«İctimai Palata aparıcı orqana çevrilə bilmir»

«İctimai Palata aparıcı orqana çevrilə bilmir»

Müsahibə
24 Oktyabr 2012, 16:47 1482
İctimai Palatadakı (İP) son istefalar, müxalifət təmsilçisinin “Yeni Müsavat” qəzetinə və onun baş redaktoruna qarşı hücumları, Müsavat Partiyası qurultayının keçirilməməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavatın funksionerlərindən, professor Adil Qeybulla cavablandırır.

- Adil bəy, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov bu günlərdə həmtəsisçisi olduğu İctimai Palatadan (İP) istefa verib. Buna səbəb kimi “Yeni Müsavat” qəzetində müxalif düşərgə haqqında böhtanların, hakimiyyətin işinə yarayan dezinformasiyaların yer almasını göstərib. Siz onun bu mövqeyini nə dərəcədə düzgün sayırsınız?
- Mən Yadigar bəyi çoxdan tanıyıram. Onun milli azadlıq hərəkatında öz yeri xidmətləri var. Biz hətta sıravilərin də xidmətinə, fəaliyyətinə, eləcə də ortaya qoyduğu arqumentlərə diqqətsiz yanaşmamalıyıq. Hesab edirəm ki, deyilənlərdən nəticə çıxarılmalıdır. Müsavat Partiyasının məclisində İsa Qəmbər bu məsələyə kifayət qədər aydınlıq gətirib. Demək olar ki, bu, ümumi mövqeni ifadə edir. Hamımız bu cür düşünürük. Sadəcə olaraq, mətbuat da nə qədər azad, müstəqil olsalar belə, əgər onlar cəmiyyətə istiqamət verirlərsə, bu məsuliyyəti hiss etməlidirlər. İstənilən yerlərdən gələn iradlara, qeydlərə narahatçılıqlara yuxarıdan aşağı, etinasız yox, daha diqqətlə yanaşmalıdırlar. Biz partiyanın sıravilərinin, rayon təşkilatındakı strukturların etdiyi hər bir irada, təkliflərə son dərəcə diqqətli və həssas yanaşmalıyıq. Əgər bu təkliflər real görünmürsə, ümumi işin xeyrinə deyilsə, o da izah olunmalıdır. Bunun da izahat qaydaları var.

Yaddan çıxarmaq lazım deyil ki, partiyalar xalqla işləyir. Xalqın rəyi partiyanın seçkidəki qələbəsi, onun reytinqi, reputasiyası üçün çox böyük əhəmiyyət kəsb edir. İctimai qınağa tuş gələ biləcək hər hansı bir hadisə, hər hansı bir təklif, hərəkət siyasi partiyanın reputasiyasına çox ciddi zərbə vura bilər. Bu baxımdan rayon strukturları xalqla təmaslarda partiyanın əsas orqanlarıdır. Onlar xalqla işləyir, xalqın içində olur, xalqla təmasda olur, xalqa daha yaxındırlar. Bu baxımdan hər bir üzvümüzün təkliflərinə daha diqqətlə baxmalıyıq.

- Yadigar Sadıqov “Yeni Müsavat” qəzeti ilə yanaşı, bu mətbu orqanın baş redaktoru, İP-nın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunu da hədəfə götürüb, onun ünvanına tənqidi fikirlər səsləndirib. Siz Müsavat Partiyasının iki üzvü arasındakı bu münasibəti necə qiymətləndirirsiniz?
- Rauf Arifoğlu baş redaktor kimi yox, daha çox Müsavat Partiyasının üzvü kimi orda hədəfə götürülür. Təşkilatın üzvüdürsə, deməli onun siyasi fəaliyyəti Müsavat Partiyası daxilində müəyyən dərəcədə tənzimlənməlidir. Bu məsələ bizim hər birimizə aiddir. Ona görə biz partiya üzvü olaraq partiyanın qərarlarından kənarda heç bir hərəkət etməməliyik. O zaman özümüzü partiyadan kənarda qoymuş olarıq. Mən belə hesab edirəm ki, Yadigar Sadıqlının daha çox iradı, daha çox məhz musavatçı Rauf Arifoğluna olan iraddır. Əgər o müsavatçı olmasaydı yəqin ki, bu məsələ ortaya qoyulmuş olmazdı. “Yeni Müsavat”dakı yazıların məsuliyyəti də qəzetin üzərinədir. Əgər bu qəzet Müsavat Partiyasına bağlı qəzetdirsə, burda yerlərdən olan təkliflərə də diqqətlə yanaşılmalıdır. Bu cür yazılar çox olur. Əgər yadınızdadırsa, o vaxt mən Müsavat Partiyasından gedəndə yazılmışdı ki, guya biz hökumətin təklifi ilə və yaxud proyekti ilə partiyadan getmişik. Hətta biz 4 nəfərin şəklini də o zaman qəzetdə həmin yazının içində vermişdilər. Amma sonradan mən partiyaya qayıtdım. O zaman sual yaranır, mən necə təkliflə getmişdim ki, təkrar geri qayıtdım. Mən buna heç bir reaksiya vermədim. Amma yerlərdə insanlar tamamilə başqa cür reaksiya verirlər. Bunun olmaması üçün gərək partiya üzvləri bir-birinə hörmətlə yanaşa bilsinlər.
- İP-nın həmtəsisçisi tərəfindən media üzərinə olan bu hücum onu deməyə əsas verirmi ki, demokratik dəyərlərə xidmət etdiyini iddia edən şəxslər, reallıqda bu dəyərlərə, müstəqil mətbuata, azad sözə qarşı dözümsüzdür?
- Mən hesab edirəm ki, Azərbaycanın son 20 ildə əldə etdiyi ən böyük nailiyyət söz azadlığıdır. Kimə necə təsir etməsindən asılı olmayaraq, söz azadlığına hörmətlə yanaşmalıyıq. Onun daha da bərqərar olmasında maraqlı tərəf kimi çıxış etməliyik. Yəni, daxilən demokrat olan insan bu cür düşünməlidir. Azərbaycanda açıq cəmiyyət qurulur. Bu cəmiyyətdə bəzən açıq deyilən söz kiminsə xoşuna gəlməyə də bilər. Eləcə də bizim fəaliyyətimiz şəffaf olmalıdır. İctimai fiqurlar hər zaman öz fəaliyyətlərində diqqətli olmalıdırlar. Çünki onların üzərində azad mətbuatın nəzarəti var. Azad mətbuat cəmiyyətin güzgüsüdür və o qorunmalıdır. Əgər biz hazırkı azad mətbuatın durumundan razı deyiliksə, bu, ümumi mədəniyyət problemidir. Bu problem ictimai həyatımızın bütün sahələrində var. Sürücüdə də, növbəyə durub gözləyənində də bu problem var. Yəni, bütün bunlar ümumi mədəniyyətdən qaynaqlanan problemlərdir. Təəssüflər olsun ki, jurnalistlərin də arasında etika prinsiplərini pozan, mədəni səviyyəsi yetərincə olmayan qələm sahibləri var. Amma bununla bərabər, Azərbaycan mediasında kifayət qədər intellektual, analitik yazılar yazan, cəmiyyəti istiqamətləndirməyi bacaran jurnalistlərimiz də var. Fikrimcə, cəmiyyətin səviyyəsi zaman-zaman yüksəldikcə, azad mətbuatın səviyyəsi də yüksələcək. Biz heç zaman azad mətbuata hücumlar, basqılar təşkil etməməliyik. Bəzən mənim də xoşuma gəlməyən yazılar olur. Ancaq, buna dözümlü yanaşmağa çalışıram. Biz bütün bunları qəbul etməyə çalışmalıyıq, reallıq budur. Demokratiyanın ən böyük atributlarından biri söz azadlığıdır. Söz azadlığı olmayan ölkə, ölkə ola bilməz. Bu baxımdan azad mətbuatı qorumaq hər birimizin borcudur. Özünü demokrat hiss eləyən də, demokratiyanın Azərbaycanda bərqərar olmasını ürəkdən istəyən də məhz buna çalışmalıdır.
- İP Koordinasiya Şurasının digər üzvü, politoloq Zəfər Quliyev mətbuata açıqlamasında İP daxilində istənilən səviyyədə işin qurulmadığını söyləyib. O, bugünkü hərəkət templəri ilə İP-nın nə prezident seçkilərinə, nə də seçkilərdə ciddi rəqabət aparmağa hazır olmadığını bəyan edib. Sizin bu fikirlərə münasibətiniz necədir?
- İP-dan istefa verən Ərəstun Oruclu da müəyyən arqumentlər gətirərək, bu birliyi tərk edib. Mən onun arqumentlərini qəbul edirəm. Bu adam İP-nın qurulmasında, təşkilatlanmasında kifayət qədər çalışan, böyük əmək sərf edən, bu təşkilatın sözün əsl mənasında demokratik və güclü quruma çevrilməsində maraqlı olan insanlardan biri idi. Lakin o, görəndə ki, İP-da dinamika yoxdur, istefa verdi.
Politoloq Zəfər Quliyev də kifayət qədər intellektual şəxsdir. Onun da narahatçılığı səbəbsiz deyil. İP qurulanda onun hədəfi parlament seçkilərindəki pozulmuş ədalətin bərpası idi. Bu zaman İP-da da müəyyən strukturlar yaradıldı, onun komissiyaları formalaşdırıldı. Ancaq bütün bu işlər yarımçıq saxlanıldı. Zaman keçdikcə göründü ki, İP cəmiyyətdə aparıcı bir orqana çevrilə bilmir. Bu gün baş verən mitinqlərdə İP-nın cəmiyyətdə ən azı aparıcı partiyalardan biri qədər gücünün olmaması da bunu göstərir. Bu səbəbdən politoloq Zəfər Quliyevin söylədiklərini haqlı sayıram. Əgər biz bunun əksini düşünürüksə, İP-da təmsil olunan şəxslər öz fəaliyyətlərində köklü dəyişikliklər etməlidirlər. Yaxud da reallıqla barışmalıdırlar. Əks halda bu məsələ iflasa doğru gedə bilər. İP-nı situasiyalara hesablamaq olmaz. Yəni, fikirləşmək olmaz ki, hər hansı fors-major hadisə baş verəcək və İP orada aparıcı rol oynayacaq. İP-nı startda ikən aparıcı mövqeyə gətirib çıxarmaq lazımdır.
- Sizcə bu gedişlə İP prezident seçkilərinə kimi özünü qoruyub saxlaya biləcəkmi?
- Bu gedişlə İP-da artan dinamikanı mən müşahidə etmirəm. Ancaq, hadisələri də bilmək olmaz. Elə situasiya yarana bilər ki, cəmiyyət tamamilə buna səfərbər olunar. Bu səbəbdən birmənalı proqnoz verə bilmərik. Lakin, bu sürətlə, bu mexanizmlə, parametrlərlə gedilən yol ürəkaçan deyil. Belə vəziyyət İP-nın mənafelərinə qətiyyən cavab vermir.
- İstərdim bir qədər də Müsavat Partiyasının qurultayı ilə bağlı məsələlərə toxunaq. Sözügedən qurultayın yaxın vaxtlarda keçiriləcəyi söylənsə də, hələlik dəqiq vaxt müəyyənləşməyib. Bilmək olarmı, bu barədə konkret məlumat nə zaman açıqlanacaq?
- Partiyanın nizamnaməsində başqanın iki dəfədən çox seçilməməsi məsələsi təsbit olunub. Təbii ki, nizamnaməyə əməl olunması gözlənilir. Amma bu gün Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyəti, qarşıdan gələn prezident seçkilərinin yaxınlaşmasını görən partiya üzvlərinin böyük əksəriyyəti bu qənaətdədir ki, prezident seçkilərinə qədər başqan dəyişməsin. Çünki qurultay olacağı təqdirdə bu məsələnin gündəmə gəlməsi mümkündür. Amma qurultayın olması üçün yerlər aranır. Əgər hökumət uyğun bir yer təklif edəcəksə, qurultay orada keçiriləcək. Bu ilin axırına qədər bu, planlaşdırılır. Bununla yanaşı, xarici ölkə variantının üzərində də iş gedir. Hər halda mən belə hesab edirəm ki, bu məsələlərin həllində qrup mənafelərindən daha çox partiyanın ümumi mənafeləri düşünülməlidir. Yəni, partiyanın prezident seçkilərində heç olmasa iştirakına təminat verəcək və bu iştirakda müəyyən uğurlar qazanmağa şərait yaradan situasiya əsas götürülməlidir. Qurultayda da fəaliyyət istiqamətli olmalıdır. Hər halda qurultayın bu yaxınlarda, 10-20 gün ərzində keçirilməsi real görünmür.
- Bəzi müsavatçılar İsa Qəmbərin başqanlıqdan getməsinə yol verməmək üçün nizamnaməyə dəyişikliyin edilməsi təşəbbüsünü də irəli sürürlər. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?
- Hər hansı bir ekstremal və nizamnamədən kənar məsələlər, xüsusi ekstremal situasiyada yarana bilər. Amma partiyanın nizamnaməsi var və təbii ki, ona əməl olunmalıdır. İsa Qəmbər də birmənalı şəkildə mövqe ortaya qoyub ki, başqanlıqdan gedəcək. Əgər İsa Qəmbər partiyanın başqanı kimi qalmaq istəsə, bunun üçün onun əlində xeyli potensial resurs var. Lakin o, səmimi şəkildə bunu bəyan edib, partiyanın nizamnaməsinə hörmət əlaməti olaraq. Amma bu iddiadır, bu cür tələblər sıravi müsavatçılardan gələn tələblərdir. Doğrudan da rayon təşkilatlarında bununla bağlı böyük bir narahatçılıq var. Mən hesab edirəm ki, lazımi şərait yaradıldıqdan, yəni Müsavat Partiyası prezident seçkilərindən sonra bu məsələni gündəmə gətirə bilər. Bu zaman Müsavat başqanı da dəyişdirilə bilər və sair.
- Siz necə, başqanlığa namizədliyinizi irəli sürəcəksinizmi?
- Mən başqanlığa namizədliyimi o halda irəli sürə bilərəm ki, partiyanın maliyyə baxımından, başqa baxımdan saxlamaq, onun siyasi hakimiyyətə gəlməyini yaratmaq gücüm olsun. Mən daha çox praqmatik düşünən adamam, nəinki utopik. Ona görə də hesab edirəm ki, əgər mən özümdə belə bir güc hiss edərəmsə, bəli, bu iddiada bulunaram. Amma indiki halda mən bunu real görmədiyimə görə bu iddiada da bulunmuram. Ona görə də bu iddiada kimlər bulunursa, onun fəaliyyətinə qurultay özü qiymət verəcək.
Rufik İSMAYILOV