• şənbə, 20 Aprel, 07:22
  • Baku Bakı 14°C

İcbari tibbi sığortanın bir addımlığında

11.05.16 10:43 1179
İcbari tibbi sığortanın bir addımlığında
Səhiyyə sahəsində əhalinin narazılıq etdiyi əsas problemlərin həlli barədə danışan mütəxəssislər tez-tez icbari tibbi sığortanın vacibliyini vurğulayırlar. Uzun illərdir ki, bu sistemin ölkəmizdə tətbiqi ilə bağlı müzakirələr getsə də, hələ də icbari tibbi sığortadan yararlana bilmirik.
Bu ilin əvvəlində Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzaladı və artıq bu sahədə işlərə başlanılıb. Bəs hazırda işlər necə gedir? Hansı ölkələrin təcrübəsindən yararlanırıq? Layihənin tətbiqi ilə bağlı hansı problemlər var?
Millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin indiyə qədər gecikdirilməsinin müəyyən səbəbləri olub: "İcbari tibbi sığortanın tətbiqinin gecikməsinin səbəbi ondan ibarət idi ki, ölkənin həm səhiyyə, həm də sığorta sistemi, o cümlədən əmək bazarı icbari tibbi sığortaya uyğunlaşdırılsın, lazım olan tələblər səviyyəsinə gəlib çıxsın”.
"Əsas narahatlıq doğuran məsələ əmək bazarındakı vəziyyətdir”
M.Quliyevin sözlərinə görə, ona görə də, qanun qəbul olunmasına baxmayaraq, məsələ ləngidi: "İndi isə ölkənin dövlət və özəl səhiyyə sektorunda maddi-texniki bazası güclü, lazımi tibbi əməliyyatları yüksək səviyyədə həyata keçirə biləcək kadr potensialına malik sistem qurulub. Sığorta sisteminin hüquqi bazasının yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, sığorta şəbəkəsinin yaranması və Azərbaycan vətəndaşlarının sığorta ilə tanışlığı və buna müsbət münasibətinin formalaşması və s. məqamlar icbari tibbi sığortanı problemsiz həyata keçirməyə imkan verir”.
M.Quliyev deyir ki, icbari tibbi sığortanın tətbiqində narahatlıq doğuran əsas məsələ əmək bazarındakı vəziyyətdir. Çünki icbari tibbi sığorta işləyən şəxslərin əmək haqqı fondundan ayırmalar hesabına formalaşacaq: "Düzdür, vəsaitin bir hissəsi dövlət büdcəsindən gələcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların və işləməyən vətəndaşların (qocalar, əlillər, uşaqlar) icbari tibbi sığrotası dövlət büdcəsindən ayırmalar hesabına gələcək. Amma işləyən kontingentin hamısının icbari tibbi sığortası əmək haqqından formalaşacaq.
Amma bu gün əmək haqqı bazarı kifayət qədər şəffaf deyil və arzu etdiyimiz səviyyədə qurulmayıb. Nədir problem? İnsanların çoxu qeyri-leqal çalışırlar. Bunlar leqallaşmalıdır. Leqal çalışanların çoxunun isə əmək haqqı bilərəkdən sahibkarlar tərəfindən müqavilədə az göstərilir. Əmək haqqının qalan hissəsini qeyri-rəsmi şəkildə verirlər. Bir sıra insanlarımız kənd təsərrüfatı sektorunda çalışırlar, ümumiyyətlə, sığorta şəbəkəsində yoxdurlar. Bunlar bizə problem yarada bilər. Düşünürəm ki, icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqi problemlərin hansı səviyyədə olduğunu göstərəcək”.
Həkimlər arasında problem
Millət vəkili icbari tibbi sığortanın ilk olaraq dövlət səhiyyə müəssisələrində tətbiqi ilə bağlı təkiflər haqqında da danışdı. Bildirdi ki, bu işə başlamaq üçün özəl və dövlət səhiyyə müəssisələrini ayırmağa ehtiyac yoxdur: "Bəzi ekspertlər söyləyirlər ki, icbari tibbi sığortanı ilk öncə dövlət, sonra özəl səhiyyə müəssisələrində tətbiq etmək lazımdır. Amma mən bunun tərəfdarı deyiləm. Biz hər ikisinə tətbiq etməli və yaxşı xidmət göstərən klinikaların hansılar olduğunu müəyyənləşdirməliyik”.
M.Quliyev deyir ki, digər bir problem isə xəstənin həkim seçimi zamanı baş qaldıra bilər. Belə ki, illərin təcrübəsini qazanan, daha çox çalışan həkimin xidmət səviyyəsi vətəndaşı qane etmirsə, icbari tibbi sığorta ilə gəlmiş vətəndaş həmin həkimi deyil, yeni, gənc həkimi seçirsə, bu zaman klinika daxilində həkimlər arasında müəyyən problemlər ola bilər: "Öz maraqlarını güdərək bu işlərə əngəl yaradan klinikalar da ola bilər. Bütün bunlar dünya təcrübəsində rast gəlinən problemlərdir. İcbari tibbi sığorta tam oturuşana qədər bu kimi problemləri önləməyə çalışmalıyıq”.
Vətəndaşların sui-istifadəsi
M.Quliyev vətəndaşların icbari tibbi sığorta sisteminin üstünlüklərindən sui-istifadəsi hallarının da ola biləcəyini dedi: "İcbari tibbi sığorta dövlət hesabına formalaşdığı üçün bəzi insanlar yeri gəldi-gəlmədi müayinəyə, müalicəyə gedə bilərlər. Yaxud digər məqam dərmanlarla bağlı ola bilər. Belə ki, bu sığortada dərmanların müəyyən hissəsi paketə daxildir. Yəni belə dərmanları pulsuz olaraq alacaqlar. Dərmanları pulsuz alıb, kiməsə vermək məqamları ola bilər. Bu da təbii ki, ekspertlər səviyyəsində araşdırılıb, detallaşdırılır. İşi həyata keçirən orqanlar bunları göz önünə alıb, bu sığortanı lazımi səviyyədə həyata keçirəcəklər”.
Millət vəkili bu sahədə maariflənmə işinin vacibliyini də vurğuladı. Bildirdi ki, mətbuatda, televiziyada, internetdə bu barədə diskussiyalar olmalı, suallar ortaya çıxdıqca həll yolları araşdırılmalı, dünya təcrübəsində olan bilgilər çatdırılmalıdır: "İnsanlarımız bu sahədə maarifləndirilməlidirlər. Onu da deyim ki, icbari tibbi sığorta heç də bütün tibbi xərcləri deyil, sadəcə, müəyyən hissəsini qarşılayacaq. Böyük xərclər isə vətəndaşların özü, ya da müvafiq dövlət qurumları tərəfindən qarşılanacaq”.
Bir neçə ölkənin təcrübəsi öyrənilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin statistika və aktuari sektorunun müdiri Tural Qulu deyir ki, icbari tibbi sığorta səhiyyənin maliyyələşdirilməsinin bir forması olub, sosial həmrəylik prinsipinə əsaslanır. Başqa sözlə, vətəndaşlar tibbi sığorta sistemində iştirak edir və müəyyən olunmuş məbləğdə icbari tibbi sığorta haqqı ödəyir. Sığorta çərçivəsində tibb müəssisələri ilə bağlanmış müqavilə əsasında müəyyən edilmiş həcmdə vətəndaşlara tibbi xidmətlərin göstərilməsinə təminat verilir. Tibb müəssisələrinə müalicə olunan xəstələrin sayına və göstərilən xidmətin keyfiyyətinə uyğun müəyyən məbləğdə vəsait verilir və həmin müəssisələr bu vəsaitdən sərbəst şəkildə daha səmərəli istifadə etmək imkanı əldə edirlər.
T.Qulu bildirdi ki, agentlik bu ilin fevral ayından fəaliyyətə başlayıb. Hazırda digər ölkələrin təcrübəsi öyrənilir və Azərbaycan üçün ən uyğun modelin işlənib hazırlanması və tətbiqi üzərində iş aparılır: "Bunun üçün mövcud informasiyaları toplayıb təhlil edirik. İcbari tibbi sığortanın ən vacib elementlərinin, o cümlədən əhatə olunacaq əhali qruplarının müəyyənləşdirilməsi, sığorta üçün təminat veriləcək xidmətlər paketinin hazırlanması üzərində işləyirik. Qeyd etmək istərdim ki, hazırda xarici ekspertlərlə əməkdaşlıq edirik. Biz hazırda bir ölkənin yox, bir neçə ölkənin təcrübəsini öyrənirik. Hansı modelin tətbiq olunacağına gəldikdə isə bunu mayın sonunda açıqlayacağıq. Bu ayın sonunda tədbirlər planı da hazır olacaq”.
Uzun illər lazımdır
T.Qulunun sözlərinə görə, mövcud səhiyyə sistemindən icbari tibbi sığorta modelinin tətbiqinə keçiddə pilot layihənin icrası nəzərdə tutulub: "Belə olduqda qarşılaşdığımız çətinlikləri daha tez aradan qaldıracağıq. Mayın sonundan sonra seçiləcək modeldən irəli gələn islahatların həyata keçirilməsi, qanunvericiliyə dəyişikliklərin edilməsi prosesinə başlanılacaq. Növbəti 6 ayda bunları intensiv şəkildə həyata keçirəcəyik ki, ilin sonuna yaxın pilot layihənin icrasına başlayaq”.
Agentliyin sektor müdiri qeyd etdi ki, layihə ilə bağlı hazırlıq işləri öz qaydasında gedir: "İcbari tibbi sığortanın tətbiqinin uzun müddət çəkməsinin səbəbi yalnız maliyyə resurslarında deyil, eyni zamanda tibb müəssisələrinin yeni sistemə uyğunlaşdırılması və əhalinin tibbi xidmətlərə münasibətdə davranışının dəyişilməsindən asılıdır. Buna mərhələli şəkildə nail ola bilərik. İcbari tibbi sığorta sistemində əhaliyə çox geniş təminat vermək üçün uzun illər lazımdır. İndiyədək heç bir ölkə bunu 1-2 il ərzində həyata keçirə bilməyib”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər