• çərşənbə axşamı, 23 aprel, 13:16
  • Baku Bakı 24°C

İddialar əsassız və qərəzlidir

13.05.19 20:17 740
İddialar əsassız və qərəzlidir
Müstəqil Azərbaycan beynəlxalq birliyinin layiqli üzvünə çevrildiyi andan dünyadakı erməni diasporu və onların təsiri altında olan siyasi qüvvələr, müxtəlif təşkilatlar ölkəmiz əleyhinə kampaniya aparır, Cənubu Qafqazın lider dövlətinin uğurlarına kölgə salmağa çalışırlar. Xüsusən də paytaxt Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi ərəfədə anti-Azərbaycan şəbəkə daha da fəallaşır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün ən müxtəlif vasitələrə əl atırlar. Təəssüf doğuran haldır ki, bir sıra hallarda bəzi nüfuzlu təşkilatlar, ayrı-ayrı siyasilər, rəsmi şəxslər də erməni diasporunun apardığı anti-Azərbaycan təbliğatın təsiri altında bəyanatlarla çıxış edirlər. Biz belə halları mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, həmçinin I Avropa Oyunları, "Avroviziya-2012”, Bakı-2017: İslam Həmrəylik Oyunları, Formula 1 yarışları ərəfəsində dəfələrlə müşahidə etmişik.

Sözsüz ki, bütün bu qarayaxma kampaniyaları effekt vermir, iflasa uğrayır. Lakin buna baxmayaraq, ermənipərəst dairələr də öz işlərindən qalmır, hər dəfə yeni bəhanə ilə anti-Azərbaycan şəbəkəni işə salır, ölkəmiz haqqında neqativ rəy formalaşdırmağa çalışırlar. Misal üçün, artıq xeyli müddətdir ki, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu dəfə qarayaxma kampaniyasına əsas səbəb mayın 29-da Bakıda UEFA finalının keçirilməsidir. Böyük Britaniya XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Bəzi dairələr əsassız şəkildə insan hüquqları, qanunun aliliyi məsələsini qabardırlar. Halbuki, Qərb ölkələrinin özündə belə hallar kifayət qədərdir. Bəzən də iddia olunur ki, guya viza rejimi problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır.


Bütün bu yalanlar baş tutmayanda Bakıdakı otellərin baha olması dərhal ortalığa atılır. Amma reallıq budur ki, paytaxt şəhərimizdə 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər on minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır. Bundan başqa, anti-Azərbaycan qüvvələr uçuş biletlərinin qiymətinin baha olmasını da növbəti "fakt” kimi gündəmə gətirir, ictimailəşdirirlər. Bu zaman da onlar yanılırlar. Çünki AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayan qiymətlər tətbiq edir. Yəni, AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Əlləri hər yerdən üzülən, yalanları ifşa olunduqca batan ermənipərəst şəbəkə kürəyini yerə vurmamaq üçün "Arsenal” klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın məsələsini şişirdirlər. Halbuki, G.Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Diqqətli oxucular yaxşı xatırlayar ki, əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb.

Sadalanan faktlar onu deməyə tam əsas verir ki, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, ölkəmizə təzyiq göstərməyə hesablanıb. Azərbaycan Xarici İşlər Nazirliyi də qeyd olunanlarla bağlı açıqlama yayıb. Qeyd olunub ki, UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur. Bildirilib ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub, ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ”-"Çelsi” futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. XİN-in açıqlamasında Azərbaycanın həm də turizm ölkəsi olması, hər il ölkəmizə çoxsaylı əcnəbi turistlərin səfər etdiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.


Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Böyük Britaniya XİN-də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədə uyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Onun fikrincə, ilk növbədə, bu, obyektiv deyil və Böyük Britaniya və Azərbaycan münasibətlərinin ruhuna yaraşmır: "Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir. Bəyanatda adı çəkilən oğurluq, dələduzluq halları Azərbaycanda çox azdır və etik davranışla bağlı problem yoxdur. Mən düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Anti-Azərbaycan qüvvələrin dəst-xətti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu və ya digər qüvvələr Azərbaycana qarşı bir qarayaxma kampaniyasına başlayırlar. Diqqət etsək görəcəyik ki, bu cür kampaniyalar qərəzlidir və heç bir əsası yoxdur”.

H.Babaoğlu Londonla Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsaslanaraq müqayisə edib. Deyib ki, bu barədə vəziyyət heç də Böyük Britaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir: "Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfərə düşən rəqəmlərə görə, Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. London polisinin rəsmi veb-səhifəsinə bildirilir ki, Londonda 2017-ci ildə 824.704 cinayət faktı qeydə alınıb. Onların da 225.247-si oğurluqla bağlı cinayətlərdir. Bakıda bu göstərici 7.898 təşkil edir. Bununla yanaşı, Londonda 175.348 dələduzluq, 103.918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda həmin ildə 3.856 dələduzluq, 1.753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal və dələduzluq hadisələrinin çox olması ilə ittiham edə bilər? Mən bunu dövlətin rəsmi məlumatı kimi təqdim etmək istəmirəm. Amma bütün hallarda bu, obyektiv deyil”.


Ölkəmizə gələn turistlərin qarşılaşdığı kriminal vəziyyətlərlə bağlı statistika aparılması ilə bağlı təklif irəli sürən deputat həmin göstəricilərin çox aşağı olacağını əminliklə söyləyib: "Statistikadan da gördüyümüz kimi, kriminal halların sayı 10 dəfə azdır. Heç şübhəsiz ki, idman yarışlarına gələn azarkeşlərin təhlükəsizliyi və sabitliyi tam şəkildə qorunacaq. Biz bilirik ki, davranışlarına görə ən mədəni azarkeşlər sırasında Azərbaycan azarkeşləri yer alır. Lakin ən aqressiv azarkeşlər dedikdə ilk ağıla ingilis azarkeşlər gəlir. Britaniyalıların özləri də bunu yaxşı bilirlər. Dəfələrlə bir çox kütləvi yarışlarda onların aqressivliklərinin şahidi olmuşuq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Azərbaycan dünyanın ən multikultural cəmiyyətlərindən biridir. Bu gün Avropanın multikulturalizmi imtina etdiyi bir vaxtda Azərbaycan bu dəyərləri yenidən təbliğ edərək Avropaya qaytarır. Nəticədə Avropa da bundan bəhrələnməyə çalışır”.

Məsələnin hüquqi kontekstə qiymətləndirilməsinə gəlincə, H.Babaoğlu bunun üçün hər hansı problemin olmadığını dilə gətirib. Deputat deyib ki, "Arsenal” klubunun oyunçusu erməni əsilli G.Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və onun təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə bağlı bəyanat verilib: "O, Azərbaycana idmançı kimi gəlir. Göründüyü kimi, burada bir məhdudlaşdırma yoxdur. O cümlədən, hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi burada maddi baxımdan hüquqların məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar”.

Millət vəkili Naqif Həmzəyev də bizimlə söhbətində bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu məkan kimi tanınır. O qeyd edib ki, ölkəmiz, həmçinin humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir: "Müstəqil Azərbaycan enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə çıxış edir. İnkaredilməz gerçəklikdir ki, ölkəmizin dünyada nüfuz qazanmasının təməlində müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır. Təəssüf ki, Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr də mövcuddur. Onlar hər an fürsət gözləyirlər. Müxtəlif media vasitələri vasitəsilə ölkəmizə qara yaxır, yalan, şər, böhtan, uydurma, iftiradan istifadə edərək əməllərinə, xainliklərinə haqq qazandırmağa çalışırlar. Lakin müdrik xalqımız həmişə olduğu kimi bu gün də ölkəmizin müstəqilliyinə, inkişafına, sabitliyinə qara yaxmağa çalışanlara fürsət vermir, əksinə, bu təsirlərə qarşı kəskin fikirlərini bildirir, qəti mövqeyini ortaya qoyur və ölkə Prezidenti İlham Əliyevi dəstəkləyir. Azərbaycan xalqı yaxşı bilir ki, dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşdırılması təşkil edir və burada ikinci bir mövqe ola bilməz”.

Milli Məclisin deputatı Azər Badamov da Azərbaycanın inkişaf edən ölkə olduğunu, bir çox uğurlara imza atdığını vurğulayıb. Onun fikrincə, bu kontekstdə ən böyük uğur ölkədəki siyasi sabitliyin təmin edilməsi olub. Millət vəkili deyib ki, Azərbaycan indiyə qədər bir çox beynəlxalq idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edib: "Bildiyiniz kimi Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və sair ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışmalar Azərbaycanda keçirilib. Hər bir böyük beynəlxalq yarışmalar ərəfəsində Azərbaycanı ləkələmək, ölkəmizdə təhlükələrin mövcud olması barədə yalançı təbliğat kampaniyası işə düşür. Bu təbliğat kampaniyası ölkəmizə qarşı olan qarayaxma kampaniyasının tərkib hissəsidir və müəyyən sifarişlərin icrasıdır. Yəni, ölkəmizə qarşı çevrilmiş anti-milli ünsürlərin məqsədi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmaq, ölkəmizi təhlükəli bir məkan kimi təqdim etmək, Bakıda keçiriləcək UEFA finalının baş tutmaması istiqamətində müəyyən işlər görməkdir. Lakin onların apardığı hər bir qarayaxma kampaniyası, anti-milli siyasət ancaq özlərinin boş-boş danışmaları ilə yadda qalacaq. Çünki Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər təcrübə formalaşıb. Biz müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olmuşuq və onlara layiqli cavab verilib”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər