AZE | RUS | ENG |


İdman jurnalistikasına qəbulla bağlı yeni şərtlər

İdman jurnalistikasına qəbulla bağlı yeni şərtlər
Ekspert və tələbələr yeniliklərə birmənalı yanaşmır

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magistr ixtisasları - İdman tibbi və reabilitasiya, İdman menecmenti və İdman jurnalistikası üzrə sənəd qəbulunu elan edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ADBTİA-da tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının birinci mərhələsini keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər. 

Xarici dil sertifikatı tələbinin nə üçün imtahana az bir vaxt qalmış zamanda açıqlandığını, bundan sonrakı mərhələdə tələbələri nə gözlədiyini aydınlaşdırmağa çalışdıq.
 
Tələbə üçün əlavə xərc
 
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, ümumən təcrübəyə və qanunvericiliyə əsasən, qəbul ilində olan yeniliklər imtahandan minimum altı ay əvvəl ictimaiyyətə açıqlanmalıdır: "Bu il magisturaturaya qəbul imtahanları ilə bağlı yeniliklərdən, təzə ixtisasların olacağından danışılmışdı. Amma sənəd qəbulu ilə bağlı dəyişiklik isə yalnız "Magistr” jurnalının birinci nömrəsindən sonra açıqlandı. Bu da heç yaxşı hal deyil. Çünki Azərbaycanda İELTS imtahanları ay ərzində bir dəfə keçirilir və bura müəyyən hazırlıq tələb olunur. Həmin imtahanın nəticələri isə on üç gündən sonra açıqlanır. Yenə də vurğulayıram ki, qəbulda olan hər hansı bir yenilik haqqında tələbələrə altı ay əvvəldən məlumat verilməliydi ki, bu ixtisası seçmək istəyənlər xarici dil sertifikatı almaq üçün əvvəlcədən hazırlaşsınlar. Azərbaycan Respublikasının "Təhsil haqqında” qanununa əsasən deyə bilərəm ki, heç kim təhsil müddətində keçmədiyi fəndən imtahan verə bilməz. Yəni bakalavr pilləsində onu mənimsəməyibsə, ondan necə imtahan verəcək?  Magistraturaya qəbul zamanı bakalavrlara məntiqdən, informatikadan və xarici dil fənnindən imtahan keçirilir. Tələbələr magistr pilləsinə qəbul üçün riyazi məntiqdən imtahan verirlər. Amma ali məktəblərdə bakalavra o səviyyədə məntiq dərsləri keçirilmir. Buna görə də tələbələr mütləq şəkildə hazırlığa gedirlər. Həmçinin informatika və xarici dil fənni də bakalavr pilləsində dərinləşmiş şəkildə keçirilmir. Lakin qəbul zamanı akademik səviyyədə xarici dil tələb olunur. Bu da tələbəni əlavə xərcə yönəldir”.  
 
"Nazirlər Kabinetinin qərarını gözləyirdik”
 
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, bu barədə məlumat ictimaiyyətə çoxdan verilib: "Biz Bədən Tərbiyəsi və İdman Akademiyası ilə bu məsələyə təxminən bir ildən çox idi ki, hazırlaşırdıq. Bununla bağlı proqram hazırlayıb, Nazirlər Kabinetinə təhvil vermişdik. Biz sadəcə, Nazirlər Kabinetinin qərarını gözləyirdik ki, proqram qüvvəyə minsin. Qərar qüvvəyə minən kimi, media nümayəndələri ilə konfrans keçirib, bununla bağlı açıqlama verdik. Yəni əvvəldən bu haqda məlumat yaymışdıq ki, ADBTİA-da yeni ixtisasların yaranması nəzərdə tutulub. O ki qaldı ingilis dil biliyinə, bunun üçün hazırlıq qrupları yaradılacaq və dili müəyyən qədər bilənlərin bu kursu keçərək dil səviyyəsini daha da təkmilləşdirmək imkanı olacaq. Dərslər ingilis dilində olacaq deyə, müəllimlərin çoxu xaricdən gələcək”.  
 
Abituriyentlər üçün dil kursu təşkil olunacaq 
 
Bədən Tərbiyəsi və İdman Akademiyası, Strateji İnkişaf Komitəsinin sədri Şəms Mustafayeva deyir ki, sertifikatı əldə etmək üçün tələbələrin may, iyun, iyul ayları da daxil olmaqla, vaxtları var. Hətta İELTS nəticəsi 5.5 olanlar da ərizə verə bilər: "Bizim yayda intensiv ingilis dili dərslərimiz olacaq. Amma kursların ödənişi hələ müəyyənləşməyib. Əgər tələbənin sertifikatı yoxdursa, bu halda, yayda təşkil olunacaq dil kursumuza gəlməyi vacibdir. Bu zaman kursu bitirdikdən sonra onu biz imtahan edəcəyik. Tələbə birinci turda imtahandan keçdikdən sonra, ikinci turdan əvvəl bizə müsahibəyə gələcək. Əgər bizdə müsahibədən keçməsə, o, başqa ixtisasa yönələ bilər. Müsahibədən müvəffəqiyyətlə keçməyənlər, şərti olaraq keçənlər də ola bilər. Şərti olaraq keçmək o deməkdir ki, yəni tələbənin müəyyən dil biliyi var, amma bu bizim üçün yetərli deyil. Bu zaman həmin tələbələr yayda kursa gələrək dil səviyyələrini yaxşılaşdıra bilərlər. İntervyuda isə ingilis dili səviyyəsi, ünsiyyət qurmaq bacarığı və jurnalistika bilikləri yoxlanılacaqdır. İdmanla yaxından tanış olması mütləq deyil, təbii ki. Amma niyə idman jurnalisti olmaq istəyir - bunu izah edə bilməlidir. Bakalavr təhsili jurnalistika üzrə olmalıdır deyə bir tələbimiz yoxdur. Başqa fakültələrin də məzunları ola bilər”.
 
4500 manat təhsil haqqı
 
Ş.Mustafayeva qeyd edir ki, dövlət sifarişli yer yoxdur, amma ola bilsin ki, tələbələrə güzəştlər olsun. Yuxarı balla qəbul olan, müsahibədə özünü yaxşı ifadə edənlərə güzəştlər olacaq: "Bizim sertifikat tələbini qoymağımıza səbəb tərəfdaşlarımızdır. Çünki biz İngiltərə universitetləri ilə tərəfdaşlıq edirik. Proqramı da onlarla birgə işləyib hazırlamışıq. Və dərslərin bəzisini İngiltərədən gəlmiş müəllimlər tədris edəcək. Həmin müəllimlərin də çox yüksək tələbləri var . Həm də təhsil ingiliscə olduğu üçün ingilis dili səviyyəsi əsas götürülür. İlk turda verilən ingilis dili imtahanı ilə bu eyni deyil. Çünki tədris zamanı akademik səviyyədə ingilis dili tələb olunacaq. On nəfər tələbə qəbulu nəzərdə tutulub. Və biz bu on nəfər üçün artıq studiya da qurmuşuq. Texniki baxımdan təchiz olunmuş studiyamız var. Tələbələr praktik işləyə biləcəklər. Təhsil haqqı isə dörd min beş yüz manat nəzərdə tutulub. Amma əvvəldə vurğuladığım kimi, güzəştlər də olacaq”. 
 
İmkanlı şəxslərin oxuya biləcəyi fakültə...
 
Məsələ ilə bağlı tələbələrin də düşüncələrini öyrəndik. Fikirlər birmənalı deyil. Bəzi tələbələr bu ixtisasa qoyulan şərtlərə görə sənədlərini idman jurnalistikasına verməkdən vaz keçdiyini, digər universitetlərin jurnalistika fakültəsinə yönəldiyini bildirdilər. Başqa bir qisim isə xaric dil səviyyəsi yaxşı olsa da, təhsil haqqının yüksək olması səbəbindən bu ixtisası seçə bilmədiyini dedi. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Qoşqar Bəylərov qeyd edir ki, əslində idman jurnalistikası idmanın yox, jurnalistikanın bir bölməsidir. Ona görə də belə bir bölmənin İdman Akademiyasında yox, Jurnalistika fakültəsində təşkil olunması daha məqsədəuyğun olardı: "Lakin hər halda belə alınıb. Nəzərə alsaq ki İngiltərədən sırf buna görə mütəxəssislər dəvət olunur, onda, təhsil haqqının yüksək olması normaldır. Lakin idman jurnalisti kimi formalaşmaq istəyən və buna maddi imkanı çatmayanların da olduğunu unutmaq olmaz. Dörd min beş yüz manat Azərbaycan reallığında vətəndaş üçün yüksək məbləğdir. Belə çıxır ki, biz o fakültəyə sadəcə imkanlı şəxslərin oxuya biləcəyi bir fakültə kimi baxmalıyıq. Bu gün həqiqətən də Azərbaycanın peşəkar idman jurnalistlərinə ehtiyacı var. Hər halda, hadisəyə daha geniş aspektdən baxsaq, müsbət addım kimi qiymətləndirə bilərik”. 
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025