• cümə, 29 Mart, 05:38
  • Baku Bakı 7°C

İdman bir mədəniyyətdir

03.06.15 11:23 2225
İdman bir mədəniyyətdir
Nizami Cəfərov: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin nümayişi deməkdir”
Zəngin mədəniyyəti, qonaqpərvər insanları və əvəzsiz incəsənət nümunələri olan Azərbaycan birinci Avropa Oyunlarına hazırlaşır. İdmanın həm də bir mədəniyyət olduğunu nəzərə alsaq, demək ki, bu Oyunlar mədəniyyətimizin təbliğində də ciddi rol oynayacaq.
Birbaşa mətləbə keçərək, mövzunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovla davam etdirmək istəyirik. O, “Kaspi” qəzetinə müsahibəsində birinci Avropa Oyunlarının ölkə mədəniyyəti üçün əhəmiyyətindən və ümumilikdə Azərbaycan incəsənətinin incəliklərindən danışdı.
- Nizami müəllim, ilk Avropa Oyunları sizcə, niyə məhz Azərbaycanda keçirilir?

- Birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi bizim müvəffəqiyyətimiz, beynəlxalq idman quruculuğu və beynəlxalq münasibətlər sahəsindəki göstəricilərimizin qiymətləndirilməsidir. Azərbaycan artıq bir neçə ciddi beynəlxalq foruma ev sahibliyi edib və bütün dünyaya nümayiş etdirib ki, onun bu cür imkanları var. Yəni ölkəmizin istənilən böyük tədbiri keçirməsi üçün geniş imkanları var. Təbii ki, ilk Avropa Oyunları indiyə qədər təşkil olunan beynəlxalq tədbirlərlə müqayisədə çox böyük bir hadisədir. Həm iştirak edən ölkələrin və qonaqların sayına, həm də keçiriləcək oyunların miqyasına görə çox nüfuzlu bir tədbirdir. Ölkəmizin bu Oyunlara ciddi hazırlaşmağı bəri başdan sübut edir ki, hər şey çox uğurla təşkil olunacaq. Bu Oyunlardan sonra idmanda bir Azərbaycan standartları da müəyyənləşəcək. Özü də yalnız yarışların keçirilməsində yox, həm də bu tədbirin təşkil olunması üslübunda, texnologiyasında Azərbaycan, əlbəttə ki, xüsusi standartlar müəyyənləşdirəcək.
Bir mühüm cəhət də ondan ibarətdir ki, idman yarışları, Olimpiya Oyunları bir qayda olaraq ölkəni daha çox məşhurlaşdırır. Yəni biz bu günə qədər harada ki Olimpiya Oyunları keçirilib, o şəhərlərin adını əzbər bilirik. Bunun özü böyük nüfuz deməkdir. Yəni bundan sonra Azərbaycanın, Bakının adı həm də bu mənada tarixə düşəcək. Bu gün regiondakı vəziyyətlə bağlı olaraq bizim təbliğata, tanınmağa böyük ehtiyacımız var. Dünya Azərbaycanla maraqlanır. Ölkəmiz çoxplanlı şəkildə dünyaya inteqrasiya olunur.
İdman Oyunları yalnız idmandan ibarət deyil, burada diplomatiya da var, dünya ilə həm iqtisadi-siyasi, həm də mədəni sahədə dialoq və münasibətlər də... Region ölkələri içərisində bu Oyunların məhz Azərbaycanda keçirilməsinə gəldikdə, istər-istəməz müqayisələr olunur ki, bəli, Azərbaycan buna qadirdir.
- Avropa Oyunlarının Azərbaycan mədəniyyəti və xalqımızın mədəni həyatındakı rolu nədən ibarətdir?

- İdmançılarla yanaşı, ölkəmizə yarışları izləmək üçün xeyli sayda qonaq gələcək. Onlar Azərbaycanın mətbəxindən başlamış, muzeylərinə qədər tanış olacaqlar. Bu, bir tərəfdən Azərbaycanın böyük mədəniyyətini, mətbəxini, musiqisini, tarixini, bu günkü otellərini, küçələrini, bulvarını, dənizini, yəni hər şeyini nümayiş etdirmək üçün ən kütləvi bir yoldur. Bu gün Azərbaycan insanının, Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının tanınmasına ehtiyac var. İstər-istəməz ölkəmiz, insanlarımız barədə gələn qonaqların təsəvvürləri genişlənəcək, görəcəklər ki, bəli, Azərbaycan böyük inkişaf yolundadır, Azərbaycan xalqının zəngin mədəniyyəti, dərin mənəviyyatı var. Oyunlar ərəfəsində bunların hamısı nümayiş etdiriləcək. Başqa bir tərəfdən, biz eyni zamanda, təcrübə də qazanacağıq. Yəni nəyimiz yaxşıdır və bir az da yaxşı ola bilər... Bu baxımdan, birinci Avropa Oyunları ölkəmiz üçün ciddi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, ilk Avropa Oyunları ərəfəsində Avropanın bir çox ölkələrində təkcə Azərbaycandakı idman infrastrukturu barədə deyil, ölkəmizin mədəniyyəti, insanları və adət-ənənələri barədə də təqdimatlar olur. İncəsənət, mədəniyyət bir yerdə qalmaqla inkişaf edə bilməz. Ona görə də dünyaya çıxmaq lazımdır.
Bu gün bütün dünya bazar iqtisadiyyatı şəraitində yaşayır. Bu mənada incəsənət əsərləri də alınıb-satılmalıdır. Ölkə sənət əsərlərinin istehsalçısı ilə yanaşı, istehlakçısı da olmalıdır. Bu işləri genişləndirsək, ölkəmiz incəsənət sahəsində də ciddi maddi və mənəvi gəlir əldə edə bilər. Bu mənada Avropa Oyunlarının keçirilməsi həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin nümayiş etdirilməsi deməkdir.
- Mədəniyyət elə bir sahədir ki, zaman keçdikcə müəyyən dəyişikliyə uğrayır, intibah, yaxud düşmə dövrünü yaşayır. Hazırda Azərbaycan mədəniyyəti özünün hansı dövründədir?

- Düşünürəm ki, Azərbaycan mədəniyyəti hazırda özünün intibah dövrünü yaşayır. Həm ölkədə mədəniyyətin, incəsənətin yaranması, istehsalı üçün çox geniş imkanlar açılıb, həm də tarixən görünməyən, yaxud çox az görünən bir məqam da var ki, indi dünya mədəniyyəti Azərbaycana gəlir, eyni zamanda, Azərbaycan mədəniyyəti dünyaya yayılır. Bütövlükdə, Azərbaycan bu gün dünyaya açıq bir ölkəyə çevrilib. Musiqi, aşıq, xüsusən də muğam sənətindəki uğurlarımız dünya miqyasında çox ciddi şəkildə təbliğ olunur. Bu məsələdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Bu işlər ardıcıl şəkildə, dönmədən həyata keçirilir. Təsəvvür edin ki, bu gün Azərbaycan musiqisinin, Azərbaycan təsviri-sənətinin, həmçinin Azərbaycan elminin görkəmli nümayəndələrinin, eləcə də Azərbaycan yazıçı və şairlərinin yubileyləri dünyanın böyük şəhərləri olan Prisdə, Londonda, Berlində keçirilir. Belə şeylər heç vaxt ölkəmizin mədəniyyət tarixində yaşanmayıb. Bizim mədəniyyət əsərlərimiz, mənəvi düşüncəmizin materialları artıq sərbəst şəkildə dünyaya çıxır. Bu da ölkə mədəniyyətinin görünməyən intibahı deməkdir. Mədəniyyət öz-özünə təbliğ olunan deyil. Bunun üçün dövlət siyasəti, dövlətin istiqamətverici təsiri olmalıdır. Şükürlər olsun ki, mədəniyyətimiz bu sahədə dövlətin məzmunlu təsirini öz üzərində hiss edir.
- Nizami müəllim, dediniz ki, Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya edir. Amma bu da həqiqətdir ki, mədəniyyətlər bir-birindən yaxşılarla yanaşı, pis tərəfləri də götürürlər. Bu pislərdən qorumaq üçün nə etmək lazımdır?

- Əlbəttə ki, biz də dünyada gedən proseslərin tərkib hissəsiyik. İstər-istəməz digər sahələrdə olduğu kimi, mədəniyyətdə də müəyyən tənqidi elementlərə rast gəlinir. Bunlar adətən televiziya verilişlərindən başlamış, yüngül sənətə qədər özünü göstərir. Dediyiniz halların olması təbii ki, mümkündür. Amma güman edirəm ki, bu hal Azərbaycanda gedən genişmiqyaslı intibah prosesində elə də təsiredici rol oynamır, yaxud görünmür. Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixdən gələn çox güclü pedaqoji, tərbiyəvi xüsusiyyətləri və etikası var. Amma daha mühüm məsələlərdən biri bizim mədəniyyətrimizin, incəsənətimizin inkişaf etdirilməsi, dünyada yayılması ilə yanaşı, həm də müxtəlif müdaxilələrdən qorunmasıdır. Deyək ki, ermənilər dəfələrlə bizim mədəniyyətimizə, incəsənətimizə müdaxilə ediblər və bunun dünya miqyasında təbliğatını aparıblar ki, guya onlara məxsusdur. Biz uzun müddət buna fikir verməmişik. Amma bu gün bu sahədə ciddi mübarizə gedir. Biz mədəniyyətimizi hüdudlandırıb kiminsə istifadəsində olmasına qısqanclıq eləmirik. Amma bununla yanaşı, bizim mədəniyyətimizdən kim istifadə edir-etsin, kim ləzzət alır–alsın, bilməlidir ki, bu, Azərbaycana məxsusdur. Artıq bu sahədə də Azərbaycanın böyük təcrübəsi var. Bunlar isə dünyaya çıxmaqla mümkün olub. Çünki özün-özlüyündə özünü müdafiə edə bilməzsən. Özünümüdafiə dünya miqyasında olmalıdır.
Dünyaya inteqrasiya etdikcə müxtəlif xoşagəlməyən tendensiyalar da olacaq. Bu tendensiyalar bütün dünyada yaşanır və ona görə biz də bunlarla bacarmalıyıq və bacarırırq. Bu sahədə Azərbaycan kifayət qədər güclü mədəni məntiqə malikdir.
- Mədəniyyətin təbliğində medianın rolu böyükdür. Amma bu gün televiziya verilişlərinin əksəriyyəti şou xarakteri alıb. Mədəni köklərə əsaslanan verilişlərin sayı isə xeyli azalıb. Bu məsələyə münasibətiniz necədir?

- Azərbaycanda uzun müddətdir ki, “Mədəniyyət” telekanalı fəaliyyət göstərir. Bu sahədə xeyli təcrübə qazanılıb. Bundan başqa, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya mədəniyyətin təbliği, qorunub saxlanması uğrunda ciddi çalışırlar. Özəl teviziyalarımızda da yaxşı verilişlər mövcuddur. Əgər biz yerli televiziyalarımızı bizə yaxın ölkələrin televiziyaları ilə müqayisə etsək, görərik ki, bunların içərisində daha çox informasiya vermək istəyi, siyasi-ideoloji təbliğat daha güclüdür. Bu baxımdan, hesab edirəm ki, informasiya vermək sahəsində bizim müəyyən problemlərimiz var. Bəzən informasiya lazımi səviyyədə təqdim edilmir. Bu informasiyaların içərisində ən mühümlərindən biri də mədəniyyətin təbliğidir. Mədəniyyətin, incəsənətin təbliği insan mənəviyyatının təbliği deməkdir. Ona görə bu məsələyə çox ciddi fikir verilməlidir.
Şou verilişləri isə bütün dünyanın televiziya ekranlarını bürüyüb. Təbii ki, tamaşaçını əyləndirmək də lazımdır. Amma burada əsas məsələ səviyyədir. Bizdə də bəzən görürsən ki, əyləncəli və şou xarakterli verilişlərin səviyyəsi çox aşağıdır. Aparıcılara gəldikdə isə, bizim teleməkanda aparıcı problemi həmişə olub, indi də var. Onların normal ədəbi dildə danışmaması, intellekt kasadlığı, bəzilərində həddindən artıq yüngüllük, bəzilərində həddindən artıq ağırlıq, yəni qeyri-çevik olmaq və s. - bütün bunların olmaması üçün məktəb lazımdır. Hər bir televiziya bunun üçün çalışmalı, mövcud təcrübələrdən istifadə etməli və müqayisələr aparmalıdır. Xarici görkəmi yaraşıqlıdır deyə, onu ekrana çıxarmaq düzgün deyil. Tamaşaçı aparıcıya baxanda gərək həm zövq alsın, həm də ondakı intellekti hiss eləsin. Bəzən görürsən ki, bizdə müğənnilər də aparıcılıq edirlər. Onlar da məktəb keçmədiklərinə görə nə danışıq danışıqdı, nə də deyilən söz, fikir normal səviyyəlidir. Beləcə, istər-istəməz onların nitqi adamı yorur. Televiziyalar nəzərə almalıdırlar ki, veriliş siyasəti, aparıcı texnikası nə qədər yüksək olarsa, bu onların nüfuzudur. Bəzən görürsən ki, televiziyalarda adam ağladan verilişlər də olur. Düzdü, bu, reytinq gətirir, amma bununla yanaşı, televiziyanın nüfuzuna da xələldir. Ona görə də veriliş rəngarənliyi əsas şərtdir. Hesab edirəm ki, televiziyalarla bağlı çoxlu müzakirələr aparılmalıdır və onların səviyyəsi barədə daha çox düşünməyə ehtiyac var.
- Sonda yenidən Avropa Oyunlarına qayıdaq. Sizin hansı idman növünə marağınız var və bu Oyunlarda bir tamaşaçı kimi iştirak edəcəksinizmi?

- Əlbəttə ki, iştirak edəcəm. Biz onsuz da indidən tamaşaçıyıq. Hələ Oyunlar başlamamış prosesi izləyirik – nələr baş verəcək, kimlər gələcək, deyə. Sevmədiyim idman növü yoxdur. Amma onların içərisində ən çox sevdiyim güləşdir. Yəqin ki, birinci Avropa Oyunlarında da güləş yarışlarını daha ciddi izləyəcəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər