İƏT Ermənistana təzyiqləri davam etdirəcək

İƏT Ermənistana təzyiqləri davam etdirəcək

Təfsilat
19 Aprel 2016, 10:16 1436
“Azərbaycan islami dəyərlərə bağlı olan bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəaliyyətində aktiv iştirak edir. Ölkəmizin mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq kimi münasibətlərə riayət edən dövlət olması artıq təşkilat üzvləri arasında bizə xüsusi hörmət qazandırıb. Təşkilat dəfələrlə Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın torpaqlarımızı işğal etməsi məsələsi ilə bağlı bəyanatlar verib. Bu dəfəki sammitdə də Dağlıq Qarabağ münaqişəsi yenidən gündəmə gətirildi və təşkilat ənənəni davam etdirərək bir daha ortaya özünün prinsipial mövqeyi qoydu. Hesab edirəm ki, bu, Azərbaycanın regionda, təşkilat daxilində qazandığı nüfuzu ilə bağlıdır”.
Bu fikirləri “Kaspi”yə açıqlamasında millət vəkili Aydın Mirzəzadə İƏT-nın sonuncu sammiti zamanı ölkəmizə göstərilən dəstək haqda danışarkən dedi. Bildirdi ki, ölkəmiz müstəqillik qazanan dövründən İƏT-nın üzvüdür: “İslam Əməkdaşlıq Təşkilatı islami dəyərlərə bağlı olan ölkələrin aktual məsələlərini diqqətdə saxladığını, heç bir məsələni həmin ölkənin öz taleyinə buraxmaq fikrində olmadığını bir daha göstərdi. Azərbaycan bu əməkdaşlığa görə həmin ölkələrə öz təşəkkürünü bildirir. Ölkəmiz bundan sonra da bu təşkilatla öz əlaqələrini gücləndirmək fikrindədir”.

Sədrliyin rotasiya qaydası ilə Türkiyəyə keçməsindən danışan millət vəkili ölkəmiz üçün hansı dövlətin sədr olmasının ciddi əhəmiyyət daşımadığını dedi: “Bu məqam ölkəmiz tərəfindən o qədər də qabardılan məsələ deyil. Sədrliyin kimdə olmasını vacib hesab etmirik. Əsas olan təşkilatın özünün nizamnaməyə uyğun olaraq Azərbaycanla bağlı məsələlərlə ciddi yanaşmasıdır. İnanıram ki, sözügedən təşkilat bundan sonra da ölkəmizlə bağlı konkret mövqe nümayiş etdirəcək, torpaqlarımız işğaldan azad olunana qədər Ermənistana siyasi təzyiq göstərəcək. Bunun üçün təşkilatın sadəcə olaraq, məsələyə obyektiv yanaşması kifayət edir. Türkiyə də həmişə beynəlxalq hüquq normalarına xüsusi münasibət bəsləyən ölkələrdən biri olub”.

Millət vəkili Fəzail Ağamalının fikrincə, İƏT-nın budəfəki toplantısı əvvəlkilərdən fərqli bir durumda və dönəmdə reallaşdı: “Nəzərə alaq ki, hələ də müsəlman dünyasında qanlar axıdılır. İstər Suriyada, istər Yəməndə, istər Liviyada qardaş-qardaşı məhv edir. Zirvə toplantısı ərəfəsində Türkiyədə, Pakistanda terror aktları törədildi, vandalizm nəticəsində günahsız insanlar qətlə yetirildi. Türkiyə bir tərəfdən İŞİD, digər tərəfdən PKK-ya qarşı mübarizə aparır. Belə bir vəziyyətdə islam dünyasında önəmli söz sahibi olan Azərbaycanda da erməni təxribatları törədildi. Ölkəmizin ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət ermənilərin əzilməsi və cəbhə xəttinin müəyyən hissələrindən geri çəkilməsi ilə nəticələndi. Bildiyiniz kimi, bəzi yüksəklik və kəndlər geri qaytarıldı. Zirvə toplantısında belə məqamlar müzakirə edilməyə bilməzdi. Orada islam ölkələri arasında əməkdaşlıq və həmrəyliyin, beynəlxalq miqyasda terrorizmə qarşı birgə mübarizə aparılmasının zəruriliyi qeyd olundu. Elm, mədəniyyət, iqtisadiyyat, sosial sahələrdə də əlaqələrin daha yüksək səviyyədə qurulması qabardıldı. Təşkilatın katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyini ortaya qoydu. Bu, bizim üçün çox əhəmiyyətli məqamdır”.

İşğal olunmuş torpaqların azad edilməsinin zəruriliyinin önə çəkilməsi, ərazi bütövlüyümüzün İƏT tərəfindən birmənalı şəkildə dəstəklənməsindən danışan F.Ağamalı bunun ölkə adına mühüm faktor olduğunu düşünür: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da öz çıxışında ərazi bütövlüyümüzü dəstəklədiklərini bir daha bəyan etdi. Ölkə başçısı İlham Əliyev də növbəti dəfə qətiyyətli şəkildə çıxış etdi, vacib məsələlərə toxundu. Ermənistanın təcavüzünün bütün anatomiyası ortaya qoyuldu, geniş şəkildə məlumat verildi. Dağlıq Qarabağla bağlı təmas qrupunun yaradılması da olduqca mühüm məqamdır. Düşünürəm ki, bu qrup Ermənistana daha ciddi təzyiqlə bağlı ortaya müsbət nəticələr qoyacaq. Ümumilikdə İƏT-in işini müsbət hesab edirəm. Orada bəzi dövlətlər arasında təriqət xarakterli motivlərlə bağlı fərqli fikirlər olması isə məni narahat edir. Əslində o, dövlət maraqlarını özündə ehtiva edən yanaşmalardır. Bunu yolverilməz hesab edirəm. Başa düşdüyünüz kimi, söhbət İran və Səudiyyə Ərəbistanından gedir. Heç də xoş olmayan münasibətlər ümumi ahəngə də yaxşı təsir göstərmir. Əslində, hamımız islam ölkələriyik. Belə məqamlar xoşagəlməz situasiyalara yol açır. Amma nəticəni müsbət adlandırıram. Xüsusi olaraq, Azərbaycana göstərdikləri dəstəyə görə bir vətəndaş kimi onlara minnətdarlığımı bildirirəm. Başqa beynəlxalq təşkilatlarda olduğu kimi, orada da bizim ərazi bütövlüyümüz dəstəkləndi. Təşkilatın qəbul etdiyi qərarlar həyata keçirilərsə, bu, islam dünyasının möhkəmlənməsinə, əməkdaşlığın güclənməsinə, həmrəyliyin təmin olunmasına ciddi təsir edər. Beləliklə də, islam dünyasını parçalamaq istəyən və o ölkələrin sərvətlərini daşıyaraq varlanmağı qarşısına məqsəd qoyan bir sıra qərb dövlətlərinin planları alt-üst olar. Bu yöndə ümidlərim artıb. Bunun əsas səbəbi də odur ki, bundan sonrakı sədrlik Türkiyəyə verilib. Türkiyə islam dünyasında barışdırıcı, əlaqələndirici missiyanı yerinə yetirməkdədir. Ərdoğan da çıxışında dedi ki, o nə süni, nə də şiyədir, sadəcə müsəlmandır. Ümid edirəm ki, bu cümlələr barışığa çağırış olacaq. Qoy bu cümlələr bütün islam dünyası tərəfindən qəbul olunsun və adekvat addım atılsın”.

Şəfa Tapdıq