• çərşənbə axşamı, 16 aprel, 08:05
  • Baku Bakı 14°C

İçməli su – bolluqdan yaranan israfçılıq və ya tükənmə ehtimalı

17.05.16 13:11 5578
İçməli su – bolluqdan yaranan israfçılıq və ya tükənmə ehtimalı
Yer kürəsinin beşdə dörd hissəsi, yəni 75-80 faizi sudan ibarətdir. Bu suların 97 faizi isə dəniz və okeanların payına düşür. Təbii ki, bu su hövzələri şor olduğundan içməyə yararsızdır. Beləcə, Yer kürəsində olan su ehtiyatının cəmi 3 faizi içmək üçün yararlıdır. Bu 3 faizin də 2 faizi qütbdəki buzlaqların tərkibindədir. Deməli, yerdə qalan 1 faiz su istifadə etdiyimiz şirin sudur. Bunlara isə çaylar, göllər, yeraltı sular və bulaqlar daxildir.
Azərbaycan ərazisində içməyə yararlı olan sular qeyri-bərabər paylanıb. Rəsmi məlumatlara görə, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi isə ölkə hüdudlarından kənarda formalaşır. Bununla belə, hazırda Azərbaycanda müxtəlif şirin su mənbələri mövcuddur. Bunlara Ceyranbatan su anbarını, Kür və Araz çaylarını, eləcə də Oğuz-Qəbələ-Bakı su kəmərini misal göstərmək olar. Eyni zamanda, ölkəmizi "hörümçək toru kimi hörən” digər çaylar və yeraltı sular da əsas su mənbələrimiz hesab olunur.
Lakin bütün bunlar əsas vermir ki, şirin sudan israfla istifadə edək. Çünki bu təbii ehtiyatın tükənmə ehtimalı nəinki Azərbaycanda, bütün dünyada mövcuddur. Dünya alimləri bu problemin baş verməməsi üçün müxtəlif təkliflər irəli sürür və çıxış yolları üzərində düşünürlər.
Sevindirici haldır ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda əhalinin içməli su ilə təchizatı 10-15 il əvvəllə müqayisədə xeyli dərəcədə yaxşılaşıb. İlk növbədə Kürqırağı yaşayış sahələrində Prezident İlham Əliyevin tapşırığı əsasında modul tipli sutəmizləyici sistemlərin qurulması nəticəsində demək olar ki, onlarla kəndimiz içməli su ilə tam təchiz edilib.
Su ilə davranış mədəniyyəti formalaşmalıdır
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bizimlə söhbətində bildirdi ki, əhalinin su ilə təminatı Birləşmiş Millətlər Təşkilatında əhalinin həyat səviyyəsinin ölçülməsində xüsusi meyarlardan biridir. Bu meyar həm əhalinin sağlamlığının qorunması, həm həyat səviyyəsinin yüksəkliyi, həm də ölkənin inkişaf səviyyəsinin göstəricisidir: "Azərbaycan da bu məsələyə xüsusi diqqət yetirir. Son dövrlərdə iri şəhərlərimizin əksəriyyətində su-kanalizasiya sistemi yenidən quruldu. Hansı yerlərdə ki su-kanalizasiya sistemi yoxdur, mərkəzləşdirilmiş qaydada deyil, bura inkişaf etməmiş, əksinə, geri qalmış, ekoloji və epidemioloji baxımdan təhlükəli regionlar sayılır. Bu mənada rayonlarımızda xeyli işlər görülüb. Təkcə Qəbələ rayonundan Bakıya içməli suyun gətirilməsi bütövlükdə dövlətçilik tarixində inqilabi bir hadisə oldu. Vaxtilə Hacı Zeynalabdin Tağıyev Bakıya Şollar suyu çəkdirdi. Sonra ümummilli lider Heydər Əliyev Kürdən böyük bir su şəbəkəsinin Bakıya gəlməsini təmin etdi və paytaxtdakı içməli su qıtlığı aradan qaldırıldı. Nəhayət, Prezident İlham Əliyev tərəfindən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Bakının böyük bir hissəsinin su ilə təchizatının 24 saat ərzində həyata keçirilməsini təmin etdi. Hazırda Bakının 80 faizində əhaliyə 24 saat içməli su verilir”.
Bununla belə, M.Quliyev hesab edir ki, suyun keyfiyyəti, təmizlənmə dərəcəsi, ona nəzarət, sudan səmərəli istifadə ciddi müzakirə mövzusudur: "Bu məsələ hökumətin, müvafiq qurumların diqqət mərkəzində olmalıdır. Mən deyərdim ki, biz sudan səmərəli istifadə etmirik. Lazım oldu-olmadı su kranlarını açıb buraxırıq. Hətta Bakıətrafı kəndlərdə və bağ massivlərində içməli suyu texniki su əvəzi işlədirik. Bu da təbiidir. Çünki insanın alternativ mənbəyi yoxdursa, nə etməlidr?! Ona görə də hesab edirəm ki, bağ massivlərinə içməli su ilə yanaşı, texniki su kəmərləri də çəkilməlidir. Bu suların qiymətləri də fərqli olmalıdır. Bu mənada biz həm Bakıətrafı kəndlərin yaşıllığını qoruya bilərik, həm də suya qənaət etməklə insanların içməli suya olan xərclərini azalda bilərik. Bu problemlər bizim regionlarda da var. Hesab edirəm ki, bu sahədə hələ kifayət qədər işlər görülməlidir”.
Deputat vurğuladı ki, bəzən binaların damında quraşdırılan su çənlərinin vaxtaşırı dezinfeksiyası da çox vacibdir: "Birinci növbədə dövlət qurumları əhalinin su ilə davranışı mədəniyyətini formalaşdırmalı, bu sahədə maarifləndirməni gücləndirməlidir”.
Nə qədər ki Şahdağın başında qar var, o qədər də su olacaq
Su İstehsalçıları İctimai Birliyinin rəhbəri Dövlət Məmmədov "Kaspi”yə müsahibəsində sudan səmərəli istifadə olunmadığını təsdiqləsə də, gələcəkdə su ehtiyatlarının tükənə biləcəyini ehtimal etmir: "Bu gün insanlar arasında belə bir xof var ki, gələcəkdə Azərbaycanda su qıtlığı yarana bilər. Bunu əsasən onunla əlaqələndirirlər ki, guya ölkəmizdə su ehtiyatlarının mənbəyi az miqdardadır. Yəni axan su ehtiyatı Gürcüstan və Ermənistanla müqayisədə bizdə 12-14 faiz azdır. Halbuki əhalinin təlaşa düşməsinə heç bir gərək yoxdur. Çünki ölkəmizin istənilən qədər su ehtiyatı var. Rəhmətlik Zeynalabdin Tağıyev o vaxt demişdi ki, nə qədər Şahdağın başında qar var, o qədər də su olacaq. Bundan başqa, bu gün nə Kür, nə də Araz çayı quruya bilər. Hələ yerli çayları demirəm. Eyni zamanda, bizdə yeraltı sular da var. Hələ bu günə kimi heç kim dəqiq müəyyənləşdirməyib ki, yerin altında nə qədər su ehtiyatımız var...”.
D.Məmmədov təəssüflə qeyd etdi ki, əhali içməli suyu qənaətlə işlətmir. Məsələn, bu gün bütün əkin sahələri axma üsulu ilə suvarılır. Halbuki hələ sovet hökumətinin vaxtında uzaq bir sahəyə su aparanda beton kanallardan istifadə edilirdi ki, su torpağa hopmasın. Əfsuslar olsun ki, bu gün həmin kanallar yoxdur, əksəriyyəti dağılıb sıradan çıxıb: "Bizdə texniki su barədə məsələni heç kim qaldırmır. Texniki su ağacların sulanmasında geniş istifadə oluna bilər. Bu gün Bakı şəhərində nə qədər yaşıllıq varsa, hamısı içməli su ilə suvarılır. Hövsanda su təmizlənir, oradan texniki su Xəzər dənizinə axıdılır. Amma həmin texniki suyu ağaclara vermək olar. İkinci tərəfdən, Bakıda saysız-hesabsız maşın yuma məntəqələri var. Onların hər birində içməli sudan istifadə olunur. Bu məsələni həll etməyin bircə yolu var. Məsələn, şəhərin bir neçə yerində depo kimi bir yer tikilir. Orada təxminən 100 ədəd maşın yuma sahəsi olur. Bütün maşınlar yuyulmaq üçün ancaq buraya gətirilir. Onun həyətində əmələ gələn çirkli su anbara yığılır. Sonra həmin su təmizləndikdən sonra yenidən maşın yumaq üçün istifadə edilir. Bununla suya cox ciddi şəkildə qənaət eləmək olar. Beynəlxalq təcrübədə də belədir”.
Quyu suyundan içməli su kimi istifadə etmək yolverilməzdir
Mövzunu araşdırarkən daha bir düşündürücü, eyni zamanda təhlükəli məqama da rast gəldik. Belə ki, bu gün Bakıətrafı kəndlərdə əhalinin çoxu quyu suyundan istifadə edir. Məsələ ilə yerində tanış olmaq üçün Xəzər rayonunun Binə qəsəbəsində "Atçılıq” adlanan yaşayış massivində olduq. Burada hər evin həyətində bir su quyusu var. Sakinlərin bildirdiyinə görə, onlar 6-18 metrlik quyudan çıxan sudan həm məişətdə, həm də təsərrüfatda istifadə edirlər. Ən dəhşətlisi isə budur ki, söhbətləşdiyimiz şəxslərdən heç kim həmin suyu hər hansı bir laboratoriya müayinəsinə təqdim etməyib. Əvvəlcə suyun tamına baxıblar, şor dadmadığına görə rahatlıqla içməyə başlayıblar.
Ekspertlər isə hesab edirlər ki, quyu suyundan içməli su kimi istifadə etmək yolverilməzdir. Çünki həmin quyular yoxlanılmır və ciddi xəstəlik mənbəyidir. Xüsusən də Bakı şəhərində quyu suyunu qətiyyən içmək olmaz. Ona görə ki, neftin radiasiyası, neft qalıqları, texniki su və s. hamısı yeraltı sularda bir-birinə qarışır.
Sosioloq Emin Məmmədov bildirdi ki, indi elmi nailiyyətlər, müasir texnoloji avadanlıqlar mövcuddur. Ona görə də quyu sularının tərkibi yoxlanılmalıdır və yalnız müvafiq laboratoriya rəyi olandan sonra bu suları işlətmək olar: "İnsanların çoxu bunu bilmir, çünki bilsələr, öz canlarına qəsd etməzlər. Həm də bu kəndlərdə hələ ki mərkəzləşdirilmiş qaydada su sistemi olmadığına görə insanlar çıxış yolu tapmırlar və quyu sularından istifadə məcburiyyətində qalırlar. Əslində quyu suları da təbii yeraltı ehtiyatlardır, onlardan da istifadə olunmalıdır, amma bu məsələ vaxtaşırı müvafiq qurumların nəzarətində olmalıdır”.
Əhalinin su təchizatını təmin edən "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayları hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir. Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır. Lakin bu mənbələrdən içmək üçün ayrılan sular müvafiq qurğular vasitəsilə tamamilə təmizlənir.
Qurumun verdiyi məlumata görə, ölkə ərazisində su ehtiyatlarının məhdudluğu və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Bakıətrafı kəndlərə gəldikdə isə, müvafiq dövlət proqramlarına əsasən həmin ərazilərdə mərkəzləşdirilmiş su sistemi qurulduqdan sonra sözügedən problemlər aradan qaldırılacaq. Hələlik isə quyu sularından istifadənin məsuliyyəti sakinlərin öz üzərindədir.
Xəyalə Rəis
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər