• cümə axşamı, 28 mart, 22:01
  • Baku Bakı 13°C

İctimai iaşə obyektlərinin dövriyyəsi artıb

27.08.16 11:35 1550
İctimai iaşə obyektlərinin dövriyyəsi artıb
Ərəb turistlərin ölkəmizə kütləvi gəlişi sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, artıq bunun müsbət tərəfləri xidmət sektorunda özünü göstərməkdədir. Bir müddətdir Bakıdakı bütün ticarət mərkəzlərində, mağazalarda alıcıların əksəriyyətini ərəblərin təşkil etməyə başlayıb. Ərəblərin ölkəmizə gəlişi xidmət sektorunun üzünü güldürüb.
Manatın devalvasiyasından sonra Bakının mərkəzində yerləşən brend geyim mağazalarında alıcı qıtlığı yaşanırdısa, ərəblər gəldikdən sonra həmin mağazalar da "toy-bayram” edir. Alış-veriş edən turistlər qida ehtiyaclarını da müəyyən kafelərdə, restoranlarda ödəyirlər. Bu da xidmət sektorunda dirçəlməyə səbəb olur. Son statistika da bunu təsdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyul ayları ərzində ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,0 faiz artaraq 627,7 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 257,1 milyon manat təşkil edib.
Dövriyyənin artmasında ən önəmli faktor
İqtisadçı ekspert Pərviz Heydərov ictimai iaşə obyektlərinin dövriyyənin artmasını turistlərin sayının artması ilə bağlı olduğunu deyir: "Məlumdur ki, Dövlət Statistika Komitəsinin 2016-cı ilin yanvar-iyul ayları ərzində ölkədə ümumi daxili məhsulun istehsalına dair açıqladığı rəqəmlərə əsasən, cari ilin ilk 7 ayı ərzində 32122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,0 faiz az nəticə əldə olunub. Azalmanın əsas səbəbi isə tikinti sektorunda istehsalın 30,7 faiz enməsiylə izah olunur. Lakin, diqqəti cəlb edən isə əsas ondan ibarətdir ki, ümumi daxili məhsulun strukturunda ən çox artım qeydə alınan sahələr sırasında ilk yerdə informasiya və rabitə sahələri gəlirsə, ikinci yeri turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri tutur. Belə ki, birincidə əlavə dəyər 12,5 faiz artıbsa, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində bu rəqəm 3,0 faiz təşkil edib. Bu da təbiidir. O baxımdan ki, əvvəla göstərilən müddətin son 3-4 ayı yaz və yay aylarına təsadüf edib ki, may ayından başlayaraq iyun-iyul ayları da daxil, ictimai iaşə xidmətlərinə tələbat istər-istəməz artır və genişlənir. Bu, həm yerli əhalinin hesabına baş verir, həm də gəlmələrin... Yəni, mövsümi amil xarakteri daşıyır. İkinci bir tərəfdən, iyun ayının 17-si və 19-u günlərində Bakı şəhərində keçirilən "Formula-1” yarışını da unutmaq lazım deyil. Bu da ictimai iaşə xidmətlərinə tələbatın genişlənməsinə müəyyən dərəcədə təsir göstərdi”.
Müsahibimiz deyir ki, dövriyyənin artmasında ən önəmli faktorlardan biri də ərəb turistlərin ölkəmizə gəlməsidir: "Və ən nəhayət, sözsüz ki, bu il ərəb turistlərin ölkəmizə gəlişlərini də nəzərə almaq lazımdır. Yay tətili ərzində və o cümlədən hələ Qurban bayramı ərzində Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi deyilir. Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 100 min nəfərə yaxın təşkil edib. Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turistin gəldiyi bildirilir. Onların hər biri burada gün ərzində azı 150-200 ABŞ dolları xərcləyirlər. Bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb. Bütün bunlar da, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində dövriyyənin sürətlənməsi və artması ilə nəticələnir”.
Qiffen paradoksu
Millət vəkili Tahir Mirkişili hesab edir ki, Azərbaycanda əhali ümumi gəlirlərinin 73 faizini istehlak xərclərinə sərf edir. Bu da dövriyyənin artmasına səbəb olur: "Bütün dünyada hazırda iqtisadi çətinliklər hiss olunmaqdadır, təbii ki, bu çətinliklər ölkəmizdən də yan keçmir. Bütün ölkələrdə, əsasən də keçmiş sosialist ölkələrində iqtisadi çətinliklər dövründə əhali daha çox istehlak xərclərini artırır. Məntiq qanunu iddia edir ki, əgər milli valyuta öz dəyərini itirirsə, idxal komponentli qiymətlər artmağa başlayır və təbii olaraq alıcılar az pul xərcləməyə başlayırlar. Ancaq bu qanuna zidd olaraq restoranların, marketlərin və xidmət obyektlərinin dövriyyəsinin artması müşahidə olunur. Buna iqtisad elmində Qiffen Paradoksu deyilir. Elmi araşdırmalara görə, iqtisadi çətinliklər zamanı insanlara daha bahalı alış-verişdən imtina edərək, əvəzində daha çox ilkin tələbat sahələrində xərcləri artırırlar. Yəni, xərclərin strukturu dəyişir”.
Həmsöhbətimizin sözlərinə görə, iqtisadi krizislər insanların gəlirlərini istehlaka yönəltməsini sürətləndirir: "Digər tərəfdən, dünyada bu gün sürətlə istehlak cəmiyyəti formalaşır. Əgər 50 il öncə insanlar gəlirlərinin yalnız 40 faizini istehlaka yönəldirdilərsə, bu gün bu rəqəm 70 faizdən yuxarıdır. Və hər zaman iqtisadi çətinliklər, iqtisadi krizislər bu prosesi sürətləndirir. Məhz bu amillərin təsiri altında dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycanda da oxşar proseslər gedir və bu da ictimai-iaşə obyektlərinin dövriyyəsini təbii olaraq artırır”.
"Liderliyi ələ alacıq”
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə düşünür ki, ölkəmizdə ictimai iaşə obyektlərində dövriyyənin artma səbəbi ənənəvi turizm ölkələrində son vaxtlar ictimai-siyasi sabitliyin pozulmasıdır. Sabiq nazirin sözlərinə görə, bu nüans Azərbaycana gələn turistlərin sayını artırıb: "Öncə onu deyək ki, yay ayları insanlar daha çox istirahətə meyilli olurlar. Bu səbəbdən də əhalinin bir hissəsi istirahət dövründə ictimai iaşə müəssisələrinin xidmətindən istifadəyə daha çox üstünlük verirlər. Yay aylarında ölkə daxilində şəhərlərdən rayonlara istirahət üçün gedənlərin sayı da bir qayda olaraq artır. Bu isə o deməkdir ki, həmin insanlar yerlərdə ictimai iaşə müəssisələrinin xidmətlərindən istifadə edirlər. İctimai iaşə müəssisələrində ticarət dövriyyəsinin artmasının bir başqa səbəbi isə ölkəyə gələn turistlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizdən çox artmasıdır. Mətbuat səhifələrində son vaxtlar Bakı şəhərində turistlərin çoxaldığının müşahidə olunmasına dair məlumatlara rast gəlinir. Bu, həqiqətən də belədir. Bu il yaxın şərq ölkələrindən ölkəmizə üz tutan turistlərin sayı bir xeyli artıb. Bunun əsas səbəblərindən biri də budur ki, ənənəvi turizm ölkələrində son vaxtlar ictimai-siyasi sabitlik kifayət qədər pozulub. İnsanlar istirahət üçün seçim edəndə daha təhlükəsiz ölkələrə üstünlük verirlər. İctimai-siyasi sabitlik və təhlükəsizlik baxımından bu gün Azərbaycan təkcə regionda deyil, bütün dünyada öncüllər sırasına daxildir”.
Müsahibimiz düşünür ki, ölkəmiz yaxın illərdə regionda turizm sahəsində də liderliyi ələ ala biləcək: "Hazırda bu istiqamətdə dövlət səviyyəsində çox önəmli addımlar atılır. Biz ölkənin Ümumi Daxili Məhsulunda turizmin payını kifayət qədər artırmağı nəzərdə tuturuq ki, bu da iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlətin müəyyən etdiyi kursa tam uyğundur. Yaxın iki il ərzində bu göstəricinin 10 faizlik bir səviyyəni ötəcəyi çox real görünür”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər