İdxal azalıb, ixrac artıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının
həcmi 5 mlrd. 595 mln. 699,93 min ABŞ dolları təşkil edib. "APA-Economics"
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir
ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,35% çoxdur.Bu ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub ki, bu da 2016-cı ilin
4 ayı ilə müqayisədə 16,53% azdır. Hesabat dövründə ölkənin ixrac əməliyyatları
3 mlrd. 430 mln. 702,21 min dollar olub ki, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 41,11% çoxdur. Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində
müsbət saldo yaranıb.Bəs görəsən ixracın atmasının əhəmiyyəti nədir? Bu tendensiya gələcəkdə
də davam edə biləcəkmi?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, makroiqtisadi sabitlikdə dayanıqlıq əldə
olunması üçün xarici ticarət dövriyyəsində əlverişli balans və yaxud vəziyyətin
yaranması olduqca vacibdir: "Ümumiyyətlə, son aylar ərzində istehlak məhsullarının
və xidmətlərin qiymətlərinin yüksəlməsi tempi zəifləməsə də, manatın məzənnəsinə
idxal faktorlarının təsirlərinin xeyli səngiməsi yüksək təsir göstərib. Belə
ki, ki, xarici ticarət və tədiyyə balansı üzrə müsbət meyillər var. Bu isə
sevindirici haldır. Ümumiyyətlə, dövlət başçısının sədrliyi ilə Yevlaxda
keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində qeyd
olundu ki, hökumətin fəaliyyətinin əsas istiqamətini daxili tələbatı yerli
istehsal hesabına ödəmək və ixrac potensialını artırmaq təşkil edir və növbəti
illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir.
O müşavirədə bildirdi ki, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr
hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac
imkanları olmalıdır. Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici
qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub,
istehsal olunan ümumi daxili məhsul (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük
təşkil etməyə başlayıb, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların
istehsalı genişlənib”.
İqtisadçı qeyd etdi ki, 2016-cı ilin nəticələrinə əsasən, ÜDM-in 65,7
%-i iqtisadiyyatın qeyri-neft, 34,3 %-i isə neft-qaz sektorunda istehsal olunub:
"Ancaq ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm
də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən
ildən etibarən daha da sürətləndirildi. Prezident tərəfindən bir sıra mühüm
dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində
stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Hesab edirəm ki,
ixracımız getdikcə daha da genişlənəcək və bunun nəticəsində xarici ticarət dövriyyəmizdəki
müsbət saldo daha da böyüyəcək”.
Milli Məclisin İqtisadi siyasət, səanye və sahibkarlıq
komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, bu rəqəmlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir:
"Çünki idxal-ixrac əməliyyatları, yəni saldonun müsbət olması Azərbaycanın həm
milli valyutasının, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal tempdə
olmasından xəbər verir. İxracın artması isə ölkəyə xarici valyutanın daxil
olmasına şərait yaradır ki, bu da öz növbəsində manatın möhkəmlənməsinə kömək
edir. Ümumiyyətlə, bu proses ilin əvvəlindən etibarən bir neçə aydır ki, davam
edir. Düzdür, idxalın azalması ilə bağlı bu sahədə bəzi problemlər yaranıb. Çünki
idxalın azaldılması ölkədə real sektorun inkişafına mənfi təsir göstərir. Lakin
bizim əsas məqsədimiz Azərbaycana lazım
olmayan məhsulların idxalından imtina etməkdir. Dövlət başçısının da bununla
bağlı müvafiq göstərişi var. Çalışmaq lazımdır ki, ticarət balansında müsbət
saldo uzun müddət davam etsin. Əlbəttə, bu proses çox uzunmüddətli olaraq davam
edə bilməz. Çünki real sektorun inkişafı üçün bəzi məhsullar idxal edilməlidir.
Amma prosesin davam etməsi bizim
xeyrimizədir”.
Şəbnəm Mehdizadə