• cümə axşamı, 25 aprel, 06:06
  • Baku Bakı 14°C

İDEA Qafqaz bəbirinin qorunması layihəsinə başladı

09.05.14 10:36 1273
İDEA Qafqaz bəbirinin qorunması layihəsinə başladı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə “Panthera” - vəhşi pişiklərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumu imzalanıb.
APA-nın xəbərinə görə, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “Panthera” təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan Memoranduma əsasən Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu populyasiyanın mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulub.
“Panthera” təşkilatı həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasında yardım göstərəcək.
“Biz çox şadıq ki, vəhşi pişiklərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan “Panthera” ilə strateji əməkdaşlıq haqda müqavilə bağladıq. “Panthera” Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə bağlı həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir” , - deyə İDEA-nın təsisçisi Leyla Əliyeva bildirib.
Tomas S. Kaplan Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini bildirib: “Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - “Pardus” layihəsinə start verilib. Bu istiqamətdə artıq İDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir”.
Qeyd edək ki, “Panthera” ilə beynəlxalq əməkdaşlıq çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20 müşahidə kamerası İDEA İctimai Birliyinə təqdim edilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionunun cənubi-qərb hissəsində, Azərbaycan-İran sərhədində isə 25-ə qədərdir.
banner

Oxşar Xəbərlər