İctimai Televiziya və Radio Yayımları Şirkəti yeniliklərə start verir
Qurumun İctimaiyyətlə Əlaqələr
Departamentindən verilən məlumata görə telekanal sentyabrın 17-dən etibarən hər
səhər "Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram
ilə tamaşaçıların görüşündə olacaq. Həftənin beş günü, səhər saat 06:50-dən
10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin
olacaq. Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular,
sağlamlıq, hüquq, idman, mədəniyyət ilə bağlı maarifləndirici süjetlər üstünlük
təşkil edəcək. Bundan əlavə Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların
mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında, İctimai
Televiziyada başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində
yayımlanacaq proqramların anonsları da yer alacaq.
"Sabahın xeyir, Azərbaycan”ın
daha bir özəlliyi isə balaca tamaşaçılarını unutmamasıdır, belə ki, verilişdə həm
də uşaqlarla bağlı mövzulara yer veriləcək. Dünya ulduzlarının həyatı ilə
maraqlananlara verilişin komandası məşhurlar haqqında ən son məlumatları və
dünya şou-biznes yeniliklərini çatdıracaq. Verilişdə həmçinin paytaxtdakı mədəniyyət
yenilikləri - konsert, kino və teatrlar
haqqında süjetlər və afişalar barədə məlumat yayımlanacaq. Daha bir özəllik isə
verilişin yayımı ərzində tamaşaçı ilə interaktiv sual-cavab, viktorinaların
keçirilməsi olacaq.
Aparıcılar Könül Arifqızı,
Azər Süleymanlı,Aynur Fətullayeva, həmçinin sevilən DJ-lər İlahə Şıxlinskaya və
Ağa Nadirovun təqdimatında yayımlanacaq "Sabahın xeyir, Azərbaycan”nın son
saatında günün mövzusu ilə bağlı ekspert qonaq iştirak edəcək ki, bu da
proqrama canlılıq qatacaq.
"Sabahın xeyir, Azərbaycan” göz oxşayan dekor
və tam fərqli format ilə sentyabrın 17-i həftənin beş günü, saat 06:50-dən
tamaşaçı görüşünə gələcək.