AZE | RUS | ENG |

İçərişəhərin qədim və rəngarəng ilmələr dünyası

İçərişəhərin qədim və rəngarəng ilmələr dünyası
Avropalılar almaq, ərəblər isə şəkil çəkdirmək üçün maraq göstərirlər

Bir zamanlar evimizin divarlarını məhz nənələrimizin toxuduğu xalçalar bəzəyərdi. Bu xalçalardan çox vaxt da dekorasiya kimi istifadə edir, şəkil çəkdirərkən divardan asılan xalçanın qarşısına keçərdik. Zaman keçdi, dövr dəyişdi indi nə divardan xalça asılır, nə də evlərimizi bəzəyən o qədim kilimlər döşəməyə sərilir. Həyat müasirləşdikcə evdən köhnə əşyaları çıxaran insanlar qədim xalça-kilimlərdən də imtina etdilər.
Bizim "köhnədir” dediyimiz və bir kənara atdığımız bu xalçalar antik əşya kimi xaricilər tərəfindən alınır və dəyərli əşya kimi saxlanılır. Amma antik əşyalara maraq göstərən həmvətənlərimiz də var. Bakının ən qədim guşəsi olan İçərişəhərdə Qala qapılarından tutmuş, Qız qalasından üzü aşağı istiqamətə gedən küçənin kənarlarında qədim xalça və antik əşya mağazaları yəqin ki, hər kəsin diqqətini çəkib. Burada qədim xalçaları antik əşyalarla birlikdə satan kim, evdəki köhnə xalçasını o əşyalarla dəyişib, pula çevirən kim...
 
 

Ayaq altına salmaq üçün almırlar

Biz də bu dükanlara yaxınlaşıb xalçaların qiyməti və onlara vətəndaşların, eyni zamanda turistlərin marağını öyrənməyə
çalışdıq. Qədim xalçaların satıldığı mağazanın sahibi Zakir Qəhrəmanov deyir ki, xalçalarımıza daha çox yerli vətəndaşlarımız maraq göstərir. Avropalılar üçün isə bizim xalçalar əlçatmaz görünür: "Azərbaycan xalçası dünyada məşhurdur. Toxunan xalçalarımızın hər bir ilməsində xanımlarımızın alın təri, zəhməti var. Bizim mağazada gördüyünüz bu xalçaların hamısı əl işidir. Biz xalçaları təbii boyalarla boyayırıq. Xalçanın boyaları təbii olmalıdır ki, yuyulanda rənglər qarışmasın. Təbii boyalar isə bitkilərdən alınır. Bura soğan qabığı, palıd ağacı, nar qabığı və digər bitkilər daxildir. Sonda xalçaya vurulan kimyəvi element isə onun rənglərini bərkidir, şəffaflığını qoruyur. Təbii boyalarla toxunan xalçaları yuduqca daha çox parıldayır, rəngi gözəl görünür. Sizə onu deyim ki, mağazamızda olan qədimi xalçalarımız Azərbaycandan kənara çıxmır. Yəni bunlar bir tarixdir və biz də öz tariximizə sahib çıxmağa çalışırıq. Bir də tarixi əhəmiyyətinə görə, onların ölkədən çıxarılması qadağandır. Bu qədimi xalçaları ayaq altına salmaq üçün almırlar. Onun qədrini bilən insanlar dekorativ kimi istifadə edirlər”.
Z.Qəhrəmanov deyir ki, xalçanı tanımaq üçün bu sənətə bələd olmaq vacibdir: "Elə insanlar var ki, uzun müddət zirzəmidə saxladığı xalçanı pula çevirmək üçün gətirir, biz də qiymətləndiririk. Xalçanı tanımaq üçün ona bələd olmaq lazımdır. Buna sadəcə, göz alışmalıdır. Xalçaya baxanda onun qırmızılığından hiss edirəm ki, yaşı nə qədərdir. Bizə qədim xalça təqdim olunanda, ona baxan kimi necə toxunduğunu və hansı mərhələlərdən keçdiyini bilirəm. Belə ki, xalçanın tükü tökülüb və cırılıbsa onu bərpa edirik. Bu sahənin də öz mütəxəssisləri var və biz onlara müraciət edirik. Əgər bizə satış üçün gətirilən xalça cırılıbsa, yad element əlavə etmədən, təbii rənglərlə cırılmış hissəni bərpa edirik. Biz cırılmış hissəyə kimyəvi, yəni kənar rəng əlavə etsək, onun yamaq olduğu dərhal sezilər. Yaxşı ustanın əlindən çıxanda isə xalçanın restovrasiya olunduğu hiss olunmur. Ancaq satanda müştəriyə ki, qüsuru olub, amma restovrasiya etmişik”.
Daha bir mağaza sahibi Camal Bayramov isə deyir ki, qədim xalçalarımıza daha çox avropalılar maraq göstərir: "Xalçalarımızın qiyməti müxtəlifdir. Bizim mağazada ən ucuz xalça 30 manatdır. Belə ucuz olmasının səbəbi onun maşın vasitəsi ilə yığılmasıdır. Maşınla yığılan xalçalar daha ucuzdur, nəinki əl işləri. Bu 30 manatlıq xalçanın eynisinin əl işi 100 manatdır. Ən bahalı xalça isə 15 min dollardır. Hansı ki, bu xalçanın 70 yaşı var”.
 
 
 
C.Bayramov vətəndaşlardan köhnə xalça da aldıqlarını bildirdi. Qeyd etdi ki, çox vaxt vətəndaşlar onlara satmaq istədikləri xalçanın şəklini göstərir və onu neçəyə alacağımızı soruşurlar. Bununla xalçanın keyfiyyətini və yaşını təyin etmək mümkün olmaz. Gün ərzində 5 xalça satdıqlarını deyən müsahibim əlavə etdi ki, elə vaxtlar olur ki, günlərlə xalça sata bilmirlər: "Orta ölçüdə olan xalçaları qüsuru olmasa, 150 manata alırıq. Əgər ehtiyacı varsa, onu restovrasiya edirik, yoxdursa satırıq. Saçaqları xarabdırsa 20-30 manat verib, onu düzəltdiririk. Satanda isə 300-400 manat arası satırıq. Daimi müştərilərimiz var. Onlar davamlı olaraq bizə müraciət edirlər. Qiymətləri isə sövdələşmə əsnasında müəyyənləşdiririk”.
 
Mağaza sahibindən xalçalara güvə və digər zərərverici həşəratlardan necə qoruduqlarını da xəbər alırıq. C.Bayramov bunun qarşısını almaq üçün dərmanlardan və müxtəlif preparatlardan istifadə etdiklərini bildirdi: "6 aydan bir bu xalçaların hamısını təmizləyirik. Açıq dərmanlardan istifadə edirik və gigiyenik qaydalara çox diqqətlə yanaşırıq”.

Yundan baha olan ipək

İçərişəhər boyu xalça satılan mağazalara bir-bir daxil olub qiymətləri və keyfiyyəti ilə tanış oluruq. Ancaq bir çox mağaza sahibləri bizimlə danışmaqdan imtina edirlər. Bu barədə məlumat verməkdən nəinki çəkinir, hətta kobud cavablar verirlər: "Sizə məlumat vermək ixtiyarımız yoxdur” və yaxud "İndi müştərilərimiz gələcək sizinlə danışa bilmərik” deyərək bizimlə söhbət etməkdən çəkinirlər.
Belə olan təqdirdə, mağazalara alıcı kimi daxil olmaqdan başqa çarə qalmır. Alıcılarla satıcıların söhbətlərinə qulaq müsafirliyi edirik. Aydın olur ki, daha sıx toxunan xalçalar bahadır. Yun xalçaları ipək qədər sıx toxumaq mümkün deyil. Buna görə də hər kvadrat santimetrinə 90-100 ilmə vurulan ipək xalçalar yun xalçalardan baha satılır. Satıcılar bunların daha bahalı olduğunu deyərək qiymət məsələsində endirimə getməkdən imtina edirlər.
 
 
 
Alıcılar isə ipək xalçaları daha çox divardan asmaq üçün alırlar. Lakin imkanlı şəxslər bu xalçaları alıb yerə də sərirlər. Satıcılar bəzən "yerlibazrlıq” da edirlər.
Qubalı mazağa sahibi Məhəmməd bəy satıcıya hər bölgənin özünün məxsusi naxışları olduğunu, Quba bölgəsinin naxışının heç vaxt Qazax xalçasında əks olunmadığını vurğulayır: "Ən zəngin naxışlı xalçalar Quba xalçaçılıq məktəbinə daxil olan "Pirəbədil” və "Şahnəzərli” xalçalarıdır. "Pirəbədil” xalçaları naxışlarına görə ən zəngin xalçalardır. Kilim, sumax, zili, vərni və şəbdə kimi xovsuz xalça
növləri ərişin arğac üzərində mürəkkəb dolama nəticəsində toxunur”.

Xalça qaldıqca daha qiymətli olur?

Xalça satmaq istəyən Ülviyyə Məhərrəmova 2 saatdan artıqdır ki, gəzmədiyi xalça mağazasının qalmadığını, amma əlindəki xalçanı almaq istəyən olmadığını bildirdi: "Qonşularım dedilər ki, İçərişəhərdə qədim xalçalar alınır, mən də evin bir küncündə toz basmış xalçamızı satmağa gətirdim, ancaq ipləri çox zədə gördüyü üçün xalçanı alan olmadı. Xalça qaldıqca daha qiymətli olur deyirlər, ancaq mən bu gün onun yanlış deyim olduğunun şahidi oldum. Mən indi bu xalçanı aparıb nə edəcəyəm? Elə burda Mirmövsüm ağanın evi var, aparıb orda yerə sərərəm. Heç olmasa camaat bu müqəddəs evə girəndə ayaqlarının tozunu bu xalçada buraxarlar. Barı bir işə yarayar”.

İçərişəhərdə olan turistlərlə də söhbətləşmək imkanı əldə etdik. Bir neçə ərəb turistinə Azərbaycan xalçaları ilə bağlı sual verdik. Onlar bizim xalçalarımızdan xəbərsiz olduqlarını bildirdilər. Tərcüməçi İbrahim bəy ərəblərin xalçalarımıza yox, mətbəximizə - yeməklərimizə maraq göstərdiklərini bildirdi. Səudiyyə Ərəbistanından olan Hassan Məhəmməd deyir ki, xalçalarınız gözəl olsa da, mətbəxinizə daha çox maraq göstərirəm: "Bir neçə gündür ki, Bakıdayıq və bu, bizim Azərbaycana 2-ci gəlişimizdir. Sizin qəribə xalçalarınız var. Açığı, bu xalçaların tarixi ilə maraqlanmamışam və düzünü desəm, onlara o qədər də maraq göstərmirəm. Daha çox yeməkləriniz və restoranlar, milli mətbəxiniz bizə maraqlı gəlir. Sizin mətbəxiniz çox zəngindir və dadlı şirniləriniz var”.
 
 
 
Paytaxtımıza qonaq gələn ABŞ vətəndaş, 60 yaşlı Con Palott isə deyir ki, ilk dəfədir Azərbaycandadır və yerli xalçalarımız onun maraq dairəsindədir: "Dostum sizin xalçalarınızı çox tərifləyirdi. Hətta onun evində Azərbaycan xalçası var və bununla çox qürrələnir. Mən də qədim xalça axtarışındayam və ucuz, keyfiyyətli xalça tapsam, almağı düşünürəm. İpəkdən olan Qarabağ, Quba xalçaları diqqətimi çəkir. Dostlarım sizin Xalça Muzeyi barədə mənə çox danışıb. Burdan çıxdıqdan sonra muzeyə də baş çəkəcəyəm. İnanıram ki, orada daha çox çeşid və qədim xalçalara rast gələcəyəm. Belə xalçalarınız olduğu üçün çox şanslısınız”.
 
Satıcılar xalçalara daha çox Avropa və Amerikadan gələn turistlərin maraq göstərdiklərini deyir. İranlı və ərəb turistlər isə daha çox şəkil çəkdirməklə kifayətlənirlər. Öyrənirik ki, İçərişəhərdə ən ucuz xalçanın qiyməti 10 dollardan başlayır və 20 min dollara qədər yüksəlir. Təbii ki, qiymətlər xalçanın keyfiyyətinə və qədimliyinə görə dəyişir. Xalça mağazalarını gəzərkən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsərində Sona ananın dili ilə dediyi "İtə ataram, yada satmaram” fikrini xatırlayıram. Tarixin qədim qatlarının ilmələrdə yaşadığı bu xalçalar indi dollar, avro müqabilində yada da satılır. Bəlkə də elə belə lazımdır. Azərbaycan xalçaları dünyanın müxtəlif ölkələrində qədimliyini və gözəlliyini asıldığı divarlardan niyə bəyan etməsin ki...
 
Xəyalə Rəis
 




 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176