• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

İctimai nəqliyyatın fəaliyyət keyfiyyətini artıracaq yenilik

04.04.18 09:30 986
İctimai nəqliyyatın fəaliyyət keyfiyyətini artıracaq yenilik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsini imzalayıb. Nizamnamə ümumi müddəalar, agentliyin fəaliyyətinin məqsədləri və istiqamətləri, vəzifələri, hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, agentlikdə uçot və hesabat, audit, agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentliyin yenidən təşkili və ləğvi kimi 10 fəsildən ibarətdir. Nizamnamədə qeyd olunur ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmçinin Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
Nizamnamənin növbəti mərhələdə nəqliyyat sahəsində hansı dəyişikliklərə səbəb olacağını öyrənməyə çalışdıq.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, Bakı şəhərində nəqliyyat sektorunun təşkil edilməsi mütləqdir ki, bir mərkəzə həvalə olunsun: "Parkamatların quraşdırılması, işıqforların idarə olunması, yollarda təmir-tikinti işlərinin aparılması zamanı müəyyən qurumlar arasında lazımı əlaqələndirmə işlərinin olmaması bu sahədə bir sıra problemlərə yol açırdı. Qeyd etdiyim bu məsələlər ayrı-ayrı qurumların əlində cəmləşmişdi. Yəni bəzi proseslərə Bakı Şəhər Dövlət Yol Polisi, bəzilərinə isə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edirdi. Bundan irəli gələrək bir sıra problemlərin yaşandığının şahidi olurduq. Bu fərmanın imzalanmasından sonra bütün sadalanan məsələlərə yalnız bir qurum cavabdeh olacaq. Hesab edirəm ki, yollarda olan təmirə görə yaranan tıxaclar da bu vasitə ilə öz həllini tapacaq. Yəni ən azında yolda görüləcək hər hansı bir işlə bağlı əvvəlcədən məlumat verilməsi həmin yolda ola biləcək tıxacın qarşısının alınmasına, alternativ yollardan istifadə üçün əhalinin xəbərdar edilməsinə şərait yaradacaq. Bu fərmandan sonra düşünürəm ki, ictimai nəqliyyatın fəaliyyətinin keyfiyyəti kifayət qədər artacaqdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, bu fərman yeniliklərlə dolu bir sənəddir: "Bu nizamnamənin əsas mahiyyəti ondan ibarətdir ki, artıq mərkəzləşdirilmiş sistem formalaşır. Bununla da bəzi problemləri vaxtında həll etmək mümkün olacaq. İşıqforlar artıq tam olaraq Bakı Nəqliyyat Agentliyinin balansına verilir. Düşünürəm ki, burada yol polisinin iştirakı mütləq lazımdır. Yəni əgər BNA işıqforlara nəzarət edəcəksə, agentliyin binasında onlara nəzarət edən otaqlarda yol polisi əməkdaşları da oturmalıdır. Bu fərmanın imzalanması ilə agentliyin səlahiyyətləri xeyli genişləndi. Ümid edirəm ki, agentlik bunların öhdəsindən gələcək. Gələ bilməsə belə, digər alternativ qurumlarla birgə əməkdaşlıq təmin olunmalıdır. Alternativ qurumlar dedikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini və DYP-ni nəzərdə tuturam ki, bunlarla intensiv işləmək lazımdır”.
"Parkomantların BNA-nin sərəncamına keçməsi olduqca yaxşı haldır” deyən ekspert düşünür ki, verilən qərar düzgün və ədalətlidir: "Bu sfera elə bir sahədir ki, daim intensiv iş qurulmalıdır. Amma Bakı şəhər İcra Hakimiyyəti cəmiyyətə çox qapalı bir strukturdur. Onlardan hər hansı bir məsələ ilə bağlı bir məlumat əldə etmək mümkün deyildi. Bu qurumdan fərqli olaraq, BNA kifayət qədər əl çatandır. Hətta sosial şəbəkələr üzərindən də insanlarla işləyirlər. Telefon nömrələri, qaynar xətt, elektron saytları daim aktivdir. Hər cür vasitə ilə cəmiyyətə açıqdır. Təkliflər, şikayətlər qəbul olunur. Düşünürəm ki, bu yaxşı haldır. Orada yaxşı mütəxəssisləri var ki, onların köməkliyi ilə müəyyən işləri qaydasına salmaq mümkün olacaq.
Müsahibimiz bu fərmanla nəqliyyat sahəsində olan bəzi pərakəndəliyin də aradan qalxacağını deyir: "Nəqliyyat sistemini BNA qurur. Amma dayanacaqlara nəzarət BİH-in əlindədir. Belə bir uyğun olmayan sistem var idi. Təsəvvür edin, avtobuslar fəaliyyət göstərmək üçün icazəni BNA-dan alır, nəzarəti bu qurum həyata keçirir, amma dayanacağın yerləşdirilməsi səlahiyyəti BİH-dədir. Bu da gülməli bir vəziyyətə gətirib çıxarırdı. Həmçinin taksi dayanacaqlarının müəyyənləşdirilməsi də bir yenilik oldu. Taksilərin pərakəndə şəkildə yolun harasında gəldi dayanmalarının, yolları kəsmələrinin, avtobus dayanacaqlarını zəbt etmələrinin qarşısı alınacaq. Bu kimi başqa halların da qarşısının alınması üçün düşünürəm ki, yeniliklər qısa müddətdə tətbiq olunacaq. Düşünürəm ki, struktur yeniliklərinin həyata keçirilməsinə müəyyən qədər vaxt gedəcək. Amma istənilən nəticə əldə olunacaq. Çünki burada müasir texnologiyaların tətbiqindən söhbət gedir. Bu sahənin bir mərkəzdən idarə olunması müsbət nəticələr verəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər