İddiasız mağaza sahibinin baş nazirliyə qədər yüksələn qızı - portret

İddiasız mağaza sahibinin baş nazirliyə qədər yüksələn qızı - portret

Təfsilat
10 Aprel 2013, 08:46 1298
“Marqaret Tetçer vəfat edib”. Bu xəbər dünyanın ən aparıcı media orqanlarının əsas informasiyasına çevrilib. Keçmiş baş nazirin nümayəndəsi Timoti Bell Tetçerin ölüm səbəbinin insult olduğunu açıqlayıb: «Övladları Mark və Kerol Tetçerlər dərin kədərlə bildirdilər ki, baronessa Tetçer insultdan vəfat edib”.

“Dəmir ledi”nin ölümünə görə Britaniyanın dövlət bayraqları endirilib. Kraliça II Yelizaveta və baş nazir Devid Kemeron Tetçerin ölümündən kədərləndiklərini bildiriblər: «Kraliça baronessa Tetçerin ölüm xəbərini eşidəndən sonra çox kədərlənib. O, dərin hüznlə özünün başsağlığını bildirir» – deyə Bukingem sarayının məlumatında bildirilir.

Tetçerin vəfatı xəbərini eşidən Britaniya Nazirlər Kabinetinin rəhbəri Avropaya səfərini yarıda qoyaraq ölkəsinin onun simasında böyük lideri, səriştəli baş nazir və böyük hərflərlə yazılan BRİTANİYALI itirdiyini qeyd edib.

Hələ 2001-ci ildə Tetçer bir neçə mikroinsult keçirib. Həkimlər ona ictimai tədbirlərdə iştirak etməyi, ictimai və siyasi fəaliyyətdən kənar durmağı məsləhət görüblər. Ömrünün sonlarında isə keçmiş baş nazir demensiyadan (qocalıqdan yaranan ağıl kəmliyi - T.M.) əziyyət çəkirdi.

Simvollardan biri

87 il ömür sürən “Dəmir ledi” hələ sağlığında tarixə düşüb. 11 il ərzində – 1979-1999-cu illərdə baş nazir vəzifəsində olan Marqaret Tetçer təkcə Böyük Britaniya tarixində yeganə qadın baş nazir deyildi. O, bu kürsünü 20-ci əsrdə hamıdan uzun müddətli tutmuşdu. O, Böyük Britaniyanın simvollarından biri idi.

Hələ Oksfordda təhsil aldığı müddətdə Marqaret Mühafizəkarlar Partiyasının universitet assosiasiyasının sədri vəzifəsini tutdu. 1950-ci ilin əvvəlində ölkə parlamentinə getmək uğrunda mübarizə apardı. İstəyinə 1959-cu ildə çatdı - İcmalar Palatasına üzv seçildi. Öncə Təqaüd və Dövlət Sosial Sığortası Nazirinin parlament müavini vəzifəsini tutdu, sonra tikinti və torpaq sahibkarlığı məsələləri ilə məşğul oldu. Ölkədə ölüm hökmünün saxlanılmasının tərəfdarı kimi çıxış etdi. Həmçinin homoseksualların cinayət məsuliyyətindən azad olunmasına səs verdi.

1960-cı illərin sonlarında Marqaret beynəlxalq səfər proqramlarına qatıldı və bu çərçivədə ABŞ-dan olan siyasətçilərlə görüşdü. Nəticədə rəsmi müxalifətin kölgə kabinetinin üzvünə çevrildi. 1970-ci ildə hakimiyyətə mühafizəkarlar gələndə Tetçer Tərəqqi və Elm Naziri postunu tutdu və 4 il bu vəzifədə qaldı. Mühafizəkarların məğlubiyyətindən sonra özünü müxalifətin lideri kimi təsdiqlədi.

“Dəmir ledi”nin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 1979-cu ildən 1990-cı ilə kimi 3 dəfə dalbadal parlament seçkilərində qalib gəldi.
O, hakimiyyətin ən yüksək zirvəsinə qalxmağı bacardı. Marqaret Tetçer hakimiyyətə fəlsəfə ilə – keçmiş hökuməti ittiham edərək baş verən hadisələrə kəskin praqmatik münasibəti ilə gəldi. O, özünün kişilərə xas əzmi ilə bütün ömrünü bu mübarizəyə həsr etdi. Dünyanın bir çox böyük siyasətçiləri də bu qadının iradəsi qarşısında baş əyirdi. O, mümkün olmayanları mümkünləşdirə bildi: «İddiasız mağaza sahibinin qızı, həddən artıq kasıb şəraitdə böyüyən, kişilərin iddia ilə müdafiə etdiyi hakimiyyət qalasına daxil olmağa özündə güc tapdı və Böyük Britaniyanın baş naziri oldu” - deyə onun haqqında yazırdılar.

Ancaq Böyük Britaniyanın ilk qadın baş naziri olmaq, özünün də gözlədiyi kimi onun yoluna çoxlu maneələr qoydu. Tezliklə aydın oldu ki, Tetçer qanunvericilikdən yaradıcılıqla istifadə edərək özünün sələflərindən çox şeyə nail olub. O, ölkənin iqtisadiyyat gəmisini hücum mövqeyinə gətirdi. Tetçer öz ölkəsinin tarixində pozulmayan izlər qoydu və bütün Britaniya cəmiyyətində onun izi ilə getmək istəyən gənc qadın liderlər üçün nümunəyə çevrildi.

«Tetçerizm»

Baş nazir olduğu dövrdə Tetçer ölkə iqtisadiyyatına və xüsusilə maliyyə sektoruna yönələn mühafizəkar islahatlar həyata keçirib - dövlət şirkətlərinin özəlləşdirilməsi, həmçinin həmkarların təsirinin kəskinliklə azalması istiqamətində addımlar atıb. Tetçerin siyasəti «Tetçerizm» kimi tarixə düşüb. “Heç bir şey etməmək xoşbəxtlik deyil. Xoşbəxtlik gün ərzində bütünlüklə yüklənmək, günün sonunda isə tam yorulmaqdır” – bu sözlər onun həyat şüarı idi.

Rəqibləri Tetçeri cəmiyyəti ikiyə - varlılara və kasıblara bölməkdə ittiham edirdi, ancaq o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələrin özəlləşdirilməsinə nail oldu. Daha sonra, elektrik və su təchizatı da dövlət monopoliyasından çıxarıldı. O, bir sıra dövlət müəssisələrinin satışını həyata keçirdi, vergiləri artırdı. Bu, istehsal sənayesində geriləmələr yaratsa da, xidmətlərin istehsalına keçidlə nəticələndi. Tetçer mülkiyyətin hamısının dövlətin mühafizəsində olmasını sosializmin bəlası adlandırıb.

Özünün yazdığı tərcümeyi-halında xanım Tetçer baş nazir olduğu vaxt Britaniyanı “yumşaq sosializmdən” azad sahibkarlığa keçirdiyini yazıb. “Kiminsə mənə hücum etməyə hazırlaşdığını biləndə qanımda adrenalin artır. Və həmin adamlara cavab verməyə hazırlaşanda öz-özümə deyirəm: “Meqqi, sən təksən. Heç kim sənə kömək etməyəcək” –deyə Tetçer bildirirdi.

Xanım Tetçer iqtisadi və siyasi yaxınlıq məqsədi daşıyan Avropa Birliyinə düşmən münasibətini heç zaman gizlətmirdi. O, belə bir təşkilatın Britaniyanın suverenliyinə hədə olduğunu deyirdi.

Tetçerin yüksək populyarlığı sonradan ölkədə işsizliyin artması ilə azalıb. 1981-ci ildə keçirilən sorğuya görə, Tetçer Britaniya tarixində ən az sevilən baş nazir idi. Ancaq 2 il sonra Argentinaya qarşı Folklend müharibəsini udandan sonra Tetçer parlament seçkilərində çox böyük qələbə qazanıb. Onun siyasi baxışları bir çoxları kimi, öz partiyasının üzvlərinin də qəzəbinə səbəb olurdu. Tetçerin əleyhdarlarının fikrincə, o, yeritdiyi siyasətlə Böyük Britaniyanı zəiflətmək üçün hər şeyi etdi. Tərəfdarları üçünsə, Tetçer əzəmət rəmziydi.

Tetçer xarici siyasətində ABŞ-a istiqamətlənib. ABŞ prezidenti Ronald Reyqanın SSRİ-yə münasibətindəki təşəbbüslərini dəstəkləyib. Təsadüfi deyil ki, Reyqan Tetçeri "İngiltərədə ən yaxşı kişi” adlandırıb.

Sovet rəhbərliyini kəskin tənqidlərinə görə Tetçer «Dəmir ledi» ləqəbini alıb. Deyilənə görə, Tetçer bu ləqəbi mühafizəkar yönümlü sərt siyasətinə görə qazanmışdı. Amma ilk dəfə olaraq sovet hərbi jurnalisti Yuri Qavrilov «Qırmızı ulduz» qəzetində dərc etdirdiyi məqaləsində Tetçeri «dəmir xanım» kimi qələmə vermişdi. Jurnalistin onu belə adlandırmasına səbəb Marqaretin SSRİ ilə bağlı kəskin tənqidləri olmuşdu. Maraqlıdır ki, «Qırmızı ulduz»un 24 yanvar 1979-cu il tarixli sayındakı məqalənin çıxdığı vaxt Tetçer hələ rəsmi şəkildə baş nazir postundakı fəaliyyətinə başlamamışdı.

Kommunizm onun üçün sadəcə barışılması mümkün olmayan hadisəyə çevrilmişdi. Buna baxmayaraq, Tetçer hesab edirdi ki, kommunist və kapitalist ölkələr qarşılıqlı kompromislər sayəsində birgə yaşaya bilərlər.
Xanım Tetçer 1990-cı illərdə İraqın Küveytə hücumunu da qınamışdı. Birləşmiş Ştatlarda səfərdə olarkən o vaxtlar prezident olan Corc Buşla eyni mövqedən çıxış etmişdi. O, Səddam Hüseyni dayandırmaq üçün hərbi müdaxiləni də istisna etmirdi.

1984-cü ildə terrorçu İrlandiya Respublika Ordusu Marqaret Tetçerin həyatına qəsd etməyə cəhd edilmişdi. Təşkilatın üzvləri Mühafizəkarlar Partiyasının konfransının düzənləndiyi “Brayton” otelinə bomba qoydular. Baş vermiş partlayış nəticəsində beş nəfər həyatını itirsə də, «dəmir ledi» zərər çəkmədi.

“Parlaq tiran”

1990-cı ildə Tetçer həm baş nazir, həm də partiyasının sədri vəzifələrindən azad edilir. Bundan sonra o, baronessa titulu ilə Lordlar Palatasında yer alır. Vəzifəsindən getdikdən 5 il sonra televiziyaya verdiyi müsahibə zamanı xanım Tetçer azadlıq və müstəqillik prinsiplərinə inancı ilə Britaniyanı dünyada yüksəkliklərə ucaltdığını deyib.

Həyatının son illərini sakitlikdə keçirməkdən imtina edən "Dəmir ledi" mühafizəkar namizədlərin kampaniyalarında yaxından iştirak edir, Mühafizəkarlar Partiyasının gələcək nəslinin inkişafı və dəstəklənməsi səylərini davam etdirirdi.

“Dəmir ledi” dünyada ən zabitəli qadın olub. Marqaret Tetçer güclü, vicdanlı, inadkar, amma şöhrətpərəst, təmkinli və soyuqqanlı idi. 2007-ci ildə ilk qadın baş nazir kimi Tetçerin şərəfinə Britaniya Parlamentində abidə qoyulub. O, iki cild memuar yazıb. Tetçerin şəxsiyyəti bir sıra bədii əsərlərdə, bədii və sənədli filmlərdə xatırlanıb.

Marqeret Tetçer dünya liderləri arasında da böyük nüfuza malik idi.
Fransa prezidenti Mitteran demişdi ki, Tetçerin gözləri Kaliqula (qəddar Roma imperatoru) gözləridir, dodaqları Merilin Monro dodaqları”.
Sutkada 18 saat işləyən Tetçeri keçmiş baş nazir Harold Macmillan “parlaq tiran” adlandırırdı.

SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov bildirib ki, Tetçer böyük siyasətçi idi və o, “soyuq müharibə”ni dayandırmağı bacardı: «Marqaret Tetçer böyük siyasətçi və parlaq insan idi. O, bizim yaddaşımızda və tarixdə qaldı”. Siyasi şərhçi Pol Conson qeyd edib ki, hətta, Tetçerin ən böyük düşmənləri də onun geniş imkanlarını etiraf edirdilər. “Təkcə o, yeganə “kişi-qadın” idi ki, hökumətə rəhbərlik edə bilərdi”.

Rəcəb Tayyib Ərdoğan isə Marqaret Tetçeri yalnız ölkəsinin deyil, Avropa və dünya siyasət tarixinin ən güclü liderlərindən biri adlandırıb.
“Dəmir ledi” isə öz qadınlığı ilə bağlı «Times» dərgisinə müsahibəsində «Mən çalışıram ki, qadın olduğuma əhəmiyyət verməyim. Özümə baş nazir kimi baxıram. Çünki feminizm bizim nələrə qadir olduğumuzu korlayır. Mən yaşayıram ki, işləyəm”.

Əlvida, “Dəmir ledi”

İndi isə... Böyük Britaniya öz “Dəmir ledi”sini son mənzilə yola salmağa hazırlaşır. Marqaret Tetçerin dəfn mərasiminin necə keçiriləcəyinin təfərrüatları artıq məlumdur. Böyük Britaniya baş nazirinin kargüzarlıq xidmətinin məlumatına görə, baronessa Marqaret Tetçerin təntənəli dəfn mərasimi keçiriləcək. Dəfn mərasiminin təntənəli keçirilməsi qərarını isə Britaniya kraliçası II Yelizaveta verib. Mərasimin miqyası kral ailəsinin özləri üçün təşkil olunan dövlət səviyyəsində dəfn mərasimindən bir az geri qalacaq. Britaniya tarixində belə bir dəfn mərasimi 1965-ci ildə Uinston Çörçill üçün keçirilib.

Marqaret Tetçerin tabutu Müqəddəs Pavel kilsəsinə gətiriləcək və orada vida mərasimi keçiriləcək. Tabutun dayanacağı marşrut üzrə yollarda Britaniya ordusunun, hərbi-dəniz və hərbi-hava qüvvələrinin hərbçiləri keşik çəkəcək. Vida mərasimindən sonra isə Marqaret Tetçerin meyidi kremasiya olunacaq ki, bu mərasimə yalnız onun yaxınları buraxılacaq.

Təranə Məhərrəmova