AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İctimai asayişin, qanunçuluğun keşiyində

İctimai asayişin, qanunçuluğun keşiyində

Siyasət
10 İyun 2020, 20:04 6466
Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün polis mühüm funksiya yerinə yetirir

Azərbaycan polisi icra hakimiyyətinə - Daxili İşlər Nazirliyinin strukturuna daxil olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanının hər bir əməkdaşı "Polis haqqında” Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Bir sözlə, polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq, icazə-qeydiyyat işlərini aparmaq, əməliyyat-axtarış fəaliyyətini və sairi həyata keçirməkdir. "Polis haqqında” Qanunun 7-ci Maddəsində qeyd edilir ki, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Ona görə də Azərbaycan ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. "Polis haqqında” Qanunun 8-ci Maddəsində isə bildirilib ki, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.
 


"Polis dövlətin nümayəndəsidir”

Bütün bu vəzifə və səlahiyyətlərin icrası ilə yanaşı, pandemiya dövründə polis gücləndirilmiş iş rejiminə keçməklə, əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün mühüm funksiya yerinə yetirir, əsl fədakarlıq nümayiş etdirir. Ona görə də hamı tələblərə, qoyulan qaydalara riayət etməklə asayiş keşikçilərinin işini, ümumən isə vəziyyəti gərginləşdirməməlidir. Hər bir kəs anlamalıdır ki, qaydaları pozmaq, polisə müqavimət göstərmək, qanuni tələblərdən boyun qaçırmaq, asayiş keşikçilərini təhqir etmək, onlara qarşı qanunazidd və nalayiq hərəkətlər törətmək yolverilməzdir. Bunun hüquqi məsuliyyəti var. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, tarixçi-alim Musa Qasımlı mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, polis dövlətin orqanıdır və onun qanuni tələblərinə tabe olmamaq, asayiş keşikçilərini təhqir etmək, xidməti vəzifəsini yerinə yetirən polisin başına butulka, zibil atmaq qətiyyən olmaz: "Polis dövlətin nümayəndəsidir. İnsanın evi oğurlananda, nəyisə itəndə, çətinə düşəndə polisə müraciət edir. Polis günün istisində, yağışda, qarda küçələrdə ictimai asayişi qoruyur. Polisi necə təhqir etmək olar və ona necə butulka atmaq olar? Bunu edənlər hərəkətlərinin fərqində olmalıdırlar. Birdəfəlik bilməliyik ki, bizim hamımız bu dünyada faniyik, amma millətimiz, dövlətimiz əbədidir. Bizim heç birimiz dövlətin əsaslarını sarsıda biləcək addımlar atan insanlara qarşı laqeyd olmamalıyıq. İctimai qınaq olmalıdır. Kim dövlətin onurğa sütununu təşkil edən ordu, polis, təhlükəsizlik, hüquq-mühafizə orqanlarına qarşı qanunazidd hərəkət edirsə, qanun qarşısında cavab verməlidir”.
 


"Qanun pozuntularına hüquqi qiymət verilməlidir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov da hesab edir ki, kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli, qanun pozuntusuna isə yalnız hüquqi çərçivədə qiymət verilməlidir: "Karantin dövründə həkimlərlə yanaşı, ən çətin iş polislərin idi. Polis kifayət qədər peşəkar və səbirli xidmət göstərir. Elə ən çox riskə məruz qalan da polislər olur. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə, ictimai asayişi qoruyan da Azərbaycan gəncləri - polisləri olub. Hesab edirəm ki, bütün qanun pozuntularına yalnız hüquqi qiymət verilməlidir. Misal üçün, Yasamal rayonunda gənc polisin Gülər xanıma qarşı işlətdiyi ifadələr etik davranış qaydalarına zidd idi. Hüquqi qiymət verildi. Daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olundu. Əlbəttə, bu hüquqi proses davam edir. Gülər xanım vəkillə təmin edilib, hüquqları müdafiə olunur. Onun vəkilinin sözlərinə görə, yaxın günlərdə həbslə bağlı qərardan apelyasiya şikayəti veriləcək. Bütün bunlarla yanaşı, düşünürəm ki, sonuncu 2 günlük sərt karantin dövründə, ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Hər iki tərəf nümunəvi davrandı. Düzdür, epizodik pozuntular da oldu. Nəticə odur ki, vətəndaşa münasibətdə etik davranış qaydalarını pozan polis də cəzalandı, qanunu pozan vətəndaş da. Belə hüquqi proseslər bütün hüquqi və demokratik dövlətlərdə baş verir”.
 


"Azərbaycan polisi fədakarlıq nümayiş etdirir”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev də deyib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Deputatın sözlərinə görə, Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib: "Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərdə, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu. Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar”.
 


"Asayiş keşikçilərinin fəaliyyəti əvəzsizdir”

Millət vəkili N.Həmzəyev vurğulayıb ki, Azərbaycan polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirirlər: "Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları, əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdi, yüksək peşəkarlıqla humanist mövqe sərgilədi. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə, özünü güvəndə hiss edir”.
 


"Azərbaycan başqa ölkələrə nümunə göstərilir”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova isə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, həmişə ictimai asayişi, təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi pandemiya ilə mübarizə dövründə həm də sağlamlığımızın keşiyində dayanır. Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə xüsusi karantin rejiminin tətbiqi, vətəndaşlarımızın bu qaydalara ciddi riayət etməsi və ən əsası  ölkə başçısının "birlikdə güclüyük” çağırışına uyğun həmrəylik göstərməsi öz müsbət nəticəsini verib. Onun sözlərinə görə, Azərbaycanda vəziyyət nəzarətə alınıb, sağalanların sayı virusa bulaşanların sayını üstələyib: "Azərbaycanın koronavirusla mübarizə təcrübəsi beynəlxalq aləmdə təqdir olunur və baºqa ölkələrə nümunə kimi göstərilirdi. Təəssüf ki,  xüsusi karantin rejiminin yumşaldılması bir qrup vətəndaşlarda arxayınçılıq hissi yaratdı və onlar çoxsaylı müraciətlə məhəl qoymayaraq, məsuliyyətsiz, virus yoxmuş kimi davranmağa başladılar. Nəticə göz qabağındadır. Artıq virusa yoluxma 3 rəqəmlə ifadə olur. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı və həftə sonu evdən çıxma qadağası tətbiq edildi. Qeyd etmək lazımdır ki, şənbə və bazar günlərində vətəndaşlara evdən çıxma qadağası qardaş Türkiyə Cümhuriyyətində sınaqdan çıxıb və müsbət nəticələr əldə edilib”.
 


"Qərarlara riayət etmək vətəndaşlıq borcumuzdur”

Millət vəkili qeyd edib ki, tətbiq edilmiş qaydalar bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir: "Buna görə də bu qərarlara riayət etmək vətəndaşlıq borcumuzdur. Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına deyil, bizim hamımızın sağlamlığına təhlükə gətirə bilər. Buna görə də pandemiya ilə mübarizənin əsas şərtlərindən biri, tətbiq edilmiş qaydalara qeyri-şərtsiz riayət etməkdir. Sevindirici haldır ki, vətəndaşların böyük əksəriyyəti şənbə və bazar günü qadağalarına riayət etdi. Çünki başa düşürdülər ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunması üçündür. Bununla belə, çox təəssüf ki, evdən çıxma qadağası tətbiq edildiyi günlərdə xoşagəlməz hallarla da üzləşdik. Yasamal rayonunda artıq bizə məlum olan hadisələr baş verdi. Xidməti vəzifəsini yerinə yetirən Azərbaycan polisinə qaydaları pozan bəzi vətəndaşlar tərəfindən tabesizlik, müqavimət göstərildi. Belə əməllərə yol vermək olmaz. Hamımıza məlumdur ki, Azərbaycanda ictimai-siyasi sabitlik şəraitinin təmin edilməsində, dövlətçiliyimizin hər cür cinayətkar qəsdlərdən, vətəndaşların təhlükəsiz yaşamaq hüquqlarının qorunmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının xüsusi rolu var".
 


Xalqın əxlaqına, mənəviyyatına zidd hərəkətlər

Deputat söyləyib ki, Azərbaycan polisi insanların azad, sərbəst, təhlükəsiz yaşaması üçün üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirib: "Pandemiya dövründə polislərimiz yalnız öz həyatlarını deyil, ailələrinin, övladlarının həyatını təhlükəyə atmaqdan çəkinməyərək, xalqımızın təhlükəsizliyinin, sağlamlığının keşiyində dayanıblar. Fədakar polislərimiz hər zaman olduğu kimi həftəsonu fəaliyyətlərində də yüksək həssaslıq, vətəndaşlarımıza qarşı diqqət və qayğı göstərmişlər. Bacısı vəfat edən  xanım vətəndaşımızın həmin ünvana aparılması, çörəyi olmayan vətəndaşa polislər tərəfindən çörək alınıb çatdırılması, eləcə də polislərimizin öz yeməklərini yaşlı bir qadınla bölüşməsi görüntüləri çox müsbət hallardan biridir. Gördüyümüz kimi, onlar öz vəzifə borclarını yerinə yetirməklə bərabər,  vətəndaşlara qarşı həm də bir övlad münasibəti göstərdilər. Polislərimizin bu humanist davranışlarının qarşılığında  bəzi vətəndaşların etdiyi nalayiq münasibət, qeyri-etik hərəkətlər təkcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının əxlaqına, mənəviyyatına zidd hərəkətdir. Çox təəssüf edirəm ki, polislərə qarşı belə arzuolunmaz hərəkətlərə yol verən bu cür insanları sosial şəbəkələrdə çox az adam qınadı və bu qınaq "kampaniya” xarakteri almadı. Amma bir polisin səhvi, xidməti səlahiyyətlərini aşması, kobudluğu əldə bayraq edildi və Azərbaycan polisinə qarşı əsassız qarayaxma kampaniyası başlandı. Buna heç bir əsas yoxdur. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında bərabərdir. Polis etdiyi hərəkətə görə cəzalandırıldı, işdən çıxarıldı. Polisləri təhqir edənlər də qanunauyğun cəzalanmalıdırlar. Qanunu pozan, kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Vətəndaşlarımızı  tətbiq olunan qadağalara anlayışla yanaşmağa və karantin rejimi qaydalarına əməl etməyə dəvət edirəm. Pandemiya ilə mübarizənin ilk aylarında olduğu kimi, bu çətin günlərdə də birlik nümayiş etdirməli və məsuliyyətli olmalıyıq. Virusa ancaq birlikdə qalib gələ bilərik”.

Rufik İSMAYILOV