• cümə, 19 Aprel, 11:54
  • Baku Bakı 13°C

İdarə etmək daha çətindir – Uğur hekayəsi

07.04.14 09:07 5319
İdarə etmək daha çətindir – Uğur hekayəsi
Gənc olmasına baxmayaraq indiyədək bir sıra layihələrdə ekspert kimi çalışıb. Ən böyük arzusu Amerikada “good govern” (yaxşı idarəçilik – L.M.) sahəsində tədqiqat aparmaq və indiyədək apardığı tədqiqatları kitaba çevirməkdir. Ancaq hələ ki, vəzifəsindən irəli gələn işlərə görə bu arzusunu reallaşdırmağa vaxt tapmır. Müsahibimiz Turizm İnstitutunun tədris işləri üzrə prorektoru, Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında müəllimi Eldar Aslanovdur.
- Eldar müəllim, həm bakalavr, həm magistratura, həm də doktorantura pilləsini siyasi elmlər, dövlət idarəçiliyi üzrə bitirmisiniz. Necə oldu ki, Kürdəmir rayon Sığırlı kənd orta məktəbini qurtaran abituriyentin bu sahəyə marağı yarandı?
- Bakalavr təhsilimi indiki Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında almışam. Açığını deyim, siyasi elmlər üzrə təhsil almaq kimi xüsusi məqsədim yox idi. Sadəcə ixtisas qrupumu müəyyənləşdirmişdim və siyasi elmlər ixtisasına düşdüm. Qeyd edim ki, bakalavr təhsilimi bitirəndən sonra artıq Milli Məclisdə siyasi komitədə ekspert kimi çalışırdım. Tələbə olandan özümdə müəyyən keyfiyyətlər tapmağa başladım. İctimai işlərə meylli idim. O vaxt Maarif Gənclər Təşkilatını yaratdım, Gənclər Təşkilatları Milli Şurasının yaranmasında iştirak etdim, ümummilli liderlə bir neçə görüşə qatıldım, onun qarşısında çıxış etdim. Həyat və təhsilim məni bir az siyasət, idarəetmə, dövlət idarəçiliyinə yönləndirdi. Bu işlərlə durub-oturmağa başladım. Buna görə də sonrakı təhsilimdə artıq özüm idarəçilik və siyasi elmlərə meyl etdim. Bakalavrı bitirəndən sonra qrup yoldaşlarım arasında istehsalatda işləyənlər də, uğurlu biznes quranlar da oldu. Amma biznes məni özünə cəlb etmədi. Təhsil, idarəetmə, siyasi tərəfi açıq olan məsələlər məni cəlb edirdi. Çalışdım ki, savadım, gücüm imkan verdiyi qədər bu proseslərin inkişafına kömək edim. Təhsil aldığım Akademiya ilə Türkiyənin Türkiyə Orta Şərq Dövlət İdarəçilik İnstitutu arasında müqavilə var idi. Bizim akademiyadan bir nəfər seçilib sözügedən instituta göndərilməli idi. Müraciət etdim və seçildim. Beləliklə, gələcək yolumu cızaraq sözügedən institutda Dövlət və bələdiyyə İdarəçiliyi üzrə magistr təhsili, daha sonra Ankara Universitetinin Sosial Elmlər İnstitutunda Dövlət idarəçiliyi və siyasi elmlər üzrə doktor (PhD) dərəcəsi aldım.
- Çox maraqlı CV-niz var. Müxtəlif qurumlarda müxtəlif vəzifələrdə çalışmısınız. Ancaq özünüzü daha çox ekspert kimi sınamısınız. Milli Məclis, Milli QHT Forumu, BMT-nin inkişaf proqramı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ekspert vəzifəsini icra etmisiniz. Son 3 ildir ki, artıq idarəçilik sistemindəsiniz. Sizcə, hansı daha çətindir, ekspert olmaq, yoxsa idarə etmək?

- Məncə, idarə etmək daha çətindir. Bir işin eksperti olub o işlə məşğul olmaq mənim üçün bir zövqdür. Amma idarəetmə işinin çətinliklərinin olmasına baxmayaraq, maraq doğuran tərəfləri də var. İnsanlarla işlədiyinizdən onları motivasiya etməlisiniz, işə həvəs yaratmalısınız və nəticə əldə etməlisiniz. İdarəetmə proses olaraq çox səliqəli getməlidir. Amma önəmli olan səliqəli ildarəetmə prosesinin sonunda uğurlu nəticə almaqdır. Yəni nəticə yoxdursa, səliqəli proses heç kimə lazım deyil. Səliqəli deyəndə, insanlarla hərtərəfli dil tapmalı, qəlblərinə dəymədən, incitmədən, insanların işlərindən zövq almasını motivasiya etməklə onları ümumi bir komandanın tərkib hissəsi kimi son nəticəyə aparıb çıxarılmasına yönləndirməkdir. Gənc yaşda bunu sınaqdan keçirmək adama zövq verir.
- Dediniz ki, insanları incitmədən idarə etmək... Sizcə, idarəçi olub insanları incitməmək, qəlbinə dəyməmək mümkündürmü?
- Desəm ki, idarəetmə prosesində insanların qəlbinə dəymədən hər şeyi idarə etmək mümkündür, yalan olar. Bir çox hallarda ümumi məqsədlər, təmsil etdiyin təşkilatın qarşısında duran vəzifələr bizə bir çox məhdudiyyətlər yaradır. Biz bir çox vərdişlərimizdən, tənbəlliymizdən, bəzən bir çox çatışmamazlıqlarımızdan vaz keçməli olur, çatışmayan yerimizi təkmilləşdirmək məcburiyyətində qalırıq. Məsələn, bəzi həmkarlar işdə lazım olan, öhdəsinə düşən işi mükəmməl bilmirsə, attestasiya olur və onların qarşısında nəyisə öyrənmək üçün çox az bir vaxt qoyulur. Bilirəm ki, o dövr onlar üçün stresli olur, bəlkə kimdənsə inciyir, qəlbləri qırılır. Amma lider, idarəçi olaraq əmin olursan ki, nəticə etibarı ilə həm təşkilatın ümumi məqsədləri baxımından, həm qarşısına son tarix qoyduğun o insanın çıxarları baxımından yaxşı bir işlə məşğulsan. Yəni, nəticədə təşkilat qazanacaq, o insan özündə yeni keyfiyyət aşkarlayacaq, bəlkə yeni dil, kompyuterdə hansısa proqramlar və s. öyrənəcək, tanış olmadığı, amma ona lazım olan yeni bir sahəni öyrənəcək. Bir sözlə, bəzən ümumi məqsədlər üçün daha sərt qərarların qəbul edilməsi lazım olur. İdarəetmənin əsas xüsusiyyətlərindən biri də budur.
- Azərbaycanda kifayət qədər çəkisi olan bir universitetdə ikinci şəxssiniz. Necə oldu ki, bu vəzifədə işləmək üçün təklif aldınız?
- Turizm İnstitutu yarandığı gündən prosesin içindəyəm. Turizm İnstitutu yaranmadan öncə BMT-nin İnkişaf Proqramının Mədəniyyət və Turizm Nazirliyi ilə həyata keçirdiyi bir layihə var idi. O proqram çərçivəsində Turizm İnstitutu yaranmalı idi. Mən həmin layihənin eksperti, hazırkı rektorumuz Cəfər Cəfərov o layihənin proqram koordinatoru idi. İnstitut yarananda Cəfər müəllim mənə də təklif etdi ki, prosesdə iştirak edim. Ancaq Türkiyədəki doktorantura təhsilimlə bağlı Turizm İnstitutu yarandığı ilk günlərdə prosesə qatıla bilmədim. 2007-ci ilin iyununda doktorluq dissertasiyamı uğurla müdafiə etdim və vətənə döndüm. Təxminən ay yarımdan sonra Turizm İnstitutunun inkişaf şöbəsinin müdiri təyin olundum. Turizm İnstitutu yeniliklərər açıq yeni bir ali məktəb olduğundan, hökumətin, Mədəniyyət və Turizm Nazirliyinin qarşıya qoyduğu vəzifələr cəlbedici təsir bağışladığından aldığım təklif məni həyəcanlandırırdı. Bəlkə də başqa bir sahə olsaydı, düşünərdim, amma ölkəmizdə yeni bir sahəni inkişaf etdirmək, o sahəyə kadr hazırlamaq maraqlı idi. Bu sahə boş bir meydan idi və mən də bu işin altına girdim.
- Bir gənc karyera pilləsində uğur qazanması üçün nə etməlidir?
- Klassik səslənsə də, bir gəncin uğurlu karyera qurması üçün yaxşı təhsil və ailə tərbiyəsi alması çox vacib şərtdir. Deyə bilərsiniz ki, bunları alan çox gənc var ki, uğur qazanmayıblar. Üçüncü bir məsələ də var. Təhsil ala-ala gələcəkdə nə olmaq istədiyinizə qərar verməli, qarşınızda duran bu vacib sualı müəyyənləşdirməlisiniz: siz kimin üçün, nə üçün yaşayacaqsınız, özünüzü ailənizəmi həsr edəcəksiniz, yoxsa ailənizdən başqa yaşadığınız şəhərin, rayonun və təbii ki, ölkənin problemlərinə laqeyd qalmayacaqsınız. Qalmayacaqsınızsa, daha böyük arenaya çıxmaq şansınız var. Gələcəkdə uğurlu karyeraya sahib olmaq üçün təhsil ala-ala ictimai işlərlə məşğul olmaq da vacibdir. Deyək ki, siz memarlıq ixtisası üzrə təhsil alırsınızsa, ölkədə memarlıq fəaliyyəti ilə məşğul olan ictimai fəaliyyətlərə qoşula, gənc memarlar klubu yarada bilərsiniz. Bir sözlə, işinizi görməklə yanaşı, həm də ictimai-aktiv gənc olmalısınız. Yalnız laborotoriya şəraitində yaxşı mütəxəssis olmaq çox çətindir. Çünki bir müddət sonra laborotoriyadan çıxmaq məcburiyyətində olursunuz. Diplomunuzu alıb cəmiyyətə, yəni parnikdən normal həyata çıxırsınız. Bu həyatda sizi sərt küləklər də vurur, şaxta da, külək də, isti də olur. O reallıqları təhsil ala-ala görməli, uyğunlaşmalısınız ki, təhsilinizi alıb bitirdikdən sonra sizin üçün tam yad olan bir mühitə düşməyəsiniz. Bu gün bizim təhsilimizin məncə çox mühüm problemlərindən biri ondan ibarətdir ki, gənclər bir çox halda çox yaxşı nəzəri biliklər əldə edirlər. Amma onların praktiki vərdişləri öz ixtisasları üzrə kifayət qədər olmur. Əgər jurnalistikada təhsil alan tələbə ömründə bircə dəfə də divar qəzetinə məqalə yazmayıbsa, kamera qarşısında durub reportaj hazırlamayıbsa, ali təhsilindən sonrakı dövrdə çox böyük bir zaman lazım olur ki, həmin praktiki baryerləri aşsın. Bir çox gənc var ki, təhsil almır. Onlar da müəyyən peşələrə yiyələnməklə ali təhsil alan gənclərdən daha çox uğur əldə edə, öz sahələrində yaxşı mütəxəssis ola bilərlər.
- Eldar müəllim, gələcək planlarınızdan danışardınız.
- Mən təyinatlı vəzifə tuturam və işimdən razıyam. Nə vaxta qədər ki, mədəniyyət və turizm naziri məni bu təyinatdan geri çağırmayıb, bu işin öhdəsindən gəlməyə çalışacağam. Yaşıma görə bu sahədə təcrübəmin kifayət qədər olmasına baxmayaraq, çalışıram ki, verilən mötəbər bir vəzifənin öhdəsindən gəlim. İki mindən çox kollektiv, həm peşə məktəbi, həm ali təhsilin müxtəlif pillələri - bakalavr, magistratura, doktorantura, sertifikat kursları, müxtəlif beynəlxalq proyektləri olan bir ali məktəbin ikinci şəxsi olmaq yetərincə məsuliyyətli bir işdir və ölkənin, dövlətin, cəmiyyətin qarşısında bu işləri görmək üçün öz töhfəmi verməyə vəzifəm kifayət edir. Gələcəklə bağlı planlarıma gəlincə, ilk növbədə beynimdə bir neçə kitab var ki, onları yazmalıyam. Apardığım tədqiqatları kitaba çevirməliyəm. Bundan başqa, bir müddət xaricdə tədqiqat aparmaq arzusundayam. Baxmayaraq ki, keçən il bu tədqiqat təqaüdünü aldım, amma mövcud vəzifəm imkan vermədi ki, bir neçə aylıq Amerikada “good govern” (yaxşı idarəçilik – L.M.) sahəsində tədqiqat aparım. Ümumiyyətlə, bütün şanslarımı o istiqamətdə qovuram ki, həyat mənə daha yaxşı sürprizlər etsin.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər