İcra başçısı qəsəbə sakinlərinin problemlərini dinləyib
Gəncə
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri
ilə görüşüb. Görüşdə
Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri
Vəfadar Bağırov da iştirak edib. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə
şəhərinin Hacıkənd qəsəbəsi 107,7 hektar əraziyə malikdir. Sakinlərinin sayı
483 nəfər, qəsəbədə olan təsərrüfat sayı isə 116-dır.
"Açıq
mikrofon” şəraitində keçən görüşdə qəsəbə sakinləri öz problemlərini dilə gətiriblər.
Bildirilib ki, Hacıkənddə vahid su şəbəkəsi və kanalizasiya sistemi yoxdur,
burada yeni su xətləri və sanitar qovşaqların çəkilməsinə ehtiyac var. Həmçinin
qəsəbənin 5 küçə və 2 dalanının gecə işıqlanması mövcud deyil. Bununla yanaşı qəsəbədə
mağaza və ya marketin olmaması da sakinlər üçün çətinlik yaradır.
Səslənən
müraciətlər arasında işlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin
verilməsi, diabet xəstələrinin dərman preparatları ilə təminatı, sənədsiz ev və
təsərrüfatların rəsmiləşdirilməsi kimi məsələlər də yer alıb.
Gəncə
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin müvafiq
sərəncamına uyğun olaraq, hazırda Gəncənin 30-a yaxın küçəsinin asfalt örtüyü
yenilənir, həmin küçələrdə müasir gecə işıqlanması qurulur. Gəncədə icra olunan
şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində
də işlər davam etdirilir.
Qəsəbədə
olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlar verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, səslənən bəzi
problemlərinin qeydiyyata alınaraq araşdırılması üçün göstəriş verib. Dilə gətirilən
bir çox məsələlər isə yerindəcə öz həllini tapıb.
Qeyd
edək ki, məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etmək olan səyyar
görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun şəkildə mütəmadi
olaraq keçirilir.