ə üzv ölkələrə müraciət edib. İ. A. Mədəni hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu söyləyib.
Tədbirdə Azərbaycan Respublikasını təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək Bakının İƏT-ə üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və beynəlxalq terrorizm və islamofobiya meyllərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İclasın nəticəsi olaraq qəbul edilmiş yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunub. İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT XİN başçıları şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar.
banner

Oxşar Xəbərlər