• çərşənbə, 24 Aprel, 08:36
  • Baku Bakı 13°C

“İctimai Palata qrup maraqlarına görə dağıldı”

05.03.14 12:11 1107
“İctimai Palata qrup maraqlarına görə dağıldı”
Məlumdur ki, İctimai Palatada AXCP və Müsavat partiyası arasında mübarizə önə çıxmışdı, tərəflər sosial şəbəkələrdə bir-birilərinə qarşı hücumlar təşkil edirdilər.
Eyni zamanda Koordinasiya Şurasına qəbulla bağlı çox böyük konfliktlər meydana çıxırdı. Bütün bunlar onu göstərir ki, İctimai Palatada qrup maraqları uğrunda dava gedirdi. Təbii ki, qrup və şəxsi maraqlar olan yerdə, milli maraqlar arxa plana keçir. Buna görə də hansı məqsədlə yaradılmasından asılı olmayaraq, müəyyən bir dövrdən sonra İctimai Palata qrup maraqları uğrunda mübarizə önə çıxdığına görə dağıldı”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İctimai Palatanın fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən deyib.
S. Cəlaloğlu bildirib ki, hazırda demokratik cəbhədə olan müxalif qüvvələrin özləri də demokratik dəyərlərdən uzaqlaşıblar və birliklərin, siyasi blokların bu şəkildə qısamüddətli olması, dağılması bununla əlaqədardır.
ADP sədri qeyd edib ki, Azərbaycanda bloklar yaranandan sonra, bura daxil olan partiyalar həmin blokları öz təsirində saxlamaq, hegemonluq etmək niyyəti güdür: “Bloka daxil olan partiyalardan biri digərlərini öz təsiri altına almağa və həmin qurumda üstünlük əldə etməyə çalışır. Həmin qurumlarda maraqları sıxışdırılan partiyalar məcbur olurlar ki, həmin blokların əleyhinə iş aparsınlar və kənarda da yeni birliklərin yaranmasına cəhd etsinlər. İctimai Palata olduğu halda, Milli Şuranın yaranmasının da əsas səbəbi bu idi. İctimai Palata artıq heç kimə lazım deyildi və ona görə də bu qurum buraxıldı. Əgər irəli sürülən yeni təşəbbüs də hər hansı partiyanın maraqlarına xidmət edəcəksə, onun da taleyi digər birliklərin taleyi kimi olacaq. Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər”.
banner

Oxşar Xəbərlər