• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

İdeala yaxın Ailə

03.04.15 09:35 4031
İdeala yaxın Ailə
Gülər Qasımova: “Hər dəfə süfrəyə oturub, yemək yeyəndən sonra məni qucaqlayıb “çox sağ ol” deyir”
Hikmət Qasımov: “Bəzən ailədə kişinin sözünün keçməsi vacibdir”

Qadının və kişinin ailədə həm maddi, həm də mənəvi baxımdan eyni yükü daşıdığını düşünürlər. Həyatlarında çətinlik də, problem də olur, amma çətinliklərə birgə sinə gərib həyat savaşından uğurla çıxırlar. Onların sözünə görə, hər gün ideal ailə olmağa daha çox yaxınlaşırlar. Bu dəfə qasımovlar ailəsinin qonağıyıq. Ailə başçısı Hikmət hüquqşünas, Gülər isə tərcüməçidir. Beş ildir evlidirlər. Övladları Tamerlan 2 yaşında, Arifə isə 2 aylıqdır. Əvvəlcə müsahiblərimizin tanışlıq tarixçəsinə nəzər salaq.
“Hikmət mən tərəfə heç baxmırdı”
Gülər Bakı Dövlət Universitetində oxuyarkən tanış olduqlarını bildirir: “O vaxt Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin tərkibində üç ixtisas vardı: beynəlxalq münasibətlər, beynəlxalq hüquq və gömrük işinin təşkili. Mən hüquqda, Hikmət gömrük işinin təşkilində oxuyurdu. Həftədə bir-iki dəfə “patok”da birləşirdik. Onu 200 nəfərin içərisində gördüm. O vaxtlar uzun saçları, uzun qara plaşı vardı. Elə ilk görəndən vuruldum. O isə mənə tərəf belə baxmırdı. Amma nədənsə hər dəfə dərsdə gəlib o qədər adamın içində mənim yanımda oturardı. Elə bil oyun oynayırdı. Tənəffüslərdə onun dayandığı dəhlizin bir ucunda dururdum ki, bəlkə məni görə. Amma o yanımdan keçib gedirdi, çevrilib bir dəfə də baxmırdı. Buna görə həmişə ağlayırdım. Bir dəfə imtahandan kəsilmişdim. Kefsiz oturub, otaqda ağlayırdım. Hikmətin otağın qabağından keçdiyini görüb, daha da hönkürtüylə ağlamağa başladım. Eşidib, içəri girdi. Nə olduğunu soruşdu. Söhbətə başladıq. Dərsdən sonra məni çaya dəvət etdi. Kafedə oturub söhbətləşdik. İlk söhbətimizdə məndən xoşunun gəldiyini və evlilik barədə düşündüyünü bildirdi. Dedi ki, “bu işə girdiksə, axırı ciddi olmalıdır”. Elə o vaxtdan onda “xaç atası” ab-havası var idi. Razılaşdım”.
Hikmətlə söhbətimizdən bəlli oldu ki, o, özünü soyuqqanlı aparsa da, auditoriyada Gülərin yanında nahaq yerə oturmurmuş: “Gülərin yanında oturandan məndə müəyyən dəyişikliklər başladı. Düzdür, bu dəyişikliklərin nədən yarandığını anlaya bilmirdim və özümdə cavabsız suallar yaranırdı. İkinci böyük görüşümüz Gülərin imtahandan kəsildiyi vaxta təsadüf etdi. O zaman yenə özüm də bilmədən halım dəyişdi, ürəyim tez-tez döyünməyə başladı. O vaxta kimi ürəyimdən keçməyən, sözlə ifadə olunmayan ilahi hisslər yaşadım və bu zaman anladlm ki, səbəbkar Gülərdir”.
Möhkəm qadın
Gəncləri bir-birinə cəlb edən xüsusiyyətlərə gəlincə, Gülər deyir ki, Hikmət həm gəncliyi, həm avaralığı, həm də ailə məsuliyyətini bir araya sığışdıran adamdır. Əvvəlcə Güləri Hikmətin xarici görünüşü cəlb etsə də, sonradan soyuqqanlı, təmkinli olmasına vurulur.
Hikmət düşünür ki, Gülərin üstün keyfiyyətlərini saymaqla qutarmaq olmaz: “Gülərə evlilik təklifimin ən əsas səbəbi ona olan sevgim, məhəbbətim, öz yarımı onda görməyim idi. Xasiyyətlərə qaldıqda isə, etibarlı, düzgün, mərd və sözün əsl mənasında möhkəm qadın olması, çətinliyə dözümlülüyü və ən əsası, çətin vaxtlarda adama dəstək olması ona evlilik təklif etməyimin səbəbləri sırasındadır”.
“Dedim, yox ki, yox, evlənməliyik”
Tanışlıqlarından düz 4 il sonra evlənirlər. Gülərin sözlərinə görə, Hikmətin ümidinə qalsaydı, hələ də evlənməmişdilər: “Deyirdi, əvvəl ev, maşın və sair məsələləri həll edək, sonra evlənərik. Mən də iki ayağımı bir başmağa dirəyib dedim, yox ki, yox. Evlənək, maddi məsələləri birlikdə həll edərik. Beləcə, evləndik”.
Ailə qurandan sonra tərəflər yeni xasiyyətləri ilə bir-birini yenidən kəşf edirlər: “Məni ən çox təəcübləndirən Hikmətin hədsiz dərəcədə qayğıkeş, yaxşı ata olması idi. Hikmət olduqca təmkinli, səbirlidir. Amma vay o gündən ki, qəzəblənə. Onda mən belə Hikmətdən qorxuram. Mənim üçün, ailəsi üçün hər şeyi edər. Mən çox dəlisov, emosional idim. Məni illərlə tərbiyə etdi. Zamanla onun təmkinliliyi bir az da mənə keçdi. Düzdür, hələ də emosionalam, amma heç olmasa, Hikmətin sayəsində hisslərimi az da olsa, idarə edə bilirəm”.
“Hər dəfə söz veririk ki, bir də dalaşmayacağıq”
Bütün ailələrdə olduğu kimi, onların ailəsində də mübahisə olur. Gülərin sözlərinə görə, mübahisələri əsasən xırda şeylər üstündə olur: “Amma mübahisəmiz elə mübahisə etdiyimiz yerdəcə bitir. Əsasən uşaqların problemləri ilə bağlı sözləşirik. Heç üstündən iki dəqiqə keçməmiş birlikdə deyib-gülüb, çay içirik. Amma davalarımız da olur. İki-üç aydan bir dalaşarıq. Ağlayıram, qışqırıram, o da dözüb baxır. Nadir hallarda özündən çıxıb əsəbiləşər. Amma bütün hallarda ən çox küsülü qaldığımız yarım saat olmaz. Barışırıq və söz veririk ki, bir də dalaşmayacağıq. Amma yenə dalaşırıq. Necə deyirlər, “çəkişməsən, bərkişməzsən”.
Kişi sözü
“Ailədə kişininmi, yoxsa qadınınmı sözü keçməlidir” sualımıza Hikmət belə cavab verdi: “Deməzdim, həmişə, amma bəzən kişinin sözünün keçməsi vacibdir. Qadınların emosialnal hisslərinin daha zərif və üzdə olduğunu, müəyyən məsələlərə başla deyil, ürəklə, hisslərə qapılaraq qərar verə bilmələrini nəzərə alaraq, müəyyən məqamlarda kişinin sözünün keçməsi və qərarı tək verməsi vacibdir”.
Kim özünü ideal tərəf sayır?
Cütlüklərdən özlərini ideal sayıb-saymamalarını da xəbər aldıq. Gülər özünü ideal saymır. İdeal qadının tərifini isə belə verir: “İdeal qadın həm maliyyə məsələlərində həyat yoldaşına dəstək olmalı, həm də evini təmiz saxlamalı, işlərin vaxtlı-vaxtında çatdırmalıdır. Eyni zamanda, uşaqlarına yaxşı tərbiyyə verməli, öz üzərində işləməli, mütaliədən ayrılmamalıdır. İdeal qadın baxımlı, gözəl, zərif olmalıdır. Şahzadə kimi. Yuxarıda saydıqlarımdan çoxunu etməyə çalışıram. Bircə baxımlı olmağa vaxtım çatmır. Məsələn, heç vaxt dırnaq boyamağa zaman sərf etmərəm. Onun əvəzində bir neçə səhifə tərcümə edib, ailənin büdcəsinə dəstək olmağa üstünlük verirəm”.
Hikmət isə özünü ideala yaxın ailə başçısı sayır: “İdeal olmağa çalışır və hər gün o məqsədə daha bir addım yaxınlaşıram”.
Hikmətdən razılığını buldirən Gülər deyir ki, həyat yoldaşı lazım olanda ev işlərində ona əl tutur: “Vaxt olub, xəstə olmuşam, yemək də bişirib. Əsasən uşaqları saxlamaqda çox kömək edir. İkinci hamiləliyimi ağır keçirdiyimdən oğlumuzla daha çox Hikmət maraqlanırdı. Özü yuyub, çimizdirir, yedizdirirdi. Əsas odur ki, hər dəfə süfrəyə oturub, yemək yeyəndən sonra istisnasız məni qucaqlayıb “çox sağ ol” deyir. Bu, mənə bəsdir”.
Həmsöhbətlərimiz fikirləşir ki, ailənin yumruq kimi olması üçün hər iki şəxs yükü bərabər daşımalıdır. Gülərin fikrincə, yalnız bu zaman yumruq alınar: “İstənilən məsələdə ər-arvad vəzifələrini də, öhdəliklərini də, sevinclərini, kədərlərini də bölüşməlidirlər. Aclıqdırsa bərabər, toxluqdursa birlikdə yaşamalıdırlar. Hikmət bəzən daha çox qazancının olmasını, mənim işləməməyimi arzulayır. Deyir, o zaman ancaq gözəllik salonlarında olar, kafeləri rahat gəzərdim. Ancaq mən onunla razı deyiləm. Lap çox qazansa belə, həmişə büdcə bərabər formalaşdırılmalıdır. Onda evin bərəkəti də olur, uşaqlar da yaxşı nümunə götürür”.
Hikmət deyir ki, əgər ailə varsa, deməli, yumruq var: “Sadəcə, o yumruğun daim sıxılmış vəziyyətdə qalmasına köməklik etmək lazımdır və bu, istər maddi, istərsə də mənəvi baxımdan tək kişinin yükü ola bilməz. Əsas odur ki, ailə sağlam və möhkəm olsun, ər-arvad bir-birilərinə hörmət etsin, bir-birilərinə inansın. Qalan hər bir şey özü-özlüyündə yaranacaq. Bu gün Gülərlə mən belə də edirik. Əlbəttə, çətinliklərlə üzləşirik, amma çətinliklərə birgə sinə gərib, hər bir həyat savaşından uğurla çıxırıq. Məncə, biz ideal ailə olmağa hər gün daha çox yaxınlaşırıq”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər