• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

“İçki içdiyimə görə anam məni kötəklədi”- Keçmişdəki mən

21.11.16 13:32 3258
“İçki içdiyimə görə anam məni kötəklədi”- Keçmişdəki mən

Deyir ki, həmişə dostları, söhbət yoldaşları özündən böyüklər olub. Buna səbəb isə böyüklərdən çox şey öyrənməyin mümkün olmasıdır. Müsahibimiz uzun illərDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olan Cahangir Qocayevdır.
Hər zaman işiylə bağlı mətbuatın suallarını cavablandıran C.Qocayev ilə bu dəfə keçmişi, uşaqlıq, gənclik illəriylə bağlı söhbət etdik.

"Hər zaman dərslərimi yaxşı oxumuşam”


Deyir ki, uşaqlığı İkinci Dünya müharibəsindən sonrakı çətin illərə təsadüf edib: "1948-ci ildə Saatlı rayon Mollavayızlı kəndində anadan olmuşam. Uşaqlıq illərim müharibədən sonrakı çətin dövrlərə təsadüf edib. Çox sıxıntılı bir dövr idi. Hamı kimi biz də çətin dolanırdıq. Amma buna baxmayaraq, bütün çətinliyə dözürdük. Üç uşaq olmuşuq. Valideynlərim təhsilsiz idi. Atam fəhləliklə evi dolandırırdı”.
Çətin bir dövrdə yaşamasına baxmayaraq, dərslərini yaxşı oxuyub: "Kənd məktəbində oxumuşam. Öz kəndimizdəki məktəb 8 illik olduğundan 9-cu sinifdən kənddən 3 km aralı olan qonşu Soltanlı kəndində orta təhsilimi davam etdirmişəm”.

"Onunla da ədəbiyyat müəllimi olmaq ağlımdan çıxdı”


Uşaqlıq illərində unutmadığı xatirə ilk dəfə spirtli içki içdiyindən anasının onu kötəkləməsi olub: "9-cu sinifdə oxuyanda bayramda qonşu oğlanlarla pul toplayıb punş alıb içdik. Anam iyindən bildi. Məni qarğı ilə möhkəmcə döydü, pəncərədən tullanıb qaçdım. O vaxt pis olsam da, indi düşünürəm ki, əcəb edib döyüb, çünki içki insanın genini dağıdır”.
Orta məktəbi yaxşı oxuyan C.Qocayev ali təhsil almağı qarşısına məqsəd qoyur və sinifdə ali təhsil alan 3 şagirddən biri olur: "Orta məktəbi qurtaranda ədəbiyyat, kimya müəllimi, hüquqşünas təhsili almaq kimi istəklərim olub. Ədəbiyyat müəllimimizin həyat yoldaşı bir dəfə mənə dedi ki, ədəbiyyat müəllimi ailə dolandıra bilmir. Onunla da ədəbiyyat müəllimi olmağı ağlımdan çıxardım. Orta məktəbi bitirəndə kimya-biologiyanı gözəl bilirdim. 1966-cı ildə sənədlərimi indiki Texniki Universitetə verdim. Yazılı imtahandan "4” aldım. Şifahidən "5” alacağımı gözləyirdim. Amma gürcüstanlı müəllim məni kəsdi. Dedi ki, sən gündüz oxuya bilməzsən, sənədlərini gecə məktəbinə ver. Həmin an az qala dəli olmaq səviyyəsinə çatmışdım. Bəhanəsi o idi. Elə halda idim ki, nə deyirdilər gülürdüm.
Sənədlərimi gecə məktəbinə vermək istədim. Bakı qeydiyyatım olmadığı üçün məni ora da götürmədilər. Əhvalım daha da korlandı. Bir gün sonra sənədlərimi küçə ticarəti ilə bağlı peşə məktəbinə verdim. Orta məktəbdə oxuduğum iki uşaqla bir yerdə qalırdım. Otaq dostlarımdan birinin müəllim qohumu biz qaldığımız evə gəlmişdi. Dedi ki, o peşə məktəbi yaxşı deyil, Razində 17 saylı peşə məktəbini məsləhət gördü. Çətinliklə sənədlərimi peşə məktəbindən geri alıb, Razindəki peşə məktəbinə neft-qaz çıxarma operatoru ixtisasına verdim və bir il orada oxudum. Amma elə bilirəm ki, iki universitet qurtarmışam. O peşə məktəbi məni bakılı elədi. Yaxşı oxuduğuma görə 45 manat tələbə təqaüdü alırdım. Sonra mədəndə işimizin qazancından 30 faizini bizə verirdilər. Məktəbi əla qiymətlərlə bitirdiyim üçün o vaxtkı Neft-Kimya İnstitutuna müsabiqədənkənar qəbul olundum. 6 il oxudum, ixtisaslı mühəndis oldum. Amma niyyətin hara, mənzilin ora. Bakıya gələndə ilk dəfə sənədlərimi Texniki Universitetin sənaye və mülki tikinti ixtisasına vermişdim, qəbul etməmişdilər. Mən də həmin müəllimin acığına həyatımı tikintiyə bağladım. Tikintinin öz ixtisasıma uyğun sahəsində çalışdım. O vaxt tək-tük seçilən adamlar təhsil alırdılar. Mənim üçün şərəfdir ki, ata-anamın təhsili olmadan bu səviyyəyə gəlib çatmışam. Bu tərcümeyi-halla indiki səviyyəyə çatmağıma şükür edirəm”.

"Mənim tələbəlik illərim olmayıb”

İkinci kursda oxuyanda ailə qurur. Tələbə olsa da, ailə dolandırmaqla bağlı çətinlik çəkmir: "Axşam oxuyurdum, peşə məktəbini bitirdiyimə görə mədəndə işlə təmin olunmuşdum. Tələbə vaxtı bütün qəzetlər məndən yazırdı. İnstitutda Əli müəllim varıydı, o, mənim qəzetdə çıxan şəkillərimi tələbələrə nümunə kimi göstərirdi. Tələbəlik illərim çox gözəl keçib. İkinci kursda oxuya-oxuya evlənmişəm. Xanımım sinif yoldaşım idi. O da birinci il qəbul olmamışdı, ikinci il indiki Azərbaycan Pedaqoji Universitetinə qəbul oldu. Tələbə olsam da, işləyirdim, ayda 156 manat maaş alırdım. Ailəmi dolandırmaqla bağlı problemim olmadı. Valideynlərimə də əziyyət vermədim. Mənim tələbəlik illərim olmayıb. Peşə məktəbində və institutda oxuyanda da ailə saxlamışam. İnstitutu qurtarana qədər iki uşağımız oldu. Məni əsgər də aparmadılar. Həmişə qayğıların altında olmuşam. Amma heç vaxt keçmişdə olanlara görə peşmançılıq çəkməmişəm”.
Bakıda təhsilini bitirəndən sonra işləmək üçün doğulduğu rayona üz tutur və burada iki yerdə çalışır: "Rayonda ixtisaslı adamlar az idi, ona görə mənim sahəmə də tələbat varıydı. 1982-ci ilə qədər rayonda işlədim. Bakıda işləmək qərarımı verməyimdən isə ailəmin xəbəri yox idi. İşə düzələndən sonra rayona gedib xəbər verdim. Mən iş məsələsində Bakıda gördüyüm ədaləti rayonda görə bilmədim. Ona görə işləmək üçün Bakıya üz tutmuşdum. Burada da bir trestdə işlədim. İşi tək aparsam da, trest başqalarına nümunə oldu. Bir müddət sonra Bakıda Normativ Tədqiqat Stansiyası açıldı. Orada da uğurlu fəaliyyətim oldu. Axırıncı iş yerim Tikinti və Arxitektura Komitəsidir. Bir müddət də Nazirlər Kabinetində şöbə müdiri kimi çalışmışam. Müstəqil dövlətimizdə tikinti kompleksini yaradan mən olmuşam. O vaxt Arxitektura Komitəsinin sədr müavinini başqa yerə göndərmişdilər. Narazılığımı dilə gətirib dedim ki, o yaxşı müavin idi, işlər necə olacaq? Baş nazirin müavini Əli Təhməzov dedi ki, arxitekturaya müavin sən gedəcəksən. Beləliklə, uzun müddət orada işlədim. Komitəmiz parçalanana qədər sədrin müavini oldum. Bölünəndən sonra şöbə müdiri oldum. Mətbuat işinə mən baxırdım. 2000-ci ildən də İdarəçilik Akademiyasında dərs dedim”.

"İnsan harada istəsə millətinə, dövlətinə xidmət edə bilər”

Artıq təqaüdə çıxsa da, vətənə xidmət etmək üçün haradasa işləməyin o qədər də vacib olmadığını deyir: "Dövlətinə, millətinə xidmət etmək üçün iş yerinin fərqi yoxdur. İnsan harada istəsə millətinə, dövlətinə xidmət edə bilər. İndi jurnalistlər mənə müraciət edirlər, müsahibələr verirəm. Arxitektura, tikinti ilə bağlı ekspert kimi bildiyimi onlara deyirəm. Çünki bu sahədə çalışmışam, ömrümün 41 ilini bu işə həsr etmişəm. Təqaüdə çıxsam da, indi də boş qalmıram. Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Binəqədi Ağsaqqallar Şurası sədrinin müaviniyəm. Eyni zamanda, Azərbaycanİnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda mühəndis işləyirəm”.
Sonda C.Qocayev gənclərə tövsiyəsini də verdi: "Deyirlər, ziyanın yarısından qayıtmaq xeyirdir. Elə ziyan var ki, onun yarısından yox, hamısından qayıtmaq lazımdır. Mən gənclərimizə milli-mənəvi dəyərlərimizə hörmət etməyi tövsiyə edirəm. Həmişə dostlarım məndən yaşca böyük olublar. Özümdən böyüklərin söhbətini çox dinləyirdim, öyrənirdim. Gənclərə məsləhətim odur ki, yaşca özlərindən böyüklərlə dostluq etsinlər”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər