• çərşənbə axşamı, 19 mart, 09:10
  • Baku Bakı 8°C

İdeoloji təxribat: medianın düşünülmüş və düşünülməmiş dəstəyi

16.07.18 17:42 781
İdeoloji təxribat: medianın düşünülmüş və düşünülməmiş dəstəyi
Terror aktını hazırlayan qruplar, adətən, medianı hadisələrin mərkəzinə çəkməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, terror hər zaman cəmiyyətdə xof və xaos yaratmaq məqsədi ilə törədilir. Gerçəkləşdirilən qanlı aktlardan sonra həm icraçılara ictimai dəstək qazandırılması, həm də cəmiyyətin əsas kəsimlərində vahimə yaradılması üçün kütləvi kommunikasiya vasitələrindən istifadə edilir. Bu taktikanın qarşısının alınması üçün media qurumlarının rəhbərlərinin peşəkarlığı ilə yanaşı, rəsmi şəxslərin cəmiyyəti ardıcıl məlumatlandırmaları, lakin bu məlumatlandırma zamanı cəmiyyətin təlaşlı vəziyyətə düşməsinin qarşısını almağa səy göstərilməsi çox mühümdür.

Təqdirəlayiq haldır ki, Gəncədəki məlum terror hadisəsindən dərhal sonra rəsmi instansiyalar cəmiyyəti məlumatlandırmağa çalışdılar. Gəncənin icra başçısına silahlı hücum edilməsindən bir qədər sonra Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xüsusi açıqlama verdi. Əli Həsənovun həmin açıqlaması İctimai Əlaqələr kontekstində ilk reaksiya kimi, kifayət qədər səriştəli idi, Azərbaycan cəmiyyətini məlumatlandırmaqla yanaşı, terror aktını planlayanların qarşılarına qoyduqları xof və xaos yaratmaq məqsədini alt-üst edirdi. Əli Həsənov, heç şübhəsiz, təcrübəli dövlət yetkilisi kimi bilirdi ki, silahlı və qanlı insidentin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu cür araşdırma aparılmadan, konkret dəlillər istintaqa məlum olmadan, hadisələri "terror” kimi təqdim etmək həm hüquq, həm də ictimai və milli maraqlar baxımından doğru olmazdı. Təsadüfi deyil ki, gün ərzində güc strukturlarının, xüsusi xidmət orqanlarının müvafiq məlumatları yayımlandı. Növbəti günlər ərzində də yeni məlumatlar verildi, təfərrüat açıqlandı. Prezident yanında baş vermiş hadisə ilə bağlı xüsusi müşavirə keçirildi və müşavirənin gedişi cəmiyyətə təqdim olundu. Cəmiyyətə açıqlanan sonuncu məlumatlar isə özündə daha çox təfərrüatı ehtiva etməklə, terror aktının tərtibçiləri haqqında geniş detalları əks etdirir.

Əgər sırf kütləvi kommunikasiya prinsipləri və texnologiyaları baxımından yanaşsaq, qətiyyətlə deyirəm ki, baş vermiş hadisə haqqında cəmiyyətin belə ardıcıllıqla məlumatlandırılması daha məntiqi və doğrudur. Çünki söhbət Azərbaycan dövlətini vətəndaşların gözündə etibarsızlaşdırmağa, ölkədə sabitliyi pozmağı hədəfləyən, zəncirvari həlqələrə malik bir terror aktından və qruplaşmasından gedir. İstənilən cinayət, xüsusən də terror kimi ağır cinayətlərlə bağlı bütün təfərrüatlar dərhal bəlli olmur, bəlli olanda belə, istintaq aparıldığı üçün bəzi nüansların açıqlanması məqbul sayılmır. Bunun qarşılığında terrorun media ayaqları həmişə çalışırlar ki, müxtəlif dezinformasiyalar yaymaqla, hakimiyyət orqanlarının hadisələri önləyə bilməməyi və guya ziddiyyətli açıqlamalar vermələri kimi tezisləri gündəmə gətirməklə, dövlətlə vətəndaşlar arasında inamsızlıq yaratsınlar. Fəqət, buna Azərbaycanda nail ola bilmədilər.

Lakin təəssüf ki, terror hadisəsinə münasibətdə açıqlamaların, aktın açılan detallarına uyğun dinamikasını, üzə çıxan nüanslara uyğun şəkildə ardıcıl və operativ şəkildə cəmiyyətə çatdırılmasını rəsmi instansiyaların bir-birindən fərqli informasiya verməsi kimi anlayanlar, daha dəqiqi, anlatmaq istəyənlər var. Necə təsəvvür edirsiniz, istintaq aparılmadan, təkzib olunmaz sübutlara malik olmadan Gəncədəki terrorun beyin mərkəzində yer alan Tohid İbrahimbəyli ilə bağlı təfərrüat əldə edilə və ya açıqlana bilərdimi? Faktlar əldə edilmədən ilkin məlumat açıqlansaydı, onun himayə edən qüvvələrin reaksiyası necə olardı? Azərbaycan hüququnun və hüquq-mühafizə sisteminin imici zərbə altında qalmazdımı?

Nəzərə almalıyıq ki, rəsmi açıqlamalar cəmiyyətin məlumatlandırmasına xidmət edir, çaşqınlıq və vahimə yaranmasına deyil. Bu isə o deməkdir ki, istintaq davam etdikcə, xüsusi xidmət orqanları yeni-yeni məqamlar aşkarladıqca, cəmiyyətə əlavə məlumatlar veriləcək və ictimaiyyət daha müfəssəl bilgilərə malik olacaq. Eyni zamanda, bu və ya digər səbəblərdən müəyyən məlumatlar cəmiyyətə hələlik təqdim edilməyə, məhkəmədə açıqlana bilər. Bir daha təkrar edirəm: söhbət şəxsi zəmində baş vermiş bir cinayətdən deyil, dövlətin sabitliyini təhdid edən, uzun müddət ərzində planlaşdırılmış, indi aydın olduğu qədər, təbliği tərəfləri də işlənmiş, ciddi təxribat faktından gedir. Odur ki, həmkarlarımızın da şərh və təhlillərində bir az diqqətli olmalarında, düşünülmüş ideoloji təxribatın dəstəkçisi kimi çıxış etməməyində yarar var. Əlbəttə, bu dəstəyi düşünülmüş şəkildə vermirlərsə...

Taleh Şahsuvarlı
AzNews.az

banner

Oxşar Xəbərlər