AZE | RUS | ENG |

İçərişəhər təzələnir… FOTOLAR

İçərişəhər təzələnir… FOTOLAR
“Qoruqdakı 200 illik tarixi olan binanın söküləcəyi planlaşdırılır”

İçərişəhərdə kommunikasiya xətlərinin tamamilə dəyişilməsi prosesi gedir. Burada qaz, elektrik, kanalizasiya, su xətləri yenisi ilə əvəz olunur. Xətlər yenilənməklə yanaşı, əvvəllər olduğu kimi evlərin üstü ilə deyil, yerin altından çəkilir. Üstəlik, açıq səma altında olan bu unikal muzeyin döşəmə örtüyü də dəyişdirilir. “Döşəmənin dəyişməsi şəhərə başqa görkəm verir” Tarixi qoruqda olarkən qızğın iş gedirdi. Demək olar bütün küçələrdə fəhlələr işləyirdi. Fəhlələrin çox ehtiyatla işləməsi diqqətimizi çəkdi. Qaz xəttini dəyişdirdiyini deyən fəhlələrdən biri bunun səbəbini tarixi məkanda olmaları ilə əlaqələndirdi: “Bizə tapşırıblar ki, işimizi ehtiyatla görək, çünki yerin altından nəsə qədimi bir şey çıxa bilər və biz onu zədələyə bilərik”. Kommunal xətlərin yenilənməsi şəhər sakinləri tərəfindən razılıqla qarşılansa da, döşəmə örtüyünün dəyişdirilməsindən narazı olanlar da var. İçərişəhər sakini Aqil də belələrindəndir: “Sağ olsunlar, evlərimizi pulsuz-parasız düzəldirlər. Amma əvvəllər çınqıldan, daşdan düzəldilmiş döşəmənin dəyişməsi İçərişəhərə başqa görkəm verir, qədim şəhəri yeni salınmış şəhər kimi göstərir”. Tələbə olduğunu deyən Elnarə isə deyir ki, döşəmələrin dəyişməsi əslində yaxşıdır: “Əvvəlki döşəmədə adam dikdaban ayaqqabıda gəzə bilmirdi. Indi isə çox rahat şəkildə gəzmək mümkündür”. İçərişəhərin bir nömrəli problemi Təmir-tikinti işləri ilə bağlı qəzetimizə danışan İçərişəhərin baş rəssamı Mir Teymur deyir ki, indiyədək sözügedən tarixi abidədə 2 dəfə kökündən təmir bərpa işləri aparılıb: “Amma heç birində kommunikasiya problemi həll edilməyib. Bu problem həmişə İşərişəhərin bir nömrəli problemi kimi qalıb. Kommunikasiya xətləri yenilənmədən aparılan bütün işlər “dodaq boyası”ndan istifadəyə bənzəyir. Bir müddət sonra boyadan əsər-əlamət qalmır, şəhər əvvəlki vəziyyətinə qayıdır. Kommunikasiya problemi İçərişəhərdə binaların ucaldılması, qala divarlarının sökülməsindən də öndə olan problemdir. Kommunal sistem hər bir şəhərin orqanizmidir. Sağlam olmaq üçün isə mütləq orqanlar sağlam olmalıdır”. Mir Teymur deyir ki, qaz, elektrik, xətlərinin tikililərin üstü ilə getməsi, kanalizasiya xətlərinin bərbad vəziyyəti, su borularının üzdə olması həm şəhərimizin görkəmini pozur, həm də təhlükə yaradır. Təsəvvür edin, hər evin üzərindən tonlarla xətt keçir. Kanalizasiya xətlərində tez-tez problemlər yaranır və ətrafa üfunət iyi yayılırdl. Qaz və işıq xətləri isə açıq havada olduğundan tez-tez yüngül partlayışlar olurdu. İndi isə bu problemlər yavaş-yavaş geridə qalır”. “Metronun fəaliyyəti dayandırılmalıdır” Baş rəssam döşəmənin panduslarla əvəz olunmasını şəhərin əvvəlki görkəminə qayıtması ilə izah etdi: “Əvvəllər İçərişəhərin 80-90 faizi pandusalardan ibarət idi, pilləkən çox az idi. Amma 1960-cı illərdə Bərpaçı Qurum adlı dövlət orqanı büdcəsinə daxil olan pulları silmək üçün hər yeri pilləkənlərlə doldurdu. Bu da sakinlərin hərəkətini çətinləşdirdi. Uşaq arabası ilə gəzən analar, fiziki məhdudiyyəti olanlar, yaşlılar üçün şəhərə çıxmaq, harasa getməkdə problemlər yarandı. Buna görə də indi İçərişəhərin əvvəlki görkəminə qayıtması, sakinlərin rahatlığı üçün hər bir iş görülür”. Mir Teymur açıq səma altındakı tarixi abidəni qorumaq üçün İçərişəhər metrosunun fəaliyyətinin dayandırılmasının vacib olduğunu dedi: “Nəinki hər gün, hətta hər an İşərişəhər Tarixi Memarlıq Qoruğu metronun verdiyi titrətmədən zədələnir. 1960-cı illərdə ermənilərin əli ilə burada metro tikildi. İndi metronun fəaliyyətini dayandırmaq və binadan ya laboratoriya, ya arxiv, ya seymoloji işlər, yaxud da anbar kimi istifadə etmək olar”. Qız Qalasında işlər uzana bilər Mir Teymur son 5 ildə ölkə prezidentinin sərəncamları ilə İçərişəhər Tarixi Memarlıq Qoruğunda bir sıra işlər gördüyünü dedi: “Prezident İlham Əliyevin sərəncamı ilə qala divarlarına yapışan tikililər təmizləndi. İqtisadiyyat Universitetinin həyətində laboratoriya adıyla qalaya bitişik tikilən ev söküldü. Filarmoniya bağı tərəfdə qala divarına bitişik evi tikərkən, divarı da deşib pəncərə açmışdılar. Həmin evi də, divara bitişik tikilən hotellər də söküldü. Qala divarlarının təmirindən sonra yeni kəhrizlər, bulaqlar, yeraltı yollar tapmışıq. Bu işlər hələ də davam edir”. Qız Qalası təmirə dayanıb Baş rəssam Qoşa Qala Divarlarının yaxınlığındakı 200 illik tarixi olan Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin binasının da söküləcəyinin planlaşdırıldığını dedi: “Bu binanın arxeoloji cəhətdən heç bir qiyməti yoxdur. Bina sökülərsə qala divarları daha gözəl, açıq görünə bilər”. Mir Teymur Qız Qalasının divarlarının bir ildən çoxdur ki, bərpa olunmasıyla bağlı məsələyə də aydınlıq gətirdi. Qeyd edək ki, qala artıq 2 gündür ki, tamaşaçıların üzünə bağlıdır. Baş rəssam bildirdi ki, həm İçərişəhər, həm də Qız Qalasında aparılan təmir, bərpa işləri hələ yaxın vaxtlarda bitməyəcək: “Təmir-bərpa işlərinin bu qədər uzanmasının səbəbi tikililərdəki tarixi incəlikləri qoruyub saxlamaq məqsədi daşıyır. Məsələn, Qız Qalasının daşlarından kiçicik bir hissə Avstriyaya göndərilir. Orada bu daşın tərkibi öyrənilir, iki aydan sonra cavab gəlir. Sonra buna uyğun bərpa işləri davam edir. Bu, göründüyü kimi asan iş deyl”. Lalə MusaqızıFOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917