AZE | RUS | ENG |


İctimai nəqliyyatdakı aqressivliyin səbəbi nədir? - Polemika

İctimai nəqliyyatdakı aqressivliyin səbəbi nədir? - Polemika
Son dövrlər ictimai nəqliyyatda baş verən hadisələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Sərnişinin sürücüyə olan zorakılığı təbii ki, haqlı sayıla bilməz. Amma bəzi nüanslar var ki, bunları da nəzərə almaq lazımdır. Artıq 2 ilə yaxın bir müddətdir ki, kart sistemi ilə fəaliyyət göstərən "BakuBus” avtobusları paytaxt sakinlərinin istifadəsinə verilib. Həmin avtobuslarda qoyulan qayda-qanunlara riayət olunur. Hamı onların  yalnız dayanacaqda saxladığını bilir.

Lakin dayanacaqdan kənarda saxlama məsələsi kartla çalışan bəzi avtobus marşrutlarında hələ də həllini tapmayan problemlərdəndir. Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi, sərnişin onun istəyinə uyğun olaraq dayanacaqdan kənarda avtobusu saxlamayan 96 nömrəli marşrutun sürücüsünə hücum edərək onu boğmağa çalışır. Bu dəfə gənclərlə bu mövzunu müzakirə etdik. Bu cür halların yaranmasında səbəb nədir? Nəyə görə insanlar belə aqressiv hərəkətlər edirlər? 
 
"Qayda-qanunlar effektiv işləməlidir”
 
İlkin Mirzəzadə - İctimai birlik sədri
 
İlkin bu tip məsələlərə  bir sıra faktorların təsir etdiyini bildirir: "Təbii ki, bu kimi hallara münasibətim olduqca mənfidir. Fikrimcə, bu, bir çox faktorlardan asılıdır. Əvvəla, ümumilikdə cəmiyyətdə dərin psixoloji problemlər olduqca böyükdür. Demək olar ki, hər gün bir-birini baltalayan, bıçaqlayan yaxınlarla, qohumlarla bağlı xəbərləri eşidirik. Sözsüz ki, bunu edə bilməyənlər də var. Onlar bunun əvəzini kimdənsə fiziki zorakılıqla çıxmaq istəyir. Digər bir  faktor sürücü mədəniyyətinin olmamağındadır. Sürücü olmaq üçün bəzi kurslardan, imtahan və psixoloji testlərdən keçmək lazımdır. Amma bunu qətiyyən görmürük”.

İlkin həmçinin sərnişin mədəniyyətinin hələ də çox aşağı səviyyədə olduğu qənaətindədir: "Son dövrlər, xüsusilə son 2 ildə "BakuBus” avtobusları gətiriləndən sonra vəziyyət nisbətən yaxşılaşıb. Əhali kart sisteminə öyrəşir, qaydalara riayət edir və bunlar məcburiyyətdən olur. Başqa bir önəmli nüans isə sürücülərin çox çalışıb daha artıq pul qazanmaq həvəsidir. Günün 14-15 saatını maşın sürən şəxs təbii ki, müəyyən psixoloji problemlərlə rastlaşa bilər. Məncə, bunların qarşısını almaq üçün icra orqanları, əhali və şirkətlər birgə çalışmalıdır. Effektiv iş olarsa, bunun nəticəsini də görmək olar”.

Müsahibimiz bildirir ki, bu cür məsələlərin həlli yolu maariflənmədən keçir: "Problemi aradan qaldırmaq üçün ən böyük addım maarifləndirmə işi olar. Nə qədər çox adam maariflənsə, o qədər yaxşı nəticə əldə etmək mümkündür. Korrupsiya olmamalı, sürücülük vəsiqəsi pulla verilməməli, qayda-qanunlar effektiv işləməlidir. Bu dediklərimiz olarsa, onda cəmiyyətdə belə mənfi hallar da baş verməz”.
 
"İnsanlarımızda bir-birinə qarşı səbəbsiz aqressiya var” 
 
Qoşqar Bəylərov - Jurnalist
 
Qoşqar deyir ki, cəmiyyətin mədəni durumunun, səviyyəsinin göstəricilərindən biri də ictimai nəqliyyatda davranışdır: "Təəssüf ki, son zamanlar ölkəmizdə ictimai nəqliyyatda zorakılıq halları xüsusilə də, sürücülərə qarşı çoxalıb. Bunun isə müxtəlif səbəbləri var. Məsələn, bir müddət əvvəl sürücünü boğmağa çalışan yaşlı bir kişi avtobusun kamerasına düşmüşdü. Çox mənasız səbəbdən baş verən bu zorakılıq faktı bir daha sübut edir ki, cəmiyyətimiz hələ də tam maariflənmiş sayılmaz. Əgər o şəxs ictimai nəqliyyatda davranış qaydalarından xəbərdar olsaydı və həmin qaydaların tələblərini pozacağı təqdirdə qanun qarşısında daşıyacağı məsuliyyəti dərk etsəydi, bu zaman zorakılıq hadisəsi baş verməzdi. Digər bir tərəfdən, əsasən yaşlı insanlar ötən illərin təcrübəsini unutmadıqları üçün sürücünü harda gəldi avtobusu saxlamağa məcbur edirlər və nəticədə belə xoşagəlməz mənzərələr ortaya çıxır. Bəzən də sürücülər maddiyyata görə bir-biri ilə rəqabətə girir, sürət həddini aşır və avtobusu düzgün idarə etmirlər. Bu da sərnişinlərin haqlı etirazına səbəb olur”.
 
Qoşqar bildirdi ki, məsələyə psixoloji aspektdən yanaşsaq, səbəblərdən bəlkə də ən birincisinin cəmiyyətdəki aqressiyanın olduğunu deyə bilərik: "Bəli, insanlarımızda bir-birinə qarşı səbəbsiz aqressiya var. Mən deyərdim ki, ən çox bu səbəbdən zorakılıq halları ilə rastlaşırıq. Belə hadisələrə münasibətim birmənalı olaraq pisdir. Bu xoşagəlməz hadisələr müəyyən fərdlər arasında baş versə də, ümumilikdə ölkəmizin, insanlarımızın adına, mədəniyyətinə xələl gətirir. Fikrimcə, belə halların təkrarlanmamağı üçün sürücülərin xüsusi seçilməsi və insanların mədəni, iqtisadi, o cümlədən təhsil səviyyələrinin artırılması lazımdır”.
 
"Digər avtobuslarda da belə  sistem qurulsa...”
 
Sevinc Salehqızı - tələbə
 
Sevinc bu mövzunun son dönəmlər yetərincə aktual olduğunu qeyd etdi. Bildirdi ki, bu məsələni həll etmək üçün ilk olaraq səbəblərini tapmaq lazımdır: "Belə hadisələr bir neçə dəfə mənim də başıma gəlib. Bir çox marşrutlarda kart sistemi yoxdur və avtobuslar dayanacaqdan kənarda da saxlayır. Məsələn, mən deyirəm qarşıdakı dayanacaqda saxla, sürücü də saxlayır. Amma üstündən bir az keçmiş başqa bir sərnişin yenidən dayanacaqdan kənar saxlatmaq istəyir. Bu hərəkət sürücüyə də pis təsir edir "bayaq saxlamışdım niyə düşmədin” deyərək etirazını bildirir. Sürücü saxlamayıb yola davam edən zaman da sərnişində aqressiya yaranır. O da "sərnişin götürəndə  dayanacaqdan kənar saxlaya bilirsən, amma düşmək istəyəndə yox?” arqumentini əsas gətirir.  Hazırda ölkəmizdə kart sistemi ilə işləyən "BakuBus” avtobusları fəaliyyət göstərir. Hamı da o avtobusların ancaq dayanacaqlarda saxladıqlarını bilir. Buna görə də "BakuBus”larda bu kimi hallar baş vermir. Deməli, sistemin quruluşundan çox şey asılıdır.

Digər avtobuslarda da belə  sistem qurulsa, hamı işini bilər. Onda heç bir sürücü də, sərnişin də narahatlıq keçirməyəcək. Həmçinin "BakuBus” sürücüləri daşıdıqları sərnişin sayından asılı olmayaraq, maaş alırlar deyə, onlar üçün dayanacaqdan kənarda saxlayıb sərnişin götürməyə ehtiyac olmur. Ancaq digər avtobuslar daha çox sərnişin yığmaq üçün dayanacaqdan kənarda saxlayırlar, buna görə məcbur olub sərnişinin düşməsi üçün də dayanacaqdan kənarda saxlamalıdırlar. Saxlamadıqları zaman isə belə problemlər yaranır”.
 
Günel Azadə 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002