İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir? - Polemika
İctimai
nəqliyyatla bağlı çox danışılan mövzulardan biri də yer vermək məsələsidir.
Yaşlılara, hamilə və uşaqlı qadınlara yer vermək ictimai nəqliyyatda riayət
edilməli etika qaydalarından biridir. Bu həm metroda, həm də avtobuslarda hər
gün söz düşən bir mövzudur. Bəzi xanımlar düşünür ki, bəylər onlara mütləq yer
verməlidirlər. Digərləri isə özlərinin belə bir üstünlüyü olmadığı
fikrindədirlər.
Maraqlıdır,
gənclər bu məsələyə necə baxır? İctimai nəqliyyatda xanımlara yer vermək
şərtdir?
"Yer vermək
məcburiyyətində deyilik”
Nicat Etibar
- magistr
Nicat bildirir ki, məsələyə bir neçə aspektdən
yanaşmaq olar: "Əgər məsələyə azərbaycanlı kişisi olaraq yanaşırıqsa, hər zaman
kişilər xanımlara yer verməlidirlər. Hətta işdə də daha ağır işləri xanımlara
yox, bəylərə həvalə edirlər. Bu, ictimai nəqliyyata da öz təsirini göstərir.
Bəzilərinə görə, bəylər ictimai nəqliyyatda oturmamalı, qadınlar daha həssas,
zərif cinsin nümayəndələri olduqları üçün daim onlara yer verməlidirlər”.
Nicatın sözlərinə görə, məsələyə digər aspektdən
yanaşsaq, xanımlar daim kişilərlə mübahisə edərək gender bərabərliyinin təmin
olunmasına çalışırlar. Lakin yer vermək məsələsində nədənsə bu bərabərlikdə çox
da maraqlı deyillər: "Onlar düşünürlər ki, kişilər mütləq yerlərini onlara
verməlidirlər. Amma müasir gender bərabərliyindən danışırıqsa, məncə, yer
vermək məcburiyyətində deyilik. Yaşlılara, hamilə və uşaqlı xanımlara yer
vermək isə tamam başqa məsələdir”.
Müsahibimiz başına gələn bir hadisəni bizimlə
bölüşür: "Keçən dəfə metroda bir xanıma yer verdim. Növbəti stansiyada yaşlı
bir qadın mindi. Lakin mənim yer verdiyim xanım qalxıb həmin qadına yer
vermədi. Bu mənə çox pis təsir etdi. Yəni, o yer mənim idi, istəsəm, durmaya bilərdim.
Necə ki, o da yaşlı qadına yer verməmişdi. Düşünürəm ki, həm anda xanım durub
yaşlı qadına yer verməli idi. Bu artıq nəzakət yox, yaşlılara hörmətin
göstəricisidir”.
"Yer versələr
də olar, verməsələr də”
Lamiyə
Hacıyeva - tələbə
Lamiyə deyir ki, bu məsələ həqiqətən də günümüzün
ən aktual mövzularındandır: "İctimai nəqliyyatda yer
tapmaq özü böyük xoşbəxtlikdir, o ki qaldı oturmaq dərdi çəkmək. Məncə, indiki
gənclər yaşlı nəslin nümayəndələrindən daha çox yorulurlar. İctimai nəqliyyatda
biz cavanlar son illərdə çox sıxışdırılmağa başlamışıq. Mənim şəxsən 19 yaşım
var və hər hansı ictimai nəqliyyatda əgər əyləşmişəmsə, əlində yükü olan
nisbətən yaşlı qadın və kişilərə yer verirəm. Oğlanların öz yaşıdları olan
qarşı cinsə yer vermək məsələsinə isə normal baxıram. Yəni, yer versələr də
olar, verməsələr də. Xanımın əlində yükü varsa, yer verməlidir. Bu ən azından
nəzakət qaydasıdır”.
Müsahibimiz qeyd edir ki, bəzən qarşı cins nümayəndəsi
xanıma geyiminə görə yer verir: "Bir neçə dəfə müşahidə etmişəm ki, sadə
geyimdə, bəzəksiz xanım avtobusa minib və heç bir bəy qalxıb ona yer verməyib.
Amma bir az bahalı geyimdə, baxımlı xanım minən kimi, 2-3 oğlan dərhal qalxıb
yer göstərib. Məncə, bu, düzgün deyil. Qadın istənilən halda xanımdır. Ona
xarici görünüşünə görə qiymət vermək olmaz. Məsələn, Norveçdə vəziyyət tamam
başqa cürdür. Orada ictimai nəqliyyatda hər hansı bir şəxsə əyləşməsi üçün yer
vermək onun yaşına təhqir sayılır”.
"Mən
istənilən xanıma yer verirəm”
Orxan Tağıyev
- jurnalist
Orxan deyir ki, nəqliyyatda hansısa bir xanım ayaq üstə
dayanıbsa və o oturubsa, bu zaman özünü narahat hiss edir: "İctimai nəqliyyatda
xanıma yer vermək məsələsini bəziləri müəyyən səbəblərlə əlaqələndirir. Amma
mən bunu nə müasirlik, nə də adətlərimizlə əlaqələndirirəm. Sadəcə olaraq, bu
bizim xalqımızın genlərində var. Bizdə xanıma hörmət hissi olduqca böyükdür.
Buna görə də mən istənilən xanıma yer verirəm. Oturanda özümü narahat hiss
edirəm”.
Orxan bildirir ki, kiməsə yer vermək məcburi yox,
könüllü olmalıdır: "Günümüzdə gender bərabərliyindən ən çox danışan
xanımlardır. Amma buna baxmayaraq, biz kişilərin bəzi məqamlarda onlara borclu
olduğumuzu düşünürlər. Qətiyyən kiminsə "dur, mənə yer ver” deməyə haqqı
yoxdur. Nəqliyyatda hər iki cins üçün ödəniş eynidir. Yəni, elə bir qayda-qanun
yoxdur ki, qadınlar mütləq oturmalıdırlar. "Yer verənlər mədənidir, verməyənlər
mədəniyyətsiz” də deyə bilmərik. Burada seçim fərdlərə aiddir. Kiminsə
narazılığından sonra ona yer vermək isə mədəniyyət və hörmət çərçivələrindən
çıxıb, məcburiyyətə çevrilir”.
Günel Azadə