“İçərişəhərlə bağlı son hadisədə düşünülmüş cinayət əməli var”
YUNESKO-nun Dünya Mədəni
İrsi siyahısına daxil edilən "İçərişəhər”in qala divarının sökülməsi və yerində
iaşə obyekti tikilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini
tapmadı. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ)
jurnalistlərin iştirakı ilə qoruq ərazisinə mediatur təşkil etməsi, qala
divarlarında zaman-zaman aparılan təmir-bərpa işləri barədə məlumat verməsi,
dağıdıldığı iddia edilən qala divarının hazırkı vəziyyətini əks etdirən video
süjetlərin, fotoların yayılması əsl həqiqəti gün işığına çıxardı. Bəlli oldu
ki, bəzi maraqlı şəxslər olmayan bir hadisəni ictimailəşdirməklə cəmiyyətdə
süni ajiotaj, narazılıq yaratmaq istəyiblər. Lakin proseslərin sonrakı gedişatı
həmin şəxslərin bu istəyinin qarşısını alıb. Mövzu ilə bağlı "Kaspi”nin
suallarını Azərbaycan Mətbuat Şurası
sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlicavablandırır.
-
Müşfiq müəllim, İçərişəhər ətrafında son günlər sosial şəbəkədə aparılan
müzakirələri, paylaşımları yəqin ki, izləmisiniz. Ümumilikdə gəldiyiniz qənaət
nədən ibarətdir?
- Əvvəla qeyd edim ki, İçərişəhər
Bakının dəyərli incisi, paytaxt şəhərimizin rəmzlərindən biri, ən əsası da tarixi-memarlıq
qoruğudur. Hər bir ölkə, hər bir xalq belə bir incini, tarixi-memarlıq
abidəsini qoruyub saxlayır. Azərbaycanda da bu, belədir. Konkret olaraq İçərişəhərin
qala divarının guya dağıdılması, yerində iaşə obyektinin tikilməsi iddialarına
gəlincə, bununla bağlı mən də "Facebook”da status yazmışdım. Fikrimcə, bu, çox
gözlənilməz hadisədir. Ona görə ki, burada açıq-aşkar təxribatçılıq hiss
olunur. Yəni, təxribat məqsədilə konkret şəxslər tərəfindən edilib. Özü də
gizlin formada deyil, aşkar surətdə. Kimlərsə ölkədəki ictimai-siyasi sabitliyi
pozmaqda, süni ajiotaj yaratmaqda maraqlıdırlar. Özü də bunu etmək üçün olduqca
uyğun bir vaxt seçiblər. Ola bilsin ki, baş verənlər kimlərəsə qeyri-adi görünə
bilər. Amma beynəlxalq aləmdə baş verən prosesləri, dünyadakı ictimai-siyasi
vəsiyyəti izləyən, geosiyasi maraqlar barədə məlumatlı olan şəxslər hadisənin
mahiyyətini dərhal duyurlar. Dünyada bunun analoqları çoxdur. "Ərəb baharı” adı
altında ərəb ölkələrində törədilənlər, Türkiyədəki "Gəzi hadisələri” və sair
buna əyani misaldır. Heç də təsadüfi deyil ki, İçərişəhərin qala divarının
uçurulması barədə feyk məlumatın sosial şəbəkədə geniş yayılması, ardınca baş
verənlər 2013-cü ildə Türkiyədəki "Gəzi parkı hadisələri”nə bənzədilir. Həmin
vaxt da eyni süjet xətti var idi. Parkda inşaat şirkətinin görəcəyi işlər
üzərindən sensasiya yaratdılar, şişirtdilər, əhalini iğtişaşa çağırdılar.
Nəticədə proses gərgin vəziyyət aldı. Sosial şəbəkələrdə davamlı fotolar,
həqiqətlə uzlaşmayan materiallar paylaşıldı və sair. "Gəzi parkı” ilə əlaqəsi
olmayan, başqa ölkələrdə aparılmış çəkilişləri ictimailəşdirib yanlış rəy
formalaşdırdılar, ictimaiyyətdə narazılıq abı-havası yaratmaq istədilər. İçərişəhərlə
bağlı məsələdə isə Azərbaycanla əlaqəsi olan, sadəcə 2011-ci ildə qala
divarının bərpası zamanı çəkilən fotonu yeni çəkilən şəkil kimi paylaşdılar,
guya hazırda qala divarının dağıdılması, yerində iaşə obyektinin tikilməsi
rəyini yaratdılar. Bununla ictimaiyyətdə narazılıq, etiraz yaratmağa
çalışdılar. Lakin aidiyyəti qurumun açıqlamasından, jurnalistlərin hadisə
yerindən hazırladıqları reportajlardan, süjetlərdən də göründü ki, İçərişəhər
yerindədir, dağıdılmayıb və sensasiya yaratmaq naminə qaşınmayan yerdən qan
çıxarmağa ehtiyac yoxdur. Baş verənləri təhlil etsək birmənalı olaraq qeyd edə
bilərik ki, vaxtilə Türkiyədə olduğu kimi Bakıdakı son hadisənin də təxribat
olduğu artıq hər kəsə aydındır.
-
Bu təxribat nəyə hesablanıb?
- Azərbaycanda dünyaca
məşhur Formula 1 yarışı keçirilir, ölkəyə kütləvi turist axını var, beynəlxalq
ictimaiyyətin diqqəti paytaxt Bakıya yönəlib. Məhz belə bir məqamda hər bir
ölkə öz potensialını, sahib olduğu dəyərləri, reallıqları beynəlxalq aləmə
təqdim edir. Lakin maraqlı şəxslər belə bir zamanda Azərbaycanı neqativ formada
dünyaya təqdim etməyə cəhdlər göstərdilər. Azərbaycanı dünyaya qeyri-sabit,
maddi-mədəni dəyərlərə sahib çıxmayan ölkə kimi tanıtmaq istədilər. Bununla
yanaşı, Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Son
təxribatdan hiss olundu ki, ölkədə sabitliyin pozulmasına, çaxnaşma salınmasına
cəhdlər var. Ümumiyyətlə, bəlli şəxslər hər həftə bir mövzu tapıb gündəmə
çıxarırlar və mütləq şəkildə, yeri gəldi-gəlmədi hökumətə qarşı yönəldirlər.
Görünür sabitlik, insanların rahatlığı, hər şeyin sakit, öz axarı ilə getməsi
həmin şəxslərə sərf etmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
islahatlar aparılır, sosial layihələr, proqramlar həyata keçirilir. Bu
addımların da başlıca məqsədi Azərbaycan vətəndaşının məmnunluğunu təmin etmək,
insanların sosial-rifah halını daha da yüksəltməkdir. Bəlli qüvvələr və şəxslər
tərəfindən bütün bunlar qəbul edilmir və buna qarşı yuxarıda qeyd edilən
şəkildə mübarizə aparılır, müxtəlif təxribatlara əl atılır. 2011-ci ildə
İçərişəhərin qala divarlarının bərpası məqsədilə görülən işləri məqsədli
şəkildə 2019-cu ildə tamamilə əks formada cəmiyyətə təqdim etmək də həmin
təxribatlardan biridir. Uzun illər istifadə olunmayan, tamamilə yararsız olan,
lakin bərpa olunan tarixi hamam barədə yanlış məlumatın sosial şəbəkə
vasitəsilə ictimailəşdirilməsi də deyilənlərə daha bir misaldır. Hər bir
hadisəni tamamilə əksinə yozaraq ictimailəşdirirlər.
-
Təəssüf doğuran məqamlardan biri də budur ki, sosial şəbəkə istifadəçilərinin
böyük əksəriyyəti paylaşılan məlumatın doğruluğunu, mənbəyini yoxlamadan, ona
təqdim edilən informasiyanı öz-özlüyündə süzgəcdən keçirmədən dərhal inanır,
təsir altına düşür, məqsədli şəkildə "feyk” xəbər yayan üçün vasitəyə çevrilir,
yönləndirilir. Bunun qarşısını hər hansı şəkildə almaq mümkündürmü?
- 7-8 ildir bu məsələdən
danışılır ki, sosial şəbəkələr barıt dolu çəllək kimidir. Bu "çəlləyi”
istənilən an partlatmaq mümkündür. Son günlər yaşanan hadisələr də onu göstərir
ki, bu "çəlləkdən” öz məqsədləri üçün yararlanmaq istəyən qüvvələr, şəxslər yox
deyil. Belə proseslərə rəvac verənlər, bunu edənlər ictimai qınağa tuş
gəlməlidirlər. İçərişəhərlə bağlı məlum "zarafatı” kim etmişdisə, həmin şəxs və
ya şəxslər sosial şəbəkələrə olan etimadı tamamilə qırdılar. Onsuz da sosial
şəbəkələrə inam az idi. Bütün dünyada sosial şəbəkələr etibarlı informasiya
mənbəyi kimi qəbul edilmir. Dünyaca məşhur monitorinq mərkəzləri hesablamalar
aparır, hesabatlar yayır, ciddi faktlar ortaya qoyurlar bu barədə. İnkişaf
etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan xəbərlərin 60-70 faizi yalan
– "feyk” olur. "Feyk news” məsələsi müasir dünyanı bürüyüb. Ona görə də buna
qarşı ən yüksək səviyyədə tədbirlər görülür. Hətta bu ilin yanvar ayında Avropa
Şurasının dünya dövlətlərinə, hökumətlərə müraciəti oldu. Həmin müraciətdə
dünya dövlətlərinə bildirilirdi ki, internet, sosial şəbəkə üzərindən yayılan
"feyk news”lara qarşı mübarizə ilə bağlı hər kəs öz təkliflərini, modellərini
tətbiq etsin. 2018-ci ilin mart ayında da buna bənzər daha bir müraciət
olmuşdu. Bundan başqa, ATƏT, Avropa Şurası uzun illərdir onlayn mediada,
internetdə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması ilə əlaqədar həyəcan
təbilləri çalır, belə hallara rəvac verən boşluqların aradan qaldırılması
tövsiyə edilir. Düzdür, hələlik konkret model təqdim olunmayıb. Ancaq problemlə
bağlı narahatlıq ifadə olunub. Yəni, artıq bütün dünya qəbul edir ki,
internetdə, sosial şəbəkələrdə, onlayn mediada yalan xəbərlər məsələsi ciddi
problemdir. O baxımdan, baş verənləri bəzən təbii də qarşılamaq lazımdır.
İnsanlar müxtəlif olduğu kimi sosial şəbəkə istifadəçiləri də müxtəlifdir.
Onların hər biri xəbər standartını, hüququ, informasiyanın mənbəyini
dəqiqləşdirməyi bilən, bacaran insanlar deyil. Sosial şəbəkə hər bir fərdin öz
dünyagörüşü, düşüncəsi, təhsili, biliyi səviyyəsində fikrini bölüşdüyü
məkandır. Ona görə də əsas məsələ insanların səmimiyyətindən sui-istifadə edib
onları yanlış yola yönəldənlərdir. Burada konkret düşünülmüş cinayət əməli var.
Fikrimcə, məhz bu amil əsas tutularaq onun üzərinə gedilməli, buna yol verən konkret
şəxslər tapılaraq cəzalandırılmalıdır.
-
İçərişəhərlə bağlı məlum məsələnin bu qədər ictimailəşməsinə, süni ajiotaj
yaratmaq üçün vasitəyə çevrilməsinə bir səbəb də aidiyyəti qurumun prosesə
nisbətən gec müdaxilə etməsi oldu. Bu nöqteyi-nəzərdən, dövlət qurumlarının öz
informasiya siyasətinə yenidən baxması zərurəti yaranmırmı?
- Bu da olduqca əhəmiyyətli
məsələdir. Uzun illərdir bu barədə müzakirələr təşkil olunur. Əslində informasiya
mühitinin azadlığı üçün bütün hüquqi-normativ aktlar, eləcə də mühit var.
Təəssüf ki, bəzi hallarda problemlər mətbuat xidməti rəhbərlərindən, müvafiq
qurumun informasiya verməyə məsul olan şəxslərindən qaynaqlanır. İndiyə qədər
olan bəzi hallarda, o cümlədən son İçərişəhər məsələsində də bu amil özünü
göstərir. Əgər "İçərişəhər” qoruğunda hər hansı iş görülürsə, təmir-bərpa
işləri aparılırsa, söküntü-tikinti işləri görülürsə, idarənin informasiya
yaymaq üçün məsul olan şəxsi əvvəlcədən ictimaiyyəti media vasitəsilə
məlumatlandırmalıdır. "İçərişəhər” tarixi-memarlıq qoruğu olduğu üçün orada bir
daş da yerindən tərpədiləndə əvvəlcədən cəmiyyətə məlumat verilməlidir. Bununla
bərabər, onu da qeyd etmək istərdim ki, artıq il yarımdır ölkədəki qurumların
mətbuat xidməti rəhbərlərinin yenilənməsi prosesi gedir. 2018-ci ildə təxminən
30-a yaxın qurumun mətbuat xidmətində yenilənmə oldu, dəyişiklik edildi. Həmin
qurumların mətbuat xidmətinə peşəkar jurnalistlər gətirildi. Ölkədəki bütün
qurumlar özünün media siyasətinə, mətbuat xidməti məsələsinə yenidən
baxmalıdırlar. İçərişəhərlə əlaqəli və buna qədər olan hadisələr göstərir ki,
baş verənlər yalnız müvafiq qurumların özünə deyil, ümumilikdə ölkə, o cümlədən
cəmiyyət və dövlət üçün problem yaradırlar.
Rufik
İSMAYILOV