İctimai nəqliyyatda aqressiv insanlarla necə davranmalıyıq? - Gənclərə məsləhət
Hər
birimiz gün ərzində bir dəfə də olsa, aqressiv insanlarla qarşılaşırıq. Ünsiyyətdə
olmasaq belə, onlar neqativ enerjiləri ilə bizə təsir edə bilirlər. Aqressiv
insanlarla sözün "çəp” gəldikdə isə əsl fəlakət başlayır. Ən sakit insan belə,
sinirlərini cilovlaya bilmir və münaqişəyə girir. Bu hal xüsusilə ictimai nəqliyyatda
daha çox baş verir. Son vaxtlar sürücü-sərnişin davaları da problemi pik həddə
gətirib. Demək olar ki, avtobus, metrodan istifadə edən hər kəs gün ərzində bir
neçə dəfə aqressiv insanlarla qarşılaşırlar. Bəs nə etməliyik? Aqressiv
insanlarla necə davranmalıyıq? Sualın cavabını psixoloq Orxan Orucla müzakirə
etdik.
Həmsöhbətimiz
deyir ki, aqressiya insan daxilində yığılıb qalan emosiyaların büruzə verilməsidir.
İnsan daxili gərginliyini çölə vuran zaman bu hal baş verir: "İnsan daim gərginlikdə
olanda onda aqressiya formalaşır. Xüsusilə də çox işləyən və gərginlikdən
istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilirlər. Rejimsiz həyat,
yuxusuzluq aqressiyanı formalaşdırır”.
Psixoloqun
sözlərinə görə, aqressiya heç də hər zaman zərərli olmur: "Bəzən insana
emosional boşalma xeyir verir. Həm də çox sakit, heç nəyə etiraz etməyən,
emosiyalarını büruzə verməyən adamları da sevən az olur. Aqressiya hansısa
insana qarşı yönəlməyəndə, dağıdıcı hərəkətlərə çevrilməyəndə, insana xeyri
olur. İdmanla məşğul olmaq, qaçmaq, təbiət qoynunda gəzmək, hər hansısa fiziki
hərəkətlə məşğul olmaq insanın daxilində aqressiyasının boşalması üçün ən gözəl
vasitələrdir. Amma bu aqressiya və daxili gərginlik kiməsə qarşı yönələndə,
münaqişə qaçılmaz olur”.
Psixoloq
deyir ki, əgər siz aqressiv insanla qarşılaşırsınızsa, ona mümkün qədər
reaksiya verməməyə çalışın: "Aqressiv insana həmin an cavab vermək onun
aqressiyasının daha da şiddətlənməsinə səbəb olur. Hətta bu, o qədər şiddətlənə
bilər ki, həmin insana fiziki şiddət də göstərilər. Aqressiv insanın emosional davranışı
bir neçə saniyə, maksimum bir neçə dəqiqə çəkir. Bu müddət ərzində həmin şəxslə
konfliktə girməməyə, maksimum şəkildə reaksiya verməməyə çalışın. Bir neçə dəqiqədən
sonra isə məsələni müzakirə etmək olar.
Hədəf olmamaq üçün qarşındakı şəxsin emosional reaksiya göstərdiyi müddətdə
onunla heç bir kontakta girməmək və ondan uzaqlaşmaq vacibdir”.
Aygün
ƏZİZ