“İctimai Palata Müsavatla AXC-nin qarşıdurma müstəvisidir”

“İctimai Palata Müsavatla AXC-nin qarşıdurma müstəvisidir”

Müsahibə
12 Yanvar 2013, 09:26 2406
“Kaspi”nin suallarını Milli Məclisin deputatı Sahib Alıyev cavablandırır.

- Müxalifət düşərgəsində builki prezident seçkilərinin Azərbaycan iqtidarı üçün olduqca gərgin keçəcəyi barədə tez-tez fikirlər səsləndirilir, müxtəlif proqnozlar verilir. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?
- Mən fikirləşmirəm ki, builki seçkilər çox gərgin keçməlidir. İlk növbədə Azərbaycan seçicilərinin böyük əksəriyyəti bilirlər ki, kimi seçməlidirlər. Bütün bu illərdə görülən işlər, ölkənin əldə etdiyi nailiyyətlər hamısı göz qabağındadır. Eyni zamanda, beynəlxalq ekspertlərin, beyin mərkəzlərinin proqnozları və rəyləri də göz qabağındaır, bunlardan da açıq-aydın görünür ki, bu ilki seçkilərdə prezident İlham Əliyevin alternativi yoxdur. Bir halda ki, ortada belə reallıq var, hansı gərginlikdən söhbət gedir, mən bunu anlamıram. Amma ola da bilər ki, gərgin keçəcək deyən qüvvələr yenidən 2003-cü ilin oktyabrındakı vəziyyəti təkrarlamaq niyyətindədirlər. Bilirsiniz ki, o hadisələr də necə qurtardı. Yenə elə bir cəhd olunacaqsa, qısa zamanda qarşısı alınacaq.
- Qarşı tərəf gərgin siyasi mübarizə barədə ehtimallarını bölüşərkən, hazırkı dövlət başçısının iki dəfə prezident seçildiyini əsas gətirir və bildirirlər ki, eyni şəxsin üçüncü dəfə prezidentliyə namizəd olması beynəlxalq ictimaiyyət, demokratik ölkələr tərəfindən müsbət qarşılanmayacaq...
- Əgrər hər hansı bir partiya və onun liderinin iki dəfədən artıq hakimməytdə olmasının yolverilməzliyindən söz gedirsə, onda Avropada, ümumiyyətlə, bir çox demokratik ölkələrdə elə partiyalar var ki, dalbadal 5-6 dəfə, hətta bəzən 10 dəfə seçkilərə qatılaraq qələbə çalıb öz lderlərlərinin rəhbərliyi altında iqtidarda olublar. Digər tərəfdən, bizdə bunula bağlı referendum keçirilib və Konstitusiyaya dəyişiklik təsdiqlənib. Ona görə də bütün bunları müxalifətin arqumentsizlikdən qaynaqlanan növbəti cığallığı kimi dəyərləndirirəm.
- Xatırlayırsınızsa, vaxtıilə müxalifətin radikal qanadını təmsil edən qüvvələr, bəzi siyasi partiya liderləri İctimai Palata (İP) tərkibində bir araya gəldilər. Bununla hakim partiyaya, iqtidara qarşı bir güc formalaşdırdıqlarını bəyan etdilər. Lakin son vaxtlar bu qurum daxilində parçalanmalar müşahidə edilməkdədir. Siz belə halları necə dəyərləndirirsiniz?
- Mən bir qədər keçmişə qayıdıb İctimai Palatanın nə məqsədlə yaradılmasına toxunmaq istərdim. Onu yaradanların məqsədləri nə idi? Onlar bildirirdilər ki, İctmai Palata Azərbaycan Parlamentinə alternativ olaraq yaradılıb. Amma bu qurum formal da olsa, parlamentin alternativi kimi çıxış edə bilmədi, bilməzdi də. Yəqin xatırlayırsınız, İctimai Palatadakıların böyük əksəriyyəti o zaman belə iddiada idilər ki, guya, seçkiləri onlar udublar, amma mandatları verilmədiyinə görə bura üz tutublar. Belələrinin sayı bir neçə yüz nəfəri keçirdi. Bilirsiniz ki, Milli Məclisdə cəmisi 125 deputat yeri var. Belədə həmin o İctimai Palatada, “seçkiləri biz udduq” - deyən bir neçə yüz adamın, yumşaq desək, arzularını həqiqət kimi təqdim etdikləri elə ilk gündəncə hər kəsə bəlli oldu.Və o da bəlli oldu ki, parlamentə alternativ qurum kimi yaradılan İctimai Palata formal baxımdan da olsa öz alternativliyini doğrultmayacaq. İctimai Palatanın ikinci funksiyası bundan ibarət olmalı idi ki, o Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyalarının vahid bir mövqe sərgilədiklri mərkəzə çevirilsin. Guya bu mərkəz həm də gələcəkdə Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat Partiyalarının birləşməsinin əsasını qoymalı idı. Bilirsiniz ki, 2010-cu il parlament seçkiləri qabağı hər iki partiyanın liderləri bir partiyada birləşəcəklərini vəd edirdilər. Sonradan məlum oldu ki, bu növbəti blef imiş və ümumiyyətlə, onlar bu şüarla seçkiyə gedərkən həm seçiciləri aldadıblar, həm də öz tərəfdaşlarını. Hazırda isə İctimai Palata Müsavatla AXC arasında daha çox qarşıdurma müstəvisidir, nəinki əməkdaşlıq müstəvisi. Bunu İctimai Palatadakıların özləri, məsələn, Müsavat Partiyasının yetkilisi Arif Hacılı da açıq etiraf edir.
- İP-nın əsas hədəflərindən biri 2013-cü il prezident seçkilərinə vahid namizədlə getmək idi. Lakin bu günlərdə Müsavat başqanı İsa Qəmbərin tərəfdaşları ilə hesablaşmadan prezidentliyə namizədliyi irəli sürülüb. Sizcə, bütün bunlar nədən irəli gəlir?
- Bayaq söylədiyim kimi İctimai Palatada əvvəlcədən birlik olmayıb. Bu səbəbdən İsa Qəmbərin sözdə “müttəfiq” olan həmkarları ilə məsləhətləşmədən namizədliyini irəli sürməsinə təbii baxıram. Müsavat başqanı İsa Qəmbər yenə də öz ampluasındadır. Birinci dəfə deyil ki, belə bir hadisə baş verir. Hətta rəhmətlik Əbülfəz Elçibəyin dönəmində belə, İsa Qəmbər namizədlik məsələsində ona güzəştə getmək istəmədi. Bəhanəsi də bu oldu ki, guya partiyadakı tərəfdaşları bunu istəmir. Belə bir halda İsa Qəmbərin onunla eyni mövqedə dayanan kiməsə güzəştə gedəcəyi inandırıcı görünmürdü və bu belə də oldu.
- İP-dan başqa, iqtidara, Ziyalılar Forumu da mövcuddur. Bu günlərdə Ziyalılar Forumunun həmtəsisçilərindən biri mətbuata açıqlamasında bildirib ki, bu seçkidə mütləq şəkildə prezident dəyişəcək. Belə proqnozlara sizin münasibətiniz necədir?
- Mən də bu barədə mətbuatdan oxumuşam. Hətta Rüstəm İbrahimbəyovun bir açıqlaması da var ki, yeni bir hərəkat yaradılacaq, bu hərəkatda həm ziyalılar yer alacaq, həm də az öncə adlarını çəkdiyim partiyalar. Bilirsiniz, bu cür hərəkatlar, bu cür qurumlar və sair radikal qüvvələr tərəfindən birinci dəfə deyil ki, elə addımlar atılır. Yadınıza gəlirsə, əvvəlki seçkilərdən öncə də buna bənzər qurumlar vardı. Amma, siyasi proseslərlə yaxından maraqlanın bir adam kimi onların bəzilərinin adlarını mən indi çox çətinliklə xatırlayıram. Siyasi proseslərlə yaxından maraqlanmayan adamlar isə onları heç xatırlamırlar da. Ümumiyyətlə, nə yaradılmağından asılı olmayaraq, bu qurumun da taleyi, eyni zamanda bu qurumun irəli sürəcəyi namizədin də taleyi öncəki qurumların namizədləri kimi olacaqdır. Nəyə görə? Təsəvvür edin ki, ancaq məhəllə içində oynaya biləcək bir neçə futbol komandası var və onlar birləşib ölkənin milli futbol komandası statusunu qazanmaq istəyirlər. Və özü də pis oynamaları bir yana, həmin məhəllə futbol komandasındakıların bir-birini görən gözləri də yoxdur. Onların formalaşdırdıqları bu komandanın adını “Tısbağa”, “Qurbağa”, lap “Astroid” də qoya bilərsən. Gəlin görək bununla mahiyyət dəyişəcəkmi? Onlardan milli komanda alınacaqmı, xeyr! Bununla mahiyyət dəyişməyəcək. Hansı ad altında olursa olsun, onlar birləşdikdə məhəllə səviyyəsindən də aşağı səviyəli bir oyun sərgiləyəcəklər. Bax, radikal müxalifət təmsilçilərinin, özlərini partiya lideri sayanların, Ziyalılar Forumunda cəmləşənlərin yeni qurumlar, hərəkatlar yaranacağı barədə bəyanatlarına mən belə baxıram. Bu səbəbdən də nə bu qurumların, nə də onların namizədliyini irəli sürəcəyi adamların perspektivi yoxdur. Bütün söylənilənlərin yekunu olaraq deməliyəm ki, 2013-cü ildə seçkilərin gərgin keçəcəyini, prezidentin dəyişəcəyini və sairi söyləyənlər reallığı deyil, sadəcə öz arzularını dilə gətirirlər.
- Bəs, Sizin özünüzün gələcək prezident seçkiləri ilə bağlı hansı proqnozlarınız var?
- Bilirsiniz, on il bundan əvvəlki Azərbaycanla indiki Azərbaycan, eləcə də on il bundan əvvəlki azərbaycanlıyla indiki azərbaycanlı arasında nə qədər fərq olduğunu hər birimiz gözəl bilirik. Mən Gəncədə iki ay bundan əvvəl olmuşdum, bu günlərdə ora getdiyimdə baş verən müsbət dəyişiklikləri gördüm, gözlərimə inanmadım. İnsanların da hamısı bunu görürlər. İnsanlar prezidentlərinin necə çalışdığını görürlər. İnsanlar milli maraqlarımızın qorunmasında cənab İlham Əliyevin necə prinsipiallıq göstərdiyini görürlər. Azərbaycanın milli maraqlarından söhbət gedəndə, ən böyük güclərin belə qarşısından belə çəkilmədiyinin şahidi olublar. Belə olan halda, əgər bizdə hakimiyyətin mənbəyi xalqdırsa və bu xalq bütün bunları görürsə, o zaman kimə səs verməlidir? Təbii ki, indiyəcən onun üçün bu qədər işlər görən, bu qədər qurub-yaradan, onun maraqlarını bu qədər sədaqətlə, həssaslıqla, mərdliklə qoruya bilən liderə səs verəcəklər. Bu, birmənalı şəkildə belədir. Bunu duyub görən təkcə biz deyilik, söhbətin əvvəlində də dedim, beynəlxalq beyin mərkəzləri də bu fikirdədirlər ki, 2013-cü il seçkilərini İlham Əliyev udacaq. Baxın, bu yaxınlarda Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdi. Praktikadan bəllidir ki, olimpiadalar keçirilməmişdən təqribən 7 il əvvəl bu beynəlxalq tədbirin yeri müəyyənləşdirilir, o ölkədəki inkişaf səviyyəsi, hazırlıq vəziyyəti təhlil edilir. Əgər Avropa Azərbaycanda bu il prezident seçkilərinin keçiriləcəyini bilərək özünün olimpiadasını 2015-ci ildə Azərbaycanda keçirməyi planlaşdırırsa, bu fakt bir çox məsələlərə aydınlıq gətirir. Hər halda Avropadakı beyin mərkəzlərində çox gözəl bilirlər ki, 2015-ci ilə qədər Azərbaycanda heç bir hakimiyyət dəyişikliyi baş verən deyil. Onlar ölkəmizdəki quruculuq və inkişafı, islahatları da təhlil edərək, gələcək seçkilərdə kimin qələbə çalacağına əmindirlər. Əmin olmasaydılar, belə bir möhtəşəm tədbiri Azərbaycanda deyil, başqa bir ölkədə keçirərdilər. Yeri gəlmişkən, bir müddət əvvəl Avropa Birliyinin nümayəndəsi Rolanb Kobya da mətbuata açıqlamasında bəyan etmişdi ki, qarşıdakı seçkilərdə real qələbə qazanmaq şansı olan namizəd məhz prezident İlham Əliyevdir. Ortada bütün bu reallıqlar var. Məhz bu reallıqlardan çıxış edərək, sırf arqumentlərə dayanaraq aydın şəkildə deyə bilərəm ki, 2013-cü il seçkilərində də cənab İlham Əliyev qalib gələcək. Və məncə, bu, Azərbaycan xalqı üçün ən uğurlu, ən düzgün seçim olacaq.
Rufik İSMAYILOV