• şənbə, 20 Aprel, 07:03
  • Baku Bakı 14°C

İdmanımızın ağ atlı oğlanı - Portret

22.07.14 08:47 4382
İdmanımızın ağ atlı oğlanı - Portret
Ata-babalarımız həmişə at belində olub, ov ovlayıb quş quşlayıblar. Bu heyvanı özünə dost bilib, ona ailə üzvü kimi davranıb əvəzində də sədaqət görüblər. At həmişə qürur, fəxr simvolu sayılıb, sahibinin statusunu müəyyənləşdirib, böyük qəhrəmanların döyüş dostu olub. İndi dünyada at belində olmaq bir idman növünə çevrilib və insanlar öz “döyüş”lərini müxtəlif yarışlarda keçirirlər. Azərbaycan da bu böyük bayramdan kənarda qalmır. Atçılıq idmanımızın lideri Camal Rəhimovun hesabına. Pekin və London Olimpiadalarının iştirakçısı, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan gəncin adı bizlərə yaxşı tanışdır. Çünki atçılıq və Azərbaycan deyiləndə ağıla gələn ilk və bəlkə də yeganə şəxs məhz odur. Bu yazıda Camal Rəhimovu daha yaxından tanımağa çalışacağıq.
“Ağ atlı oğlan”
16 sentyabr 1987-ci ildə Bakıda diplomat ailəsində (babası Həsən Həsənov tanınmış diplomat, Azərbaycanın sabiq baş və xarici işlər naziri, hazırda ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiridir) dünyaya gələn Camal, üç yaşında olarkən valideynləri ilə birlikdə İstanbula köçür. İdmana həvəsi çox böyük olub. Kiçik yaşlarından mümkün olan az qala bütün növlərdə - futbol, voleybol, karate, aykido, hətta beysbolda belə qüvvəsini sınayan Rəhimov, sonda ürəyini atçılığa verir. Maraqlıdır ki, cəmi 4 yaşı olanda atasından ona at almasını xahiş edən kiçik Camal, bir neçə il sonra həyatını bu heyvanla bağlı idmana həsr etmək istədiyini anlayır. 11 yaşında ilk yarışına çıxan qəhrəmanımız daxili birinciliklərdə uğurlarını sıralayır. Bundan sonra növbə beynəlxalq arenaya gəlir. İlk atı isə… Camal ilk atının adını yaxşı xatırlayır – “Qrant”. Ağ at idi. Müasir Azərbaycan atçılıq idmanının liderinin məhz ağ atla başlaması simvolik olsa, gərək…
İlklərdə imzası var
Adətən idmançının qazandığı uğurlar medallar və çempionluqlarla ölçülür. Ancaq atçılıqda nailiyyətlərimiz çox da böyük olmadığından, Rəhimovun böyük turnirlərdə final mərhələsinə vəsiqə qazanması belə ölkəmiz üçün qələbə səviyyəsindədir. Camal Pekin və London Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatının finalına vəsiqə qazanmış atçımızdır. Bu səviyyəli yarışlarda Azərbaycanı layiqincə təmsil etmiş Rəhimov, müxtəlif beynəlxalq yarışların qalibi adını da qazana bilib. Sıra ilə gəlsək, o, 2001-ci ildə 14 yaşında Fransa Fontenblusundakı Beynəlxalq Qran-Pridə yeniyetmələr arasında ikinci yeri tutaraq, Azərbaycan tarixində ilk beynəlxalq lisenziyalı atçı adını qazanır. 17 yaşında böyüklər arasında Türkiyə çempionu olan həmyerlimiz bu vaxta qədər yeniyetmələr arasında bir, gənclər arasında iki, böyüklər arasında bir Avropa çempionatında mübarizə aparmış, bütün hallarda finala vəsiqə qazanmışdı. 2008-ci il Pekin Olimpiadasında Azərbaycanı layiqincə təmsil edən Rəhimov, həmçinin Olimpiadanın üç ən gənc atçısı olmuşdu. Bir il sonra özünün “Aramis” atı ilə Parisdə “CSI-2* Gucci Masters Qran-Pri” turnirində çempion olan Camal, karyerasının zirvə məqamlarından birini yaşayır. O, həmin atla 2009-cu ildə “CSI3* Lummen - Spring Tour”, 2011-ci ildə “Warrior”la “CSI2* Xüsusi Olimpiya Təsnifat Aachen” turnirində, həmçinin “CSI3* Portimao”da, 2012-ci ildə “CSI2* Moorsele”də bürünc medal qazanmaqla səviyyəsini sübut edə bilir. Eyni zamanda 2011, 2012 və 2014-cü ildə Bakıda keçirilən “Heydər Əliyev Kuboku”nda çempionluq sevinci yaşayır. Ümumiyyətlə, bu il Rəhimov üçün çox yaxşı alınır. Fevralda Valensiyada keçirilən Qran-Pridə ikinci yeri tutan idmançımız, apreldə Liondakı Dünya Kubokuna vəsiqə qazanmışdı. Burada Olimpiya çempionu Stiv Gerda, Avropa çempionu Kevin Staut, dünya reytinqinin lideri Skott Braş və digər çox güclü və təcrübəli idmançıların toplaşması yarışın nüfuzundan xəbər verirdi. İştirakçılar arasında ən gənci olan Camal bu yarışda da finala vəsiqə qazanaraq atçılıq idmanımız tarixində ən böyük nailiyyətlərdən birinə imza atdı. Cəmi bir aydan sonra isə bizləri dünya çempionatı gözləyir. İdmançı sayı və tərkibinə görə az qala Olimpiadanı da üstələyən bu mundial Fransanın Normandiya əyalətində keçiriləcək. Rəhimov da bu yarışa çox böyük diqqət və ciddiliklə hazırlaşır. Son aylarda kiçik turnirlərə qatılmayaraq atını yormaması, formasının zirvəsinə məhz Fransada çıxmaq istəyi də buna sübutdur. Hazırda karyerasında yüksəlişə doğru gedən Rəhimovdan uğur gözləyə bilərik.
Həm idmançı, həm psixoloq
“İgid odur, hər əzaba qatlana, igid odur, atdan düşə atlana” deyiblər atalarımız. Atçılıq idmanı böyük əziyyətlər, uzunmüddətli məşqlər, üstəlik də yüzlərlə yıxılmalar, zədələr hesabına uğur qazanılan növdür. Özünün də dediyi kimi, atdan çox yıxılıb. Ancaq heç vaxt təslim olmayıb və ağrılara rəğmən anındaca yəhərə qalxaraq işini davam etdirib. Çünki “atdan düşən kimi ona yenidən qalxmadınsa, uğur qazanmağın mümkünsüzdür”. Bunu hamı, o da bilir. At qorxunu tez hiss edən heyvandır və sahibinin bir anlıq həyəcanı belə ona keçə, onu narahat edə bilər. Bu halda isə heç bir nəticədən söhbət gedə bilməz. Problemin yeganə çıxış yolu qorxmazlıq və əzmkarlıqdır. Hər dəfə yıxılan kimi durub eyni vəziyyətə qayıtmaq asan iş deyil. Təxminən iki metr hündürlükdən yetərincə sürətlə keçə-keçə bir neçə dəfə bilərəkdən yıxılın, görün necə hissdir. Bunu hətta düşünmək belə adamı çəkindirir. Atçılar üçün isə bu, işin bir hissəsidir. Üstəlik, bu növdə idmançı həm də psixoloq olmalıdır. Uğurun 60-70 faizi məhz atın durumundan, onun özünü yaxşı hiss edib-etməməsindən asılıdır. Bu heyvanın insan kimi dil açıb dərdini deyə bilməməsi, sahibindən böyük təcrübə və mənəvi hazırlıq tələb edir. Atın gözünə baxan kimi nə istədiyini, harasının ağrıdığını hərəkətlərindən, səsindən, yerişindən müəyyənləşdirmək, ona dost, həmdəm olmaq gərəkdir. Bu təkcə məşqlərlə yox, ciddi mənəvi dəyərlərlə ərsəyə gələn prosesdir. Bir atı tanımaq üçün azı altı ay, bir il vaxt gərəkdir. Bu müddəti ona sərf etmək, ona dəyər verdiyini göstərmək böyük əziyyət tələb edir. Camal bilir ki, “bir ata nə etsən, o sənə beş, on qatını geri qaytaracaq”.
“Qızıl balans”
Atçılıq iki canlının birlikdə mübarizə apardığı yeganə idman növüdür. Yarış zamanı hər ikisinin həm fiziki, həm də mənəvi durumu yüksək səviyyədə olmalı, həmçinin bir qədər də şansına güvənməlisən. Yəni atçılıqda qələbə bir yox, bir neçə faktorun toplamı ilə qazanılır ki, bu da həmin uğurların dəyərini birə-beş artırır. Tərzə gəlincə, Camalın güclü olduğu konkurda qaydalar prinsipcə, çox sadədir. Maneələr səhvsiz və çox qısa zamanda aşılmalıdır. Belədə, yüksək konsentrasiya və sürət ilk plana çıxır. Rəhimovun bunlardan hər hansı birində yox, hər ikisində yaxşı olduğunu qeyd etmək olar. Bəzi yarışlarda onun sürəti böyük alqış gətirib, digərlərində maneələri aşarkən qüsursuz sürüşü. İdmançımız “Qızıl balans”ı taparaq uğura irəliləməyi üstün tutur. Ki, bu da ən doğrusudur.
Vətən sevgisi
Hazırda Belçikada yaşayan Camal Rəhimov üçün vətən sevgisi çox vacib hissdir. Ömrünü az qala bütünlüklə Azərbaycanda kənarda keçirməyinə baxmayaraq, bu ölkəni sevdiyini hər dəfə büruzə verir. Müsahibələrində “idmanda əsas hədəfiniz nədir” sualına həmişə “Azərbaycanı layiqincə təmsil etmək” cavabını verməsi çox şeydən xəbər verir. Təbii ki, dünya və Avropa çempionatlarında, Olimpiadada, müxtəlif turnirlərdə medal və qələbələr qazanmaq xoş hisslərdir və bunun üçün mübarizə aparmağa dəyər. Camal bunu edir. Ancaq özü də etiraf edir ki, dünyada atçılıq idmanı deyiləndə Azərbaycan və onun adının yanaşı çəkilməsindən böyük zövq ola bilməz.
Əsl poliqlot
Adətən idmançıların ciddi təhsil almağa nə vaxtları, nə də gücləri olmur. Çünki peşəkarlıq öz çalışmalarına, məşqlərə maksimum diqqətlə yanaşmağı, zamanının əksər hissəsini ona yönəltməyi tələb edir. Ancaq bütün bunlar Rəhimova Londonda “Biznesin idarə edilməsi” ixtisası üzrə Ricents Biznes Məktəbini uğurla bitirməyə mane olmayıb. Üstəlik, Camal Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız və türk dillərində sərbəst, italyan və portuqal dillərində isə yaxşı səviyyədə danışa bilir.
Portreti
İlk dəfədir ki, portretində bir idmançı tək deyil. Əslində, bu heç portret də deyil. Biz Camal Rəhimovu at belində hədəfə şığıyan biri kimi tanıyırıq. Koroğlu Qıratına, Qaçaq Nəbi Boz atına güvəndiyi kimi, o da öz döyüşçüsünə güvənir. Bilir ki, bütün sınaqlardan birlikdə çıxmalıdırlar. Atının ləqəbinin “Uorrior”, yəni “Döyüşçü” olması da təsadüfi deyil. İdmanımızın “ağ atlı oğlanı” böyük bir mübarizədən qalib çıxmağa çalışır. Əminliklə söyləmək olar ki, bu onda alınacaq. Çünki yaşı az olmasına baxmayaraq, qazandığı böyük təcrübə Camalı zirvəyə daşıya bilər.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər