“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub
Quba-Xaçmaz
Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin
biznes inkubator iştirakçıları arasında elan etdiyi "İdeyadan biznesə doğru”
müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və
Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.
Tədbirdə çıxış edən
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə
ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı
müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir müavini ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial
məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə
daim diqqət və qayğının göstərildiyini vurğulayıb. Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi
ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək
ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit
verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb.
Biznes inkubatorların
yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir.
İqtisadiyyat
Nazirliyi tərəfindən Quba-Xaçmaz
Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin
innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun
artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına töhfə verir. Son illər ərzində
biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq
ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin keçirilməsinin gənclərin
sahibkar kimi formalaşmasında mühüm rol oynadığı və bu işlərin gələcəkdə də
davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərdən olan "İdeyadan biznesə doğru”
müsabiqəsinin keçirilməsində məqsəd biznes
inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni
biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və
innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin
stimullaşdırılmasıdır.
İqtisadiyyat Nazirliyinin, "ASAN Xidmət"in,
Azərbaycan Gənclər Fondunun nümayəndələri və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının
artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da
genişləndiyini qeyd ediblər.
Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes
inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi
ilə elan olunmuş "İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub,
onlara mükafatlar təqdim edilib. Biznes inkubatorun 19 iştirakçısına təlimlərdə
fəal iştiraklarına görə sertifikatlar verilib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət
göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara
təqdim edilib.