• cümə axşamı, 25 aprel, 13:05
  • Baku Bakı 23°C

“İdxal olunan benzin keyfiyyətsizdir” iddiasının izinə düşdük, amma...

24.10.18 10:30 522
“İdxal olunan benzin keyfiyyətsizdir” iddiasının izinə düşdük, amma...
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir. Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib. Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi. Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir. SOCAR-dan Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də, benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.
Son günlər bu məsələ ilə bağlı ictimaiyyət arasında ajiotaj yaranıb. Sürücülər deyir ki, xaricdən idxal edilən benzin keyfiyyətsizdir və bu da, maşınların mühərrikində ciddi problemə səbəb olur. Elə ustalar da bu problemlə bağlı müraciətlərin sayının artdığını söyləyirlər. Məsələni araşdırmaq üçün mütəxəssislərin fikirlərini öyrəndik.
Maşın ustası Namiq Ağayevdeyir ki, keyfiyyətsiz benzin maşının detallarını tez bir zamanda sıradan çıxarır: "Bu problem adətən yay aylarında yaşanır. İsti havalarda maşın nasoslarında ciddi problemlər yaşanır. Keyfiyyətli olmayan benzin maşın nasoslarını tez qızdırır. Nəticədə nasoslar işləmir, tez bir zamanda sıradan çıxır. Qış aylarında isə belə problemlər nisbətən az müşahidə olunur. Çünki soyuq havalarda qızma hadisəsi bir o qədər də baş vermir. Amma onu da etiraf edim ki, hazırda Aİ-92 markalı benzinin keyfiyyəti heç də qaneedici deyil. Mən özüm Ukraynadan benzin nasosu gətirmişəm. Nasosa benzin tökdükdən sonra ağ detal qapqara oldu. Halbuki keyfiyyətli benzin töküləndə rəng heç vaxt dəyişmir. Bu da benzinin tərkibindəki mazutun çoxluğundan xəbər verir. Keyfiyyətsiz benzin maşının detallarını tez bir zamanda sıradan çıxarır. Ona görə də sürücülər məcbur olub hər 70-80 gündən bir maşının detallarını yudurdurlar. Bu isə onlar üçün əlavə xərc deməkdir. Əks halda, yanacaq sərfiyyatı daha da artır ki, bu da sürücülərin cibinə ikiqat ziyandır”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıdabu sahədə vəziyyətin qaneedici olmadığını söylədi: "Yanacağın keyfiyyəti getdikcə yaxşılaşmaq əvəzinə, daha da pisləşir. Bu problem hər keçən gün daha da çox hiss olunur. Müxtəlif yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətlərində ciddi fərq var. Bəzi yanacaqdoldurma məntəqələrində vurulan benzin, hətta az qalır ki, maşını tamamilə sıradan çıxartsın. Çox az hallarda isə keyfiyyətli benzin vurulur. Neft emalı zavodları təmirə yenicə bağlanıb. Amma biz sürücülər bu problemdən xeyli vaxtdır ki, əziyyət çəkirik. İş o həddə çatıb ki, sürücülər özləri də bu məsələdən bezdiklərini açıq-aşkar ifadə edirlər. Əksər məntəqələrdə benzinin tərkibindəki kükürd həddən artıqdır. Bu isə maşının mühərrikini tez bir zamanda sıradan çıxarır. Yanacaqdoldurma məntəqələri öz ciblərini düşünməklə, başqalarına ziyan vururlar. Yaxşı olardı ki, bu məntəqələrə ciddi nəzarət tətbiq edilsin. Sürücülər məcburiyyət qarşısında qalıb dizel yanacağından istifadə edirlər. Amma onu da deyim ki, dizelin də keyfiyyəti qaneedici deyil. Vaxtilə energetika nazirliyi bu sahədə ciddi tədbirlər həyata keçirir, reydlər tətbiq edirdi. Görülən işlər öz nəticəsini verirdi. Amma indi vəziyyət yenidən pisləşib. İndi yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz yanacaq vurduqları azmış kimi, hələ aldığın benzininin litrini də azaldırlar. Etiraz edəndə isə az qalır sənin özünü günahkar çıxarsınlar. Hesab edirəm ki, bu sahədə öz həllini gözləyən ciddi problemlər var ”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər