• çərşənbə axşamı, 16 aprel, 20:22
  • Baku Bakı 18°C

İdman edərkən nələri diqqətdə saxlamalıyıq? - Gənclərə məsləhət

21.04.18 11:00 5435
İdman edərkən nələri diqqətdə saxlamalıyıq? - Gənclərə məsləhət
Qış aylarında yığdığımız çəkidən xilas olmaq üçün ilk ağlımıza gələn çıxış yolu dieta və idmandır. Bir çoxları məşq etmək üçün idman zallarına gedir. Amma bir məsələ də var ki, bu zallara gedən əksər insanlar məşq qaydalarına tam bələd olmadan idman hərəkətləri edir. Mütəxəssislər isə bildirirlər ki, düzgün formada edilməyən idman hərəkətləri bədənə zərər vura bilər. Bu dəfə idman zallarının qanun-qaydaları, məşqlərin hansı ardıcıllıqla edilməsi və bu məşqlərin faydaları haqqında fitnes-məşqçi Nicat İbrahimxəlilovla həmsöhbət olduq.

Müsahibimiz deyir ki, idman zalına gedərkən əməl etməli olduğumuz qaydalar var: "Yaxşı olar ki, bu qaydalara bütün zallarda riayət olunsun. Amma təəssüf ki, bu qaydalara nə zala gələnlər, nə də orada işləyənlər əməl etmir. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanların etdiyi ən böyük yanlışlıq idman zalına düzgün geyimdə gəlməməkdir. Belə ki, bəzən kişilər məşqə idman deyil, yüngül rezin ayaqqabıda gəlirlər. Bəzi idman hərəkətləri var ki, orada ayaq dayaq funksiyasını yerinə yetirir. Ona görə ayaq geyiminə xüsusi fikir vermək lazımdır. Ayaq geyimi düzgün olmadıqda, məşq zamanı büdrəmə və ilişmə halları ola bilər. Bu da zədələnməyə gətirib çıxardır. Düşünürəm ki, heç olmasa, zallarda bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Digər bir yanlışlıq isə idman zamanı məşqçilərin məsləhətinə qulaq asmamaqdır. Zala təzə gələnlər birmənalı şəkildə məşqçinin nəzarəti altında idman etməlidirlər. Bəzən deyirlər ki, mənə məşqçi lazım deyil, özüm sərbəst məşq edəcəyəm, hər şeyi internetdən öyrənmişəm. Amma bilmirlər ki, internetdə olanlar peşəkar idmançıların sadəcə reklam üçün qoyduqları qısametrajlı videolardır. Bilmədən edilən məşqlər zədələnmələrə, əzələ dartınmalarına, yırtığına gətirib çıxarar, sümük ağrılarına səbəb ola bilər. Ona görə də məşqçinin nəzarəti altında idman etmək daha məqsədəuyğundur”.

Müsahibimiz deyir ki, yanlış edilən hərəkətlər idman həyatının başlamamış bitməsinə səbəb ola bilər: "Məşqçi ilə məşq etmək, bir az baha başa gəlir deyə, bundan imtina edirlər. Əslində isə zalda istənilən məşqçiyə yaxınlaşıb məsləhət almaq mümkündür. Bundan əlavə, təzə başlayanlara, xüsusilə də, tələbələrə məsləhətim odur ki, dərhal ağır hərəkətlərə yaxın durmasınlar. Çünki ilk dəfə gələn zaman zala baxıb görürlər ki, kimsə ağır təmrinlər yerinə yetirir. O da fikirləşir ki, yəqin mən də bunun yarısını bacararam və 80-100 kiloluq daşları qaldırmağa cəhd edir. Girir ağır çəkinin altına, özünü zədələyir. Bununla da başlamamış idman həyatı bitir. Halbuki, heç 50 kilo da qaldıra bilməz. İlkin olaraq daha az kilolardan, yüngül məşqlərdən başlamaq lazımdır”.

Fitnes məşqçisindən düzgün idman hərəkətlərinin qaydasını soruşduq: "Misal üçün, bir insan arıqdır və o, çəkisini artırmaq istəyir. Bunun üçün ilk növbədə yaxşı qidalanmaq lazımdır. Belə insanlar gərək yüksək kalorili qidalar qəbul etsinlər. Zülal, karbohidrat miqdarını məşqçi və yaxud diyetoloq ilə müəyyən edib, az məşq etməlidirlər. Onların əsas funksiyaları az kalori yandırmaq, çox kalori qəbul etməkdir. Onlara həftədə 3 dəfə, 45 dəqiqə və ya maksimum bir saat məşq etmək kifayət edər. Bundan artıq olmamalıdır. Kök insanlar isə daha intensiv məşğul olmalıdırlar. Çünki onların metobalizması daha sürətli çalışmalıdır ki, yağların yanma prosesləri bir az sürətlənsin. Bunun üçün də yüksək kalori sərfiyyatı və düzgün kalori qəbulu lazımdır. Hər gün ən azı bir saat ya qaçmalı, ya gəzməli, ya üzməli, aktiv idmanla məşğul olmalıdırlar. Fitness ilə məşğul olmaqla paralel, bunlar da hər gün olmalıdır. Bu, maddələr mübadiləsinin daha sürətli getməsinə yardımçı olur”.
"Dieta saxlamaqla bədəni formalaşdırmaq olmaz” deyən həmsöhbətimiz bildirir ki, dieta ilə birlikdə idman da etmək lazımdır: "Dieta saxlayanların bütün bədənləri çökmüş halda olur. Dəri boşalır, əzələ boşalır. İki nəfər yüz kilosu olan adam çəki atsın. Biri gəlsin idmanla 20 kilo atsın və 80 kilo olsun, digəri də dieta ilə çəki atsın, 70-65 kilo olsun. Amma yan-yana qoyanda, idmanla arıqlayan dieta ilə arıqlayandan qat-qat formalı və daha arıq görünəcək. Ona görə ki, dieta təkcə çəkini dəyişir, amma idman bədəni bütün görünüşü dəyişir. Məsləhətim budur ki, çox sərt dietadan istifadə etməsinlər. Çünki mədə-bağırsaq çox gücə düşür. Həddən artıq güc isə müxtəlif xəstəliklərə gətirib çıxarır. Ona görə də yüngül dieta, intensiv məşqlə çəki atmaq lazımdır. Bu cür çəki atsalar, həm daha sağlam qalarlar, həm də yaxşı formaya düşərlər.

Məşqçi qeyd edir ki, düzgün edilən idmanın ziyanı yoxdur, əksinə böyük xeyri var. Artıq çəkisi çox olmayan insanlar müəyyən məsləhət almaqla, evdə də idman edə bilərlər: "İnsanlar evdə də, çöldə də idmanla məşğul olub, sağlamlıqlarını qoruya, həyat tərzlərini yaxşılaşdıra, rejimə düşə bilərlər. İdmanın istənilən növündən yararlana bilərlər. İdmanın ziyanlı tərəfi yoxdur. Əksinə, çoxlu xeyirli tərəfləri var. Bunun üçün də zala gəlmək şərt deyil. Səhər və yaxud axşam bir saat sürətli yürüş edə, velosiped sürə, evdə isə bəzi yüngül hərəkətlərlə artıq çəkini ata bilərlər. Amma bədən quruluşlarında köklü dəyişiklik etmək istəyirlərsə, mütləq peşəkar yardım almalıdırlar”.

Günel Azadə
banner

Oxşar Xəbərlər