• şənbə, 20 Aprel, 15:29
  • Baku Bakı 23°C

“İçərişəhərlə bağlı son hadisədə düşünülmüş cinayət əməli var”

26.04.19 18:49 2393
“İçərişəhərlə bağlı son hadisədə düşünülmüş cinayət əməli var”
YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən "İçərişəhər”in qala divarının sökülməsi və yerində iaşə obyekti tikilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmadı. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) jurnalistlərin iştirakı ilə qoruq ərazisinə mediatur təşkil etməsi, qala divarlarında zaman-zaman aparılan təmir-bərpa işləri barədə məlumat verməsi, dağıdıldığı iddia edilən qala divarının hazırkı vəziyyətini əks etdirən video süjetlərin, fotoların yayılması əsl həqiqəti gün işığına çıxardı. Bəlli oldu ki, bəzi maraqlı şəxslər olmayan bir hadisəni ictimailəşdirməklə cəmiyyətdə süni ajiotaj, narazılıq yaratmaq istəyiblər. Lakin proseslərin sonrakı gedişatı həmin şəxslərin bu istəyinin qarşısını alıb. Mövzu ilə bağlı "Kaspi”nin suallarını Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlicavablandırır.
- Müşfiq müəllim, İçərişəhər ətrafında son günlər sosial şəbəkədə aparılan müzakirələri, paylaşımları yəqin ki, izləmisiniz. Ümumilikdə gəldiyiniz qənaət nədən ibarətdir?
- Əvvəla qeyd edim ki, İçərişəhər Bakının dəyərli incisi, paytaxt şəhərimizin rəmzlərindən biri, ən əsası da tarixi-memarlıq qoruğudur. Hər bir ölkə, hər bir xalq belə bir incini, tarixi-memarlıq abidəsini qoruyub saxlayır. Azərbaycanda da bu, belədir. Konkret olaraq İçərişəhərin qala divarının guya dağıdılması, yerində iaşə obyektinin tikilməsi iddialarına gəlincə, bununla bağlı mən də "Facebook”da status yazmışdım. Fikrimcə, bu, çox gözlənilməz hadisədir. Ona görə ki, burada açıq-aşkar təxribatçılıq hiss olunur. Yəni, təxribat məqsədilə konkret şəxslər tərəfindən edilib. Özü də gizlin formada deyil, aşkar surətdə. Kimlərsə ölkədəki ictimai-siyasi sabitliyi pozmaqda, süni ajiotaj yaratmaqda maraqlıdırlar. Özü də bunu etmək üçün olduqca uyğun bir vaxt seçiblər. Ola bilsin ki, baş verənlər kimlərəsə qeyri-adi görünə bilər. Amma beynəlxalq aləmdə baş verən prosesləri, dünyadakı ictimai-siyasi vəsiyyəti izləyən, geosiyasi maraqlar barədə məlumatlı olan şəxslər hadisənin mahiyyətini dərhal duyurlar. Dünyada bunun analoqları çoxdur. "Ərəb baharı” adı altında ərəb ölkələrində törədilənlər, Türkiyədəki "Gəzi hadisələri” və sair buna əyani misaldır. Heç də təsadüfi deyil ki, İçərişəhərin qala divarının uçurulması barədə feyk məlumatın sosial şəbəkədə geniş yayılması, ardınca baş verənlər 2013-cü ildə Türkiyədəki "Gəzi parkı hadisələri”nə bənzədilir. Həmin vaxt da eyni süjet xətti var idi. Parkda inşaat şirkətinin görəcəyi işlər üzərindən sensasiya yaratdılar, şişirtdilər, əhalini iğtişaşa çağırdılar. Nəticədə proses gərgin vəziyyət aldı. Sosial şəbəkələrdə davamlı fotolar, həqiqətlə uzlaşmayan materiallar paylaşıldı və sair. "Gəzi parkı” ilə əlaqəsi olmayan, başqa ölkələrdə aparılmış çəkilişləri ictimailəşdirib yanlış rəy formalaşdırdılar, ictimaiyyətdə narazılıq abı-havası yaratmaq istədilər. İçərişəhərlə bağlı məsələdə isə Azərbaycanla əlaqəsi olan, sadəcə 2011-ci ildə qala divarının bərpası zamanı çəkilən fotonu yeni çəkilən şəkil kimi paylaşdılar, guya hazırda qala divarının dağıdılması, yerində iaşə obyektinin tikilməsi rəyini yaratdılar. Bununla ictimaiyyətdə narazılıq, etiraz yaratmağa çalışdılar. Lakin aidiyyəti qurumun açıqlamasından, jurnalistlərin hadisə yerindən hazırladıqları reportajlardan, süjetlərdən də göründü ki, İçərişəhər yerindədir, dağıdılmayıb və sensasiya yaratmaq naminə qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur. Baş verənləri təhlil etsək birmənalı olaraq qeyd edə bilərik ki, vaxtilə Türkiyədə olduğu kimi Bakıdakı son hadisənin də təxribat olduğu artıq hər kəsə aydındır.
- Bu təxribat nəyə hesablanıb?
- Azərbaycanda dünyaca məşhur Formula 1 yarışı keçirilir, ölkəyə kütləvi turist axını var, beynəlxalq ictimaiyyətin diqqəti paytaxt Bakıya yönəlib. Məhz belə bir məqamda hər bir ölkə öz potensialını, sahib olduğu dəyərləri, reallıqları beynəlxalq aləmə təqdim edir. Lakin maraqlı şəxslər belə bir zamanda Azərbaycanı neqativ formada dünyaya təqdim etməyə cəhdlər göstərdilər. Azərbaycanı dünyaya qeyri-sabit, maddi-mədəni dəyərlərə sahib çıxmayan ölkə kimi tanıtmaq istədilər. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Son təxribatdan hiss olundu ki, ölkədə sabitliyin pozulmasına, çaxnaşma salınmasına cəhdlər var. Ümumiyyətlə, bəlli şəxslər hər həftə bir mövzu tapıb gündəmə çıxarırlar və mütləq şəkildə, yeri gəldi-gəlmədi hökumətə qarşı yönəldirlər. Görünür sabitlik, insanların rahatlığı, hər şeyin sakit, öz axarı ilə getməsi həmin şəxslərə sərf etmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatlar aparılır, sosial layihələr, proqramlar həyata keçirilir. Bu addımların da başlıca məqsədi Azərbaycan vətəndaşının məmnunluğunu təmin etmək, insanların sosial-rifah halını daha da yüksəltməkdir. Bəlli qüvvələr və şəxslər tərəfindən bütün bunlar qəbul edilmir və buna qarşı yuxarıda qeyd edilən şəkildə mübarizə aparılır, müxtəlif təxribatlara əl atılır. 2011-ci ildə İçərişəhərin qala divarlarının bərpası məqsədilə görülən işləri məqsədli şəkildə 2019-cu ildə tamamilə əks formada cəmiyyətə təqdim etmək də həmin təxribatlardan biridir. Uzun illər istifadə olunmayan, tamamilə yararsız olan, lakin bərpa olunan tarixi hamam barədə yanlış məlumatın sosial şəbəkə vasitəsilə ictimailəşdirilməsi də deyilənlərə daha bir misaldır. Hər bir hadisəni tamamilə əksinə yozaraq ictimailəşdirirlər.
- Təəssüf doğuran məqamlardan biri də budur ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti paylaşılan məlumatın doğruluğunu, mənbəyini yoxlamadan, ona təqdim edilən informasiyanı öz-özlüyündə süzgəcdən keçirmədən dərhal inanır, təsir altına düşür, məqsədli şəkildə "feyk” xəbər yayan üçün vasitəyə çevrilir, yönləndirilir. Bunun qarşısını hər hansı şəkildə almaq mümkündürmü?
- 7-8 ildir bu məsələdən danışılır ki, sosial şəbəkələr barıt dolu çəllək kimidir. Bu "çəlləyi” istənilən an partlatmaq mümkündür. Son günlər yaşanan hadisələr də onu göstərir ki, bu "çəlləkdən” öz məqsədləri üçün yararlanmaq istəyən qüvvələr, şəxslər yox deyil. Belə proseslərə rəvac verənlər, bunu edənlər ictimai qınağa tuş gəlməlidirlər. İçərişəhərlə bağlı məlum "zarafatı” kim etmişdisə, həmin şəxs və ya şəxslər sosial şəbəkələrə olan etimadı tamamilə qırdılar. Onsuz da sosial şəbəkələrə inam az idi. Bütün dünyada sosial şəbəkələr etibarlı informasiya mənbəyi kimi qəbul edilmir. Dünyaca məşhur monitorinq mərkəzləri hesablamalar aparır, hesabatlar yayır, ciddi faktlar ortaya qoyurlar bu barədə. İnkişaf etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan xəbərlərin 60-70 faizi yalan – "feyk” olur. "Feyk news” məsələsi müasir dünyanı bürüyüb. Ona görə də buna qarşı ən yüksək səviyyədə tədbirlər görülür. Hətta bu ilin yanvar ayında Avropa Şurasının dünya dövlətlərinə, hökumətlərə müraciəti oldu. Həmin müraciətdə dünya dövlətlərinə bildirilirdi ki, internet, sosial şəbəkə üzərindən yayılan "feyk news”lara qarşı mübarizə ilə bağlı hər kəs öz təkliflərini, modellərini tətbiq etsin. 2018-ci ilin mart ayında da buna bənzər daha bir müraciət olmuşdu. Bundan başqa, ATƏT, Avropa Şurası uzun illərdir onlayn mediada, internetdə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması ilə əlaqədar həyəcan təbilləri çalır, belə hallara rəvac verən boşluqların aradan qaldırılması tövsiyə edilir. Düzdür, hələlik konkret model təqdim olunmayıb. Ancaq problemlə bağlı narahatlıq ifadə olunub. Yəni, artıq bütün dünya qəbul edir ki, internetdə, sosial şəbəkələrdə, onlayn mediada yalan xəbərlər məsələsi ciddi problemdir. O baxımdan, baş verənləri bəzən təbii də qarşılamaq lazımdır. İnsanlar müxtəlif olduğu kimi sosial şəbəkə istifadəçiləri də müxtəlifdir. Onların hər biri xəbər standartını, hüququ, informasiyanın mənbəyini dəqiqləşdirməyi bilən, bacaran insanlar deyil. Sosial şəbəkə hər bir fərdin öz dünyagörüşü, düşüncəsi, təhsili, biliyi səviyyəsində fikrini bölüşdüyü məkandır. Ona görə də əsas məsələ insanların səmimiyyətindən sui-istifadə edib onları yanlış yola yönəldənlərdir. Burada konkret düşünülmüş cinayət əməli var. Fikrimcə, məhz bu amil əsas tutularaq onun üzərinə gedilməli, buna yol verən konkret şəxslər tapılaraq cəzalandırılmalıdır.
- İçərişəhərlə bağlı məlum məsələnin bu qədər ictimailəşməsinə, süni ajiotaj yaratmaq üçün vasitəyə çevrilməsinə bir səbəb də aidiyyəti qurumun prosesə nisbətən gec müdaxilə etməsi oldu. Bu nöqteyi-nəzərdən, dövlət qurumlarının öz informasiya siyasətinə yenidən baxması zərurəti yaranmırmı?
- Bu da olduqca əhəmiyyətli məsələdir. Uzun illərdir bu barədə müzakirələr təşkil olunur. Əslində informasiya mühitinin azadlığı üçün bütün hüquqi-normativ aktlar, eləcə də mühit var. Təəssüf ki, bəzi hallarda problemlər mətbuat xidməti rəhbərlərindən, müvafiq qurumun informasiya verməyə məsul olan şəxslərindən qaynaqlanır. İndiyə qədər olan bəzi hallarda, o cümlədən son İçərişəhər məsələsində də bu amil özünü göstərir. Əgər "İçərişəhər” qoruğunda hər hansı iş görülürsə, təmir-bərpa işləri aparılırsa, söküntü-tikinti işləri görülürsə, idarənin informasiya yaymaq üçün məsul olan şəxsi əvvəlcədən ictimaiyyəti media vasitəsilə məlumatlandırmalıdır. "İçərişəhər” tarixi-memarlıq qoruğu olduğu üçün orada bir daş da yerindən tərpədiləndə əvvəlcədən cəmiyyətə məlumat verilməlidir. Bununla bərabər, onu da qeyd etmək istərdim ki, artıq il yarımdır ölkədəki qurumların mətbuat xidməti rəhbərlərinin yenilənməsi prosesi gedir. 2018-ci ildə təxminən 30-a yaxın qurumun mətbuat xidmətində yenilənmə oldu, dəyişiklik edildi. Həmin qurumların mətbuat xidmətinə peşəkar jurnalistlər gətirildi. Ölkədəki bütün qurumlar özünün media siyasətinə, mətbuat xidməti məsələsinə yenidən baxmalıdırlar. İçərişəhərlə əlaqəli və buna qədər olan hadisələr göstərir ki, baş verənlər yalnız müvafiq qurumların özünə deyil, ümumilikdə ölkə, o cümlədən cəmiyyət və dövlət üçün problem yaradırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər