“İctimai İnternet”in əhatə dairəsi genişləndirilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü
ilə "Baktelecom” tərəfindən reallaşdırılan "İctimai internet” layihəsinin əhatə
dairəsi bir qədər də genişləndirilib. Belə ki, bu gündən etibarən Xaqani və
Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən
faydalana bilərlər.
Bu günlərdə keçiriləcək "Formula” 1 Avropa Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən
aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.
Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi
istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan
daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.
Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.
Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud
parkı və Zabitlər bağı, da pulsuz
internetlə təmin ediləcək.
Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai
internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı
Milli Parkın böyük hissəsində, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər
Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.