• cümə axşamı, 25 aprel, 03:58
  • Baku Bakı 19°C

İdxaldan asılılığı maksimum aradan qaldırmaq və ixrac potensialımızı artırmaq

12.07.16 11:36 1486
İdxaldan asılılığı maksimum aradan qaldırmaq və ixrac potensialımızı artırmaq
Ötən il dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yeni iqtisadi islahatlara start verilib. Dövlət başçısının tapşırıqları əsasında qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, neftdən asılılığın minimuma endirilməsi üçün mühüm tədbirlər hazırlanaraq həyata keçirilib. Bütün regionların potensialından maksimum istifadə edilməsi, yeni istehsal müəssisələrinin, sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə sahibkarlığa dövlət dəstəyi bir qədər də artırılıb. Ümumilikdə Azərbaycanın, ölkə iqtisadiyyatının tərəqqisi qeyri-neft sektorunun inkişaf etdirilməsindən asılı olduğu üçün, sözügedən məsələ bu gün də dövlət başçısının diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu mövzuya xüsusilə toxunulub. İclasda çıxış edən ölkə rəhbəri bildirib ki, idxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək və ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalıdır. Onun sözlərinə görə, bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır: "Birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq biz gərək indi digər məhsullar üçün rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar o bazarları böyük dərəcədə bölüblər. Ona görə də bu bazarlara girmək üçün gərək böyük səylər göstərək”.
Prezident İlham Əliyev ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi barədə tapşırıqlar da verib. Bildirib ki, ölkədə dərman istehsalına başlanılması, sənaye mərkəzlərinin yaradılması, bu il Mingəçevirdə yüngül sənaye müəssisənin təməlinin qoyulması, hər bir rayonun sənaye mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev zəruri ərzaq məhsulları ilə təminat, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm industriyasının yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı da tapşırıqlar verib. Deyib ki, son illər Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən "Formula-1” Avropa Qran-prisi ölkəmizdə turizmin inkişafına ciddi dəstək verib. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu xatırladan Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında dünyada iqtisadi böhranın olmasına diqqət çəkib. Deyib ki, Azərbaycan da dünyanın bir parçası olduğundan bu böhran iqtisadiyyatımıza təsirsiz ötüşməyib. Onun sözlərinə görə, dünya iqtisadi böhranı xüsusən neft ixrac edən ölkələrdə bir sıra problemlərə yol açıb: "Neftin qiyməti dünya bazarında ucuzlaşdığı üçün yaranan vəziyyət Azərbaycan iqtisadiyyatına, dövlət büdcəsinin gəlirlərinin azalmasına da təsir edib. Ona görə də qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının, sənayenin, turizmin, insan kapitalının inkişaf etdirilməsi bizim üçün ən mühüm məsələlərdən biridir. Bu günə qədər kənd təsərrüfatı sahəsində bir sıra uğurlu islahatlar, lazımi tədbirlər görülüb. Bununla bərabər, bu sahədə bəzi problemlər də özünü göstərməkdədir. Onların həlli üçün də müəyyən vaxt lazımdır. Əsas məsələ idxal-ixrac əməliyyatları ilə bağlı göstəricilərdir. Bizim ixracımızın təxminən 90 faizini neft-qaz məhsulları təşkil edir. Bunun da strukturuna baxmaq gərəkdir. İdxal 50 faizdən çoxdur Azərbaycanda. Ölkə daxilində harada nəyi istehsal etməyin qısa zamanda mümkünlüyünü araşdırmaq, onları həyata keçirmək gərəkdir. Bu səbəbdən dövlət başçısı da idxal-ixrac məsələlərinə çox ciddi yanaşmağı tapşırıb. Xüsusən də sənaye sahəsində bizim imkanlarımız genişdir. Misal üçün, Azərbaycana idxal olunan bir sıra sənaye məhsullarının əksəriyyətini ölkəmizdə istehsal etmək mümkündür. Kənd təsərrüfatının emal sənayesinə də diqqət yetirmək gərəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir rayonun özünün planı olmalı, yerli əhalinin iş yeri ilə təmin edilməsi, rayonun daha da inkişaf etdirilməsi üçün yollar göstərilməlidir”.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərov isə qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi bütün iclaslarda iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına toxunur. Bütün bu sadalananların indiyə qədər yürüdülən siyasətdə prioritet olduğunu xatırladan iqtisadçı ekspert deyib ki, neftin qiymətinin ucuzlaşması, valyuta gəlirlərinin kəskin azalması fonunda bu istiqamətdə tədbirlərin görülməsi artıq zərurətə çevrilib: "Qeyri-neft sektoru qısa müddətdə istənilən səviyyədə inkişaf etdirilməlidir. Bunun üçün müəyyən zaman tələb olunur. Dövlət büdcəsinin neftdən asılılığını azaltmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan addımlardan biri də idxaldan ölkənin daxili istehlak bazarının azaldılmasıdır. Bunun birinci şərti isə budur ki, ölkə daxilində rəqabət qabiliyyətli məhsullar istehsal olunsun. Bu məhsullar sadəcə, ölkə daxilində deyil, xarici bazarlarda da rəqabətə davam gətirməlidir. Yerli məhsul ilk növbədə daxili bazarda xarici analoqlarını sıxışdırıb çıxarmalı, tələbatı tam ödəməli, ixrac üçün də əlverişli olmalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər